Saytımızı qiymətləndirin


 
 

Konstitusiya Məhkəməsi seçkilərə bu tarixdə NÖQTƏ QOYACAQ
Tarix: 07-09-2024 | Saat: 11:32
Bölmə:Karusel / Gündəm | çapa göndər

Konstitusiya Məhkəməsi seçkilərə bu tarixdə NÖQTƏ QOYACAQ

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Budəfəki seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə apardı. İlkin nəticələrə uyğun olaraq dairələr üzrə lider namizədlər müəyyənləşib. Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 22-dək dairələr üzrə nəticələri təsdiqləməli və baxılması üçün Konstitusiya Məhkəməsinə göndərməlidir. Yekun nəticələrə Konstitusiya Məhkəməsi nöqtə qoyacaq. İndi hər kəs yekun nəticələri gözləyir.
Bəs Konstitusiya Məhkəməsi seçkilərə nə vaxt nöqtə qoyacaq?

Qarabaqinfo.aZ-ın məlumatına görə,  Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq, seçkilərin yekunlarını Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.

Bunun üçün Mərkəzi Seçki Komissiyasının protokolları və müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməsi lazımdır. Bu, Seçki Məcəlləsinin 171.2-ci maddəsi ilə tənzimlənir. Sözügedən maddədə deyilir:

“Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyalarının protokollarını (bu Məcəlləyə uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlayır, 24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir”.

Konstitusiya Məhkəməsi isə göndərilən sənədlərin Məcəlləyə uyğunluğunu 10 gün müddətində yoxlayır.

Seçki Məcəlləsinin 171.3-cü maddəsində deyilir:


“Konstitusiya Məhkəməsi göstərilən sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin bu Məcəlləyə uyğunluğunu yoxlayır. Yoxlama prosesi tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər”.

Qeyd edək ki, Seçki Məcəlləsinin 171.4-cü maddəsinə əsasən, Dairə seçki komissiyalarının protokolları bu Məcəllənin tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin bu qərarı qəti olur.

Yekunlar təsdiqlənmədikdə isə Seçki Məcəlləsinin 171.5-ci maddəsi gündəmə gəlir.

Məcəllənin 171.5-ci maddəsində deyilir:

“Seçkilərin yekunları bütövlükdə təsdiq edilmədikdə, Konstitusiya Məhkəməsi bu haqda qərar çıxarır və bu Məcəllənin 145-ci maddəsinə uyğun olaraq yeni seçkilər təyin edilir”.



Xəbəri paylaş

44 dəfə oxunub.

Digər xəbərlər