Tarix: 13-09-2024 | Saat: 15:48
Bölmə:Karusel / Region | çapa göndər
Hava nəqliyyatı yüksək hərəkət sürəti baxımından əlverişli nəqliyyat növüdür.
Bu xidmətdən istifadə edən sərnişin vaxtına qənaət edir, rahat və yüksək mədəni xidmətdən yararlanır.
Bunun üçünsə müvafiq infrastrukturun - yerli və beynəlxalq hava limanlarının olması başlıca şərtdir.
Yerli aeroportlar bir ölkə daxilində uçuşlara və ya reyslərə xidmət edir.
Belə aeroportlarda uçuş-enmə zolaqları qısa olur və ona görə də bu aeroportlar qısa və orta uzaqlıqda uçuşları həyata keçirə bilən kiçik təyyarələri qəbul edib və yola salmaq imkanına malik olurlar.
Beynəlxalq aeroportlar isə xarici dövlətlərdən uçub gələn təyyarələri qəbul edib yola salmaqla, onlara lazımi səviyyədə xidmət göstərə bilirlər. Onların enmə - qalxma zolaqları 3000 m-dən uzun olur və qitələrarası uçuşları həyata keçirə bilən təyyarələri qəbul edə bilirlər.
Bu baxımdan Azərbaycanın infrastrukturu hansı vəziyyətdədir?
Əvvəlcə, ölkəmizdə mövcud olan aeroportlarla tanış olaq.
Təbii ki, bu mövzuda söhbət açılanda ilk növbədə Bakı Beynəlxalq Hava Limanı yada düşür.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı Bakı şəhərindən 20 km məsafədə - Binə qəsəbəsində yerləşir. Cənubi Qafqazın ən böyük və ən işlək hava limanıdır.
Bakı Beynəlxalq Aeroportu 10 mart 2004-cü ildə Ümummilli Lider Heydər Əliyevin şərəfinə Heydər Əliyev adına Beynəlxalq Hava Limanı adlandırılıb.
Limanın ümumi sərnişin ötürmə qabiliyyəti ildə 9 milyon nəfərdir.
Buradan gündə 15 mindən çox sərnişin keçir və 130-dan artıq reys yerinə yetirilir.
2023-cü ildə hava limanı 5,8 milyon sərnişinə xidmət göstərib ki, bu da qlobal aviasiya üçün rekord il hesab edilən 2019-cu ilin nəticələrini 23,5% ötüb.
İldən-ilə Heydər Əliyev Beynəlxalq Aeroportunun tranzit qovşağı kimi rolu da artmaqdadır. 2023-cü ildə tranzit sərnişinlərin sayı 142 % artaraq 162 min nəfərə çatıb.
Gəncə Hava Limanı
Hava limanı Gəncə şəhərinin mərkəzindən 7 km məsafədə yerləşir.
1 terminalı olan limanda gündə 10-dək uçuş həyata keçirilir və təxminən 1000-dək sərnişin gün ərzində limandan istifadə edir.
Hava limanı mülki aviasiya məqsədləri üçün istifadə olunur.
Hava limanında müxtəlif aviaşirkətlərə xidmət göstərən bir uçuş-enmə zolağı var. Hazırda fəaliyyətdədir.
Naxçıvan Hava Limanı
Hava limanı Naxçıvanda yerləşir.
Burada 2 uçuş-enmə zolağı var.
2 terminala malik limanda gündəlik uçuş sayı 10-dan azdır və 3000-dək sərnişinə xidmət göstərilir.
Hazırda fəaliyyətdədir.
Qəbələ Beynəlxalq Hava Limanı
Hava limanı Azərbaycanın Qəbələ rayonunda yerləşir.
1 terminala malik limanda gündəlik uçuş sayı 20-dək, sərnişin sayı isə 10 min nəfər nəzərdə tutulub.
Hazırda uçuşlar həyata keçirilmir.
