Saytımızı qiymətləndirin


 
 

Xocalı soyqırımı təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsidir - Anar Məmmədov
Tarix: 24-02-2022 | Saat: 13:37
Bölmə:Karusel / Siyasət | çapa göndər

Xocalı soyqırımı təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsidir – Anar Məmmədov

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan Respublikasının Qarabağ bölgəsindəki Xocalı şəhərində törədilmiş soyqırımı aktının 30 ili tamam olur. Xocalı Azərbaycan xalqı üçün qəddarlıq və cəzasızlıq rəmzinə çevrilmişdir.Xocalı soyqırımı Ermənistan Respublikasının Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir.

Qarabaginfo.az-ın xəbərinə görə, bu fikirləri Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Bundan əvvəl Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin, eləcə də Xocalı faciəsindən təqribən ay yarım sonra Kəlbəcər rayonunun Ağdaban kəndinin işğalı zamanı həmin yaşayış məntəqələri əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilmişdir. Təkcə bunu qeyd etmək kifayətdir ki, Qaradağlı kəndində 80 nəfərdən çox, Ağdaban kəndində 67 nəfər dinc azərbaycanlı, o cümlədən uşaqlar, qadınlar və qocalar işgəncə verilərək qəddarcasına öldürülmüş, onlarca adam girov götürülmüş, itkin düşmüş, kəndlər isə yandırılaraq yer üzündən silinmişdir.​
Xocalı şəhərində əhalinin vəhşicəsinə kütləvi qırğını Qarabağ bölgəsinin işğalı üçün həyata keçirilən hərbi təcavüz zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq və onun mübarizə əzmini qırmaq niyyəti ilə törədilmişdir.
XX əsrin sonunda bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsidir. 30 il bundan əvvəl – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən sovet ordusundan qalmış 366-cı motoatıcı alayın hərbçiləri və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Qətliam zamanı beynəlxalq hüquq normaları kobud formada pozularaq girovlar əzizlərinin gözü qarşısında güllələndi, insanların başlarının dərisi soyuldu, müxtəlif əzaları kəsildi, körpələrin və yaşlıların gözləri çıxarıldı, diri-diri torpağa basdırıldı. Əsir götürülmüş azərbaycanlı özünümüdafiə dəstəsinin döyüşçüləri erməni qəbirləri üzərində “qurban” kəsildi, alçaldıldı və təhqir edildilər. Girov götürülmüş əsirlərə qarşı da ən qəddar işgəncələr verildi.
Azərbaycanın qədim Xocalı şəhərində həyata keçirilən bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürüldü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. 8 ailə tamamilə məhv edilmişdi. Bundan əlavə, 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi indiyə kimi naməlumdur. Bu soyqırımı zamanı mülki insanlar, o cümlədən qadınlar və uşaqlar xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə dəlik-deşik edilmişdi. Xəsarət alanlardan 487 nəfəri şikəst olub ki, onlardan 76 nəfəri azyaşlıdır.
Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəldiyini sübut edir. Belə ki, ermənilər tərəfindən törədilən bu soyqırımı aktı 1949-cu il Cenevrə konvensiyaları, soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldılan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, uşaq hüquqları haqqında Konvensiya və insan hüquqlarının və azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
Xocalı soyqırımı kimi dəhşətli cinayətlər cəzasız qalmamalıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin azərbaycanlıların soyqırımının dünyada tanıdılmasına yönəlmiş tədbirlər həyata keçirməsi hər bir soydaşımız üçün nümunə olmalıdır. Hər bir azərbaycanlı, xüsusən də Azərbaycanın hüdudlarından kənarda yaşayan hər bir soydaşımız insanlığa qarşı cinayət hesab olunan Xocalı soyqırımı, eləcə də erməni faşistlərinin xalqımızın başına gətirdikləri digər vəhşiliklər barədə dünya ictimaiyyətini məlumatlandırmalıdır.



Xəbəri paylaş

341 dəfə oxunub.

Digər xəbərlər