Tarix: 04-10-2021 | Saat: 11:49
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər
Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin "Smerç" raketləri ilə hücumu nəticəsində Tərtər şəhərinin sakini Sahib İsmayılovun dağılmış evinə baxıb və onun əvəzinə inşa edilən yeni evdə yaradılan şəraitlə tanış olub.
Qarabaginfo.az xəbər verir ki, Vətən müharibəsi zamanı düşmənin xain atəşi nəticəsində Tərtərdə ümumilikdə 16 mülki şəxs qətlə yetirilib, 63 nəfər yaralanıb. Müharibə zamanı, həmçinin Tərtər şəhəri də daxil olmaqla, rayonun 40 yaşayış məntəqəsinə 16 min 277 tank, top, qrad, minomyot mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə Tərtərdə 82 çoxmərtəbəli yaşayış binasına, 5949 fərdi evə, 184 sahibkarlıq və 301 qeyri-yaşayış obyektinə, 17 məktəbə, 11 uşaq bağçasına, 1 texniki peşə məktəbinə, 1 musiqi məktəbinə, 30 inzibati binaya və 20-yə yaxın mədəniyyət və səhiyyə müəssisəsinə ziyan dəyib.
Sakinləri salamlayan Prezident İlham Əliyev dedi: Əvvəlki ev haradadır?
İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov: Əvvəlki ev buradadır. Oktyabrın 26-da şəhərin mərkəzinə atılan üç “Smerç” raketindən biri buraya düşmüşdü.
Prezident İlham Əliyev: “Smerç” düşmüşdü buraya?
Müstəqim Məmmədov: Bəli, “Smerç” düşmüşdü, yan-yana olan bu iki evi dağıtmışdı. Biri də oradadır.
Prezident İlham Əliyev: Əvvəlki ev budur?
Müstəqim Məmmədov: Bəli.
Prezident İlham Əliyev: Burada yaşayıblar?
Müstəqim Məmmədov: Bəli. Kəlbəcər rayonunun Susuzluq kəndindən.
Prezident İlham Əliyev: Buraya mərmi düşəndə harada idiniz?
Sakin: Təxminən 15-20 dəqiqə əvvəl sığınacağa getmişdik.
Prezident İlham Əliyev: Ümumi 30 mindən çox mərmi düşüb, 16 mini Tərtərə.
Müstəqim Məmmədov: Bəli.
Prezident İlham Əliyev: İndi bərpa işləri necə gedir?
Müstəqim Məmmədov: Cənab Prezident, demək olar ki, 62 ev dağılmışdı. Onların 36-sı tamamilə hazırdır, təhvil verilib, 26-da isə son tamamlama işləri yaxın günlərdə başa çatacaq.
Prezident İlham Əliyev: Məndəki arayışda göstərilir ki, Tərtərdə bərpa olunan yaşayış fondunun 84 faizi artıq təmin edilib.
Müstəqim Məmmədov: Bəli, tamamilə təmin olunub.
Prezident İlham Əliyev: Yəni, bir il ərzində 84 faizi.
Müstəqim Məmmədov: 82 yaşayış binasının hamısı dam örtüyü ilə təmin olunub.
Prezident İlham Əliyev: Məktəblər necə? Burada 17 məktəb dağılıb.
Müstəqim Məmmədov: Bəli, 17 məktəb təmir olunub. Sizin Sərəncamınızla modul tipli bir məktəb tikilir, hazırdır. 5 saylı şəhər məktəbinin isə artıq layihə-smeta sənədləri hazırlanıb, yaxın günlərdə inşasına başlayacağıq.
Prezident İlham Əliyev: Sonra sahibkarlıq obyektləri?
Müstəqim Məmmədov: 184 sahibkarlıq obyekti dağılmışdı, onların da artıq hamısı təmir olunub. 301 qeyri-yaşayış sahəsi dağıdılmışdı. Möhtərəm Prezident, əmlakına dəyən ziyana görə Sizin Sərəncamınızla bütün insanlara 6 milyon 202 min manat kompensasiya ödənilib, 545 baş heyvan üçün kompensasiya ödənilib. Ümumilikdə 6 milyon 794 min 200 manat verilib. Hətta əkin sahələrinə ziyan dəyənlərə də ödənilib. Yəni, əkin sahələrində səngər qazılanlara, mərmi düşməsi nəticəsində dağılanlara. Yəni, insanların bütün təbəqələrinin hamısına kompensasiyalar ödənilib.
Prezident İlham Əliyev: Nə ilə dolanırsınız, nədir işiniz?
Sakin: Dolanışığımız tinkçiliklədir.
Müstəqim Məmmədov: Tingçilik, heyvandarlıq.
Prezident İlham Əliyev: Heyvandarlıq? Mal-qara saxlayırsınız?
Sakin: Bəli. Ürəyimiz elə Kəlbəcəri deyir, cənab Ali Baş Komandan.
Prezident İlham Əliyev: Kəlbəcər kimi gözəl yer bəlkə də dünyada yoxdur.
Sakin: Bəli.
Prezident İlham Əliyev: Gəlin, burada şəkil çəkdirək.
X X X
Xatirə şəkli çəkdirildi.
X X X
Prezident İlham Əliyev: Sağ olun.
Sakinlər: Sağ olun.
X X X
Sonra Prezident İlham Əliyev Tərtər şəhərinin mərkəzində Ermənistan silahlı birləşmələri tərəfindən rayona müxtəlif tipli reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğularından atılmış mərmilərə baxıb.
Digər xəbərlər