Lənkəran Beynəlxalq Hava Limanı
Hava limanı Azərbaycanın cənub-şərqində - Lənkəran şəhərində yerləşir.
Hava limanı yerli və beynəlxalq aviaşirkətlərə xidmət göstərən tək uçuş-enmə zolağına malikdir.
1 terminala malik limanda gündəlik uçuş sayı 20-dən az, sərnişin sayı isə 5000 nəfər nəzərdə tutulub.
Zaqatala Beynəlxalq Hava Limanı
Zaqatala Beynəlxalq Hava Limanı Zaqatala şəhərində yerləşir.
Limanın təyyarə vağzalı kompleksi və uçuş-enmə zolağı 2008-ci ildə yenidən qurulub və bir il sonra limana beynəlxalq status verililb.
Limanda heç bir beynəlxalq uçuş olmayıb, daxili uçuşlar 2010-cu ildən dayandırılıb.
Yevlax Hava limanı
Limanın tikintisi 1978-1980-ci illərə təsadüf edir.
Yevlax aeroportu Sovet dövründə fəaliyyət göstərsə də, o vaxt uçuş-enmə zolağı o qədər böyük deyildi, ancaq kiçik təyyarələri qəbul edə bilərdi.
Hava limanının texniki-iqtisadi göstəriciləri barədə məlumat verilərkən diqqətə çatdırıldı ki, yenidənqurma işləri nəticəsində 2520 metr uzunluğunda, 40 metr enində, ümumi sahəsi 105 min kvadratmetr olan asfalt-beton örtüklü yeni uçuş-enmə zolağı salınıb.
Hazırda uçuşlar həyata kerçirilmir.
Balakən Hava limanı
Balakən Aviasiya Mərkəzi əvvəllər başqa adla fəaliyyət göstərib. Mərkəzin yerləşdiyi ərazidə 1983-cü ilədək aeroport olub.
Balakən-Bakı təyyarə reysi sərnişinlərə xidmət göstərib.
1985-ci ildə isə Balakən aeroportunun yerində 1924-cü ildən fəaliyyətə başlamış Bakı aeroklubunun əlavə bazası kimi Aviasiya İdman Klubu yaradılıb.
Hazırda liman fəaliyyət göstərmir.
Naftalan Hava Limanı
Naftalan şəhərində yerləşən hava limanı 1977-ci ildə istismara verilib.
Limanın uçuş-enmə zolağının uzunluğu 1370 metr, eni isə 35 metrdir.
1997-ci ildə liman fəaliyyətini dayandırıb.
Şəki Hava Limanı
Şəki şəhərində yerləşən liman 1932-ci ildə fəaliyyətə başlayıb.
132 hektar sahəni əhatə edir və 4 təyyarəni eyni vaxtda qəbul etmək imkanı var.
Aeroportun uçuş-enmə zolağı 1600 metrdir.
Aeroport 1997-cildən fəaliyyət göstərmir.
İlkin araşdırmalara əsasən, sərnişin və yük təyyarələri üçün hava əlaqələrinin bərpa edilməsi məqsədilə Şəki Hava limanının uçuş-enmə zolağının ölçülərinin 3000x45 metrə çatdırılması üçün tikinti quraşdırma işlərinin yerinə yetirilməsi tələb olunur.
Xocalı hava limanı
Xocalı rayonunda Xankəndi şəhərindən 10 kilometr şimal-şərqdə, mürəkkəb relyefli ərazidə yerləşən Xocalı Hava Limanı 1974-cü ildə istismara verilib.
2020-ci ildə Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatı - Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Xocalı Hava Limanına UBES indeksi verməklə onun Azərbaycana məxsus olduğunu təsdiqləyib.
Hazırda hava limanında 2170 metr uzunluğunda və 45 metr enində bir uçuş-enmə zolağı, iki sürmə yolu, bir perron və bir terminal mövcuddur.
