Saytımızı qiymətləndirin


 
 

Putindən mühüm mesajlar: Dağlıq Qarabağ məsələsində yaranmış reallığı Rusiya da qəbul edir - TƏHLİL
Tarix: 30-10-2020 | Saat: 13:47
Bölmə:Karusel / Siyasət | çapa göndər

Putindən mühüm mesajlar: Dağlıq Qarabağ məsələsində yaranmış reallığı Rusiya da qəbul edir - TƏHLİL

Ermənistan ciddi şəkildə psixoloji sarsıntı və hərbi-siyasi böhran keçirməkdədir. Ona görə ki, bu dövlətin liderləri müstəqillik illərinin bütün dövrlərində erməni cəmiyyətini eyforiya və saxta yalanlar üzərində saxlamışlar. Ermənilərin guya qədim tarixə malik olması, erməni kilsəsinin həmyerliləri üzərində saxta soyqırımı iddiaları ilə birləşdirici mövqeyi, müstəqillik illərində isə güclü ordu və qalib xalq kimi saxta iddialar.

Hər zaman onun-bunun yanında olan və kiminsə himayəsi altında azərbaycanlılara son iki əsrdə “meydan oxumaq” iddialarından əl çəkməyən ermənilərin hazırda necə cəsarətsiz, necə qorxaq olduqları üzə çıxır. Tarixdə hər zaman azərbaycanlılarla təkbətək döyüşlərdə məğlub olan və köməyə “böyüklərini” çağıran erməni xalqı bilməli idi ki, tale onların üzünə XX əsrdə ilk və son dəfə gülmüşdü.

2018-ci ildə hakimiyyətə gəlişindən sonra Azərbaycana qarşı çox abırsız və təxribat xarakterli çıxışlar edən Nikol Paşinyan indi nə Şuşada yallı gedə, nə də “Qarabağ Ermənistandır və nöqtə” deyə bilir. Çünki Azərbaycan ordusu erməni hərb sistemini elə darmadağın edib ki, Nikol Paşinyan və David Tonoyan öz xalqı qarşısında hesabat verməli olacaqlar.

Hər zaman havadarlarına arxalanan Ermənistan bu dəfə də düşünürdü ki, onların etdikləri səhvi kimsə gəlib yuyacaq, nəticədə həmişəki kimi sudan quru çıxacaqlar. Lakin 1828-ci ildən dünənə qədər Rusiyanın onları qorumasına öyrəşən ermənilər bu dəfə istəklərinə nail ola bilmirlər. Ermənistanı çətin vəziyyətə salan ən önəmli faktorlardan, bəlkə də ən başlıcası Rusiyanın müharibədə tutduğu təmkinli mövqedir. Müharibə dövründə Putin, Makron və digərlərinə yalvar-yaxar edən Paşinyan bilməli idi ki, 2 il ərzində Azərbaycana qarşı apardığı provokativ siyasətə və çıxışlara görə cavab verməli olacaq. O, eyni zamanda bilməli idi ki, Putin Qərbə satılmış Qorbaçov və Yeltsindən fərqli olaraq Qərbdəki müxtəlif strateqlərin ermənilər vasitəsilə Rusiyaya qarşı növbəti “tələ” planlarından xəbərdardır.

Bu kontekstdə, son zamanlar Ermənistandakı siyasətçilərin və Rusiyadakı erməni diasporunun Moskvanın Azərbaycanla müharibə etməsinin zəruriliyi haqqında çıxışları gülünc və absurd görünməkdədir. Ermənistan müharibənin ilk günlərindən başlayaraq Qarabağda Türkiyə və terrorçuların mövcudluğunu qabartmaqla Rusiyanı müharibəyə cəlb etmək, nəticədə, onların yerinə Rusiya ordusunun döyüşlərdə iştirakını təmin etmək niyyəti güdür. Rusiyanın müharibənin ilk günlərdən başlayaraq Ermənistana külli-miqdarda silahlar ötürməsi və faktiki olaraq, müharibənin dayandırılmasına israr edərək Ermənistanı darmadağından xilas etməsi faktorunu kənara qoysaq, hərbi müdaxilə məsələsində təmkin nümayiş etdirən Kreml əslində öz dövlət maraqlarını qoruyaraq Paşinyanı cəzalandırmış olur.

Dünən də Rusiya prezidenti Vladimir Putin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı  çox vacib və maraqlı açıqlama verib. Putin bildirib ki, “Dağlıq Qarabağ özü və Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu Ermənistanın nəzarəti altına keçib”.

