Tarix: 13-07-2026 | Saat: 22:03
Bölmə:Karusel / Siyasət / Qarabağ | çapa göndər
İyulun 13-də Rumıniya Senatının Maramureş vilayətindən seçilmiş üzvü, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian Auqustin Nikulesku Tsıqırlasın başçılıq etdiyi nümayəndə heyəti Xankəndiyə səfər edib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qarabaginfo.az-a verilən məlumata görə, nümayəndə heyəti Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubovla görüşüb.
Görüş zamanı qonaqlara işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Xankəndi, Ağdərə və Xocalıda müasir yaşayış məntəqələrinin salınması, sosial infrastrukturun qurulması, yol, enerji, su və rabitə şəbəkələrinin yenilənməsi istiqamətində mühüm layihələr uğurla icra olunur. Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov qeyd edib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq "Böyük Qayıdış" proqramı çərçivəsində keçmiş məcburi köçkünlər mərhələli şəkildə doğma torpaqlarına dönür, mənzillə təmin olunurlar. E.Yusubov bildirib ki, onların məşğulluğu, yeni iş yerlərinin yaradılması və sosial rifahının yüksəldilməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Görüşdə həmçinin vurğulanıb ki, bölgədə sahibkarlığın inkişafına da xüsusi önəm verilir. Yerli və xarici investorlar üçün əlverişli biznes mühiti yaradılıb, müxtəlif istehsal və xidmət sahələrinə investisiya qoyuluşu təşviq edilir. Bunun nəticəsində yeni müəssisələr fəaliyyətə başlayır, iqtisadi aktivlik artır və əhalinin məşğulluq imkanları genişlənir. Rumıniyalı qonaqlar da azad edilmiş ərazilərdə qısa müddətdə həyata keçirilən quruculuq işlərini yüksək qiymətləndirərək, bölgədə müşahidə etdikləri inkişafın və müasir infrastrukturun onlarda xoş təəssürat yaratdığını bildiriblər.
Digər xəbərlər
















