Tarix: 21-10-2020 | Saat: 11:11
Bölmə:Karusel / Siyasət | çapa göndər
Azərbaycan illərdir, qəbul etdiyi qətnamələr sahib çıxmayan, onların yerinə yetirilməsi üçün heç bir addım atmayan BMT Təhlükəsizlik Şurasının vəzifəsini həyata keçirir.
Qarabaginfo.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü il noyabrın 12-də qəbul etdiyi 884 saylı qətnamədə Azərbaycanın Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı pislənilir və işğalçı qoşunların həmin ərazilərdən, eləcə də ATƏT-in Minsk Qrupunun iclasında razılaşdırılmış “BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 saylı qətnamələrini icra etmək üçün təcili addımlara dair yenilənmiş vaxt cədvəli”nə uyğun olaraq işğalçı qoşunların Azərbaycanın işğal edilmiş digər ərazilərindən çıxarılması tələb edilir.
Lakin Təhlükəsizlik Şurasının qətnamələri 27 il kağız üzərində qalıb. Ermənistan bu illər ərzində beynəlxalq hüququ və TŞ qətnamələrini ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxardı, əksinə işğalı möhkəmləndirmək və Azərbaycan torpaqlarını ilhaq etmək xətti tutdu.
Ən acınacaqlısı və təəssüf doğuran isə odur ki, bu qətnamələrin, eləcə də digər beynəlxalq təşkilatların qətnamə və sənədlərinin yerinə yetirilməsi üçün ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri başda olmaqla, BMT və beynəlxalq ictimaiyyət tərəfindən işğalçı Ermənistana heç bir təzyiq göstərilmədi.
Azərbaycan Prezidenti cənab İlham Əliyev də dəfələrlə Ermənistana sanksiyaların tətbiq olunmasının vacibliyini vurğulamışdı.
Ermənistana qarşı təzyiqlərin olmaması bu ölkənin özünü cəzasızlıq mühitində hiss etməsinə gətirib çıxardı.
Ən paradoksal odur ki, Təhlükəsizlik Şurasının qətnamələri son vaxtlar BMT-nin və həmsədr ölkələrin yadından tamamilə çıxıb. Müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar qətnamələrə istinad etdikləri halda onlar həmin sənədlərə toxunmur. Başqa sözlə, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən BMT-dən başqa hamı danışır.
Azərbaycan Ordusu isə 27 ildən sonra Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları ilə Füzuli, Cəbrayıl və Zəngilanı işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi.
Bu gün Azərbaycan Ordusu beynəlxalq hüququ, ədaləti əməldə təmin edir.
BMT və digər beynəlxalq təşkilatlar buna görə Azərbaycana və Azərbaycan Ordusuna minnətdar olmalı, Ermənistanın təcavüzkar siyasətindən əl çəkib, işğal etdiyi digər ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb etməlidir.
Digər xəbərlər