Xocalı Hava Limanının infrastrukturunun inkişaf etdirilməsi məqsədilə bir sıra təkmilləşdirmə işlərinin aparılması nəzərdə tutulub.
Belə ki, mövcud uçuş-enmə zolağının uzunluğu 3000 metrədək, eni isə 60 metrədək genişləndiriləcək.
Görüləcək bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçiriləcək, hava limanı ən müasir səviyyəyə çatdırılacaq.
Füzuli Beynəlxalq Hava Limanı
İşğaldan azad edilmiş ərazilərdə inşa edilmiş ilk hava limanıdır.
Torpaqlarımız işğaldan azad edildikdən cəmi bir il sonra istifadəyə verilən liman beynəlxalq status və IATA kodu (FZL) alıb.
Füzuli aeroportu dünyada ən sürətlə tikilən hava limanlarından biri kimi tarixə düşüb.
2021-ci ilin sentyabr ayında hava limanına ilk sınaq uçuşu həyata keçirilib.
Zəngilan Beynəlxalq Hava Limanı
İşğaldan azad edilmiş ərazilərdə ikinci hava limanı Zəngilandə inşa edillib.
2021-ci il aprelin 26-da Prezident İlham Əliyev tərəfindən hava limanını təməli qoyulub və onun tikintisinə başlanılıb və 2022-ci ilin oktyabr ayında istismara verilib.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyas tərəfindən limana beynəlxalq kod - ZZE - təyin edilib.
Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir.
Liman Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.
Laçın Beynəlxalq Hava Limanı
Laçın Beynəlxalq Hava Limanı işğaldan azad edilmiş ərazilərdə inşa edilən 3-cü hava limanıdır.
Laçın rayonu Ovçu kəndi ərazisində inşa edilən liman Laçın şəhərindən 30 km, Kəlbəcər şəhərindən 60 km, Şuşa şəhərindən 70 km məsafədə yerləşir.
Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5000 kvadratmetrdir və saatda 200 sərnişinə xidmət edə biləcək.
Həm yük, həm də sərnişin təyyaralərini qəbul edə biləcək hava limanı sayəsində Laçın-Kəlbəcər bölgəsi beynəlxalq nəqliyyat-logistika imkanları əldə edəcək.
Bununla da - işğaldan azad olunmuş ərazilərdə üç beynəlxalq hava limanı tikməklə Azərbaycan ölkə üzrə beynəlxalq hava limanlarının sayını doqquza çatdırmış olur.
Müqayisə üçün bildirək ki, qonşu Gürcüstanda 6 aeroport, Ermənistanda isə 2 liman faəliyyət göstərir. Hava nəqliyyatı infrastrukturu baxımından Azərbaycan bölgədə liderliyini qoruyur.
Ölkəmizdə mövcud olan hava limanlarının fəaliyyəıti ilə bağlı Qarabaqinfo.az-n sorğusuna "Azərbaycan Hava Yolları" QSC aydınlıq gətirib.
Qurumdan bildirilib ki, Azərbaycanın müxtəlif hava limanları sərnişinlərə geniş seçim imkanları təqdim edərək, onların komfortlu və əlverişli səyahətlərini təmin etmək üçün fəaliyyət göstərir. Hazırda sərnişin daşıma xidmətləri göstərən əsas regional hava limanları aşağıdakılardır:
- Füzuli Beynəlxalq Hava Limanı: Bakı-Füzuli istiqamətində AZAL reysləri mövcuddur.
