Tarix: 07-01-2021 | Saat: 11:26
Bölmə:Karusel / Gündəm | çapa göndər
44 günlük müharibədə tarix yazan şəhid və qazilərimizin ölkə başçısı tərəfindən medal və ordenlərlə təltif edilməsi prosesi davam edir. İndiyədək 90 minə yaxın döyüşçümüz müxtəlif medallarla təltif olunub. Amma bəziləri veteran adı, medallar və s. məsələlərlə bağlı narazılıq edir, bir çox əsgərin unudulduğunu iddia edirlər.
Qarabaginfo.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən millət vəkili Elman Nəsirov bildirib ki, heç kim unudulmayacaq, heç kəs diqqətdən kənarda qalmayacaq:
“Bu gün kimlərəsə veteran adının verilməsində və ya medallarla təltif edilməsində ləngimələr ola bilər. Əslində, bu, ləngimə deyil, normal prosesdir. Qısa vaxt ərzində 90 min döyüşçü artıq təltif olunub. Proses isə davam edir. Hamı layiq olduğu diqqəti görəcək.
Bu qələbənin əldə edilməsində, şübhəsiz ki, hər bir əsgərimizin, zabitimizin müstəsna xidməti var. Onlar sözün həqiqi mənasında tarix yazıblar. Allah şəhidlərimizi rəhmət eləsin. Heç kim yaddan çıxa bilməz. Sadəcə, işin həcmini nəzərə almaq lazımdır”.
Millət vəkili qeyd edib ki, dövlətimiz hər zaman əsgərin, qazinin və şəhid ailəsinin yanında olduğunu sübut edib:
“Dövlət öz zabitinin, əsgərinin – qələbəni təmin edən bu qüvvənin qiymətləndirilməsi istiqamətində çox ciddi addımlar atır. Əsgər, zabit və hərbçilərimizin sosial müdafiəsi ilə bağlı da paralel işlər görülür.
Sosial şəbəkələrdə bəzi hərbçilərimizin unudulduğu haqda mən də məlumatlara rast gəlirəm. Bu narahatlığı ifadə edənləri çox yaxşı anlayıram və qətiyyən onları qınamaq niyyətində deyiləm. Sadəcə, onlara demək istəyirəm ki, narahat olmasınlar. Döyüşlərdə, hərbi əməliyyatlarda iştirak edən hər bir əsgərin qeydiyyatı aparılır – harda, hansı döyüşlərdə iştirak ediblər, onlar hansı ödülləri haqq edirlər və s. Burada sadəcə gün söhbəti var. Eyni vaxtda hər kəsi təltif etmirlər. Bu, müəyyən bir prosesdir, heç kim diqqətdən kənarda qalmayacaq, bütün döyüşçülər, bütün əsgərlər təltif olunacaq və qayğı görəcək”.
Digər xəbərlər