O bildirib ki, “Azərbaycan nə deyir? Onu deyir ki, hər halda Azərbaycanın heç bir etnik münaqişəyə və Ermənistana aidiyyəti olmayan əzəli torpağı olan yeddi rayonu qaytarmaq və Dağlıq Qarabağla məsələni ayırd etmək hüququ var”. Bu açıqlamada Putin bəyan edir ki, Azərbaycanın istəyi öz ərazi bütövlüyünün bərpasıdır və biz məsələlərə müdaxilə edə bilmərik.

Çıxışda Ermənistanın ümidlərini boşa çıxaran növbəti sözlər isə bunlardır: “Hər kəsin öz həqiqəti var. Burda sadə həllər yoxdur. Çünki düyün çox mürəkkəb bağlanıb. Bizim mövqeyimiz tamamilə aydındır. Ermənistanla da qarşılıqlı əlaqəli şəkildə Dağlıq Qarabağın təhlükəsizliyinin təmin olunması üçün müəyyən rejim tətbiq olunması şərti ilə əvvəl 5, sonra 2 rayonun Azərbaycan qaytarılmasının mümkünlüyünü deyirik”.

Fikir verin. Putin Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı bir neçə gün əvvəlki sözlərini təkrarlayır. Rusiya lideri əvvəl 5, sonra 2 rayonun Azərbaycana qaytarılmasından sonrakı mərhələdə Dağlıq Qarabağın təhlükəsizliyinin təmin olunması üçün müəyyən rejimin tətbiq olunmasından danışır. Beləliklə, Rusiya Prezidenti Dağlıq Qarabağın gələcəyi haqqında danışarkən qondarma rejimin müstəqillik istəklərini rədd edir, hətta Dağlıq Qarabağda referendumun keçirilməsi məsələsinə belə toxunmur.

Bu isə, o deməkdir ki, Rusiya müharibədə status-kvonun dağılması reallığını başa düşərək mövcud reallığı inkar edə bilmir. Vəziyyətin dəyişdiyi vaxtda Rusiya üçün əsas məqsəd hazırda bölgəyə üçüncü dövlətlərin müdaxiləsinə yol verməyərək Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məsələsində təmkin nümayiş etdirməkdir. Yəni, Moskva Dağlıq Qarabağdakı ermənilərin yalnız və yalnız Azərbaycan sərhədləri çərçivəsində yaşamaları faktını qəbul etmiş olur.

Bu o deməkdir ki, Rusiya Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə əlaqədar yaranmış yeni reallığı nəzərə alır və artıq status-kvonun olmaması, təmas xəttinin aradan qaldırılması reallığı hamı tərəfindən qəbul edilir.

Diqqətdən qaçmamalıdır ki, Rusiya Prezidentinin ərazilərin qaytarılması ilə bağlı səsləndirdiyi "5+2 formatı" əvvəllər Rusiya Xarici İşlər naziri Sergey Lavrovun tərəflərə təqdim etdiyi planda əksini tapmışdı. Azərbaycan bu planın böyük bir qismini artıq özü təmin edib.

O ki qaldı Türkiyə məsələsinə, Putin bu məsələdə də Rusiya elitasındakı bir çoxundan fərqli olaraq soyuqqanlılıq nümayiş etdirir. Çünki reallıq ondan ibarətdir ki, artıq Türkiyənin Cənubi Qafqazda mövcudluğu faktoru ilə barışmaq lazımdır. Putin bildirib: “Qarabağla bağlı danışıqlarda Türkiyə də daxil olmaqla, bir çox ölkə yer almalıdır”. 

Bütün bunlar onu göstərir ki, Ermənistanın digər ölkələri üçüncü tərəf kimi münaqişəyə cəlb etmək cəhdləri tam iflasa uğrayıb və dünyanın beynəlxalq hüquqla hesablaşmaqdan başqa yolu yoxdur. Azərbaycan Prezidentinin apardığı düşünülmüş, strateji siyasət nəticəsində Ermənistanın bütün planları ifşa olunmaqdadır.

Beləliklə, bölgədə Azərbaycan tərəfindən 1818-2020-ci ilə qədər mövcud olan geosiyasi konfiqurasiya dağıdılıb. İndi regionda başqa reallıq var. Cənubi Qafqazın qonşuluğunda olan dövlətlər gələcək mehriban qonşuluq və inkişaf üçün mövcud olan bu reallığı qəbul etməkdədir. APA

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov



Xəbəri paylaş

421 dəfə oxunub.

Digər xəbərlər