- Naxçıvan Beynəlxalq Hava Limanı:
- İstanbul: "Turkish Airlines"
- Bakı: AZAL
- Moskva: "Utair"
- Gəncə Beynəlxalq Hava Limanı:
- Moskva: AZAL, "Utair", "IrAero", "Ural Airlines", "Aeroflot"
- Sankt-Peterburq: AZAL
- İstanbul: "Pegasus Airlines"
- Mineralnıye Vodı: "Azimut"
- Lənkəran Beynəlxalq Hava Limanı:
- Moskva: "IrAero", "Utair"
“Bu hava limanları vasitəsilə sərnişinlər Moskva, İstanbul və Sankt-Peterburq kimi əsas beynəlxalq mərkəzlərə asanlıqla səyahət edə bilərlər. Həmçinin, digər regional hava limanlarının gələcək fəaliyyəti ilə bağlı planlar mövcuddur və xarici aviaşirkətlərin cəlb olunması üçün işlər davam etdirilir.
Azərbaycanın əsas hava qapısı olan Heydər Əliyev Beynəlxalq Aeroportu isə dünyanın 80-dən çox istiqamətinə təxminən 40 aviaşirkətlə uçuşlar həyata keçirir.
Bu, sərnişinlərə geniş seçim imkanı yaratmaqla yanaşı, onların səyahət təcrübəsini daha rahat və əlverişli edir”.
Azərbaycanın hava nəqliyyatında sərnişindaşımanın vəziyyətinə nəzər salsaq görərik ki, 2023-cü ildə 2 milyon 912 min nəfər hava nəqliyyatından istifadə edib.
Bunun 2 milyon 185 min nəfəri beynəlxalq reyslərlə uçub.
Daxili reyslərdən cəmi 727 min nəfər istifadə edib ki, bu da ümumi sərnişin daşınmasının 25 faizini təşkil edir.
Son 20 ildə hava nəqliyyatı ilə sərnişindaşıma 3,4 dəfə artıb.
Beynəlxalq reyslər üzrə artım 5,1 dəfə, daxili reyslərdə 65,6 faiz olub.
Müstəqillik illərində yerli uçuşların statistikasına nəzər salanda aydın olur ki, müxtəlif illərdə sərnişin sayı 400-600 min arasında dəyişib.
Yalnız 2009 və 2010-cu illərdə daxili reyslərlə sərnişinlərin sayı 200 min nəfərtə düşüb
2020-ci ildə isə pandemiya ilə əlaqədar daxili 167 min sərnişin daxili uçuşlardan istifadə edib.
2023-cü ildə sərnişin hava nəqliyyatı ilə sərnişin daşınmasından daşımalardan 1 milyard 473 milyon manat gəlir əldə edilib.
Gəlirlərin 96,3 faizi və ya 1 milyard 419 milyon manatı beynəlxalq, 3,7 faizi və ya 54,6 milyon manatı daxili uçuşların payına düşüb.
2013-cü illərlə müqayisədə uçuşlardan əldə olunan gəlirlər 7 dəfəyədək artıb.
Ötən il daxili reyslərdə bir sərnişindən əldə olunan gəlir təxminən 75 manat təşkil edib.
Ölkədaxili reyslərdən istifadənin zəif olması müxtəlf amillərlə əlaqələndirilir
Əvvəla Azərbaycan ərazisində şəhərlərlər arasında məsafə o qədər qısadır.
Respublikanın istənilən bir bölgəsinə avtomobillə bir neçə saata çatmaq olur.
Məsələn Gəncəyə və ya Qəbələyə maşınla 3-4 saata çatmaq olur.
Düzdür, həmin şəhərlərə uçuş müddəti qısa olsa da nəzərə almaq lazımdır ki, hava limanlarında ən azı 1 saat əvvəl olmalısan.
Hava limanları şəhərdən kənarda yerləşir və ora getmək əlavə vaxt və xərc tələb edir.
Təyyarələrin qalxması-enməsi, təyyarədən düşərkən mənzil başına çatmaq üçün əlavə nəqliyyatdan istifadəni də nəzərə alanda gediş müddəti təxminən avtomobillə eyni olur.
Bu baxımdan hələ ki, hava nəqliyyatı avtomobil və dəmir yolu ilə rəqabət apara bilmir.
Digər xəbərlər