Tarix: 08-12-2020 | Saat: 12:31
Bölmə:Karusel / Təhsil | çapa göndər
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsində yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) vəsaitindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçular və işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşların təhsil almasına, habelə əlavə təhsilinə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialının inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi üçün istifadə olunacaq.
Qarabaginfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydasl”nda əksini tapıb.
Qaydaya əsasən, Fondun vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə olunur:
- şəhid ailəsi statusu alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması;
- müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi;
- təhsil almasına, habelə əlavə təhsilinə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialının inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi;
- məişət şəraitinin yaxşılaşdırılması;
- Himayəçilik Şurasının müəyyən etdiyi digər istiqamətlər.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” fərmana əsasən, Fond aşağıdakı şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb:
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə;
- işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə. APA
Digər xəbərlər