Tarix: 28-08-2024 | Saat: 13:26
Bölmə:Karusel / Siyasət | çapa göndər
Apa “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Adaşından ayrı düşən Culfa şəhəri” adlı yazısını təqdim edir.
Layihənin əvvəlki yazısını buradan oxuya bilərsiniz.
Astara şəhəri haqqında yazdığımız yazıda da qeyd etdiyimiz kimi, bəzən bir millətin nisgilini anlatmaq üçün bir şəhər, yaxud çay adı kifayət edər. Necə ki, Araz sözü illər boyudur tək başına böyük bir xalqın nisgilini ifadə edir. Bir xalqın ikiyə bölünməsi haqqında saysız şeirlər, hekayələr yazmaq olar, musiqi əsərləri yaratmaq olar. Tarixi, ədəbi, siyasi, toplumsal araşdırmalar aparıla bilər. Bu işlərin çoxu da görülüb və hətta müəyyən dərəcədə təsirli işlər ortaya çıxıb. Lakin dediyimiz kimi, bəzən bir söz, yaxud bir ad hər şeyi aydınlaşdıra bilər. Culfa da o adlardan biridir. Bir parçası Arazın quzeyində, digər parçası da Arazın güneyində yerləşən Culfa şəhəri Astara şəhəri kimi bir yurdun, bir millətin ikiyə bölünməsini simvollaşdırır. 1828-də Azərbaycanı ikiyə ayıran Türkmənçay müqaviləsi bu iki şəhərin ürəyinin ortasından keçərək sərhədin hər iki tərəfində də eyni adı daşıyan iki şəhərin var olmasına səbəbiyyət vermişdir.
Culfa şəhəri Doğu Azərbaycan əyalətinin tərkib hissəsində yerləşərək Araz çayının güney sahilində yerləşməkdədir. Bu şəhər həmin əyalətin mərkəzi sayılan Təbriz şəhərindən 135 km aralıda yerləşir. Qeyd etmək lazımdır ki, İranda ölkə inzibati ərazi bölgüsünə görə Güney Azərbaycan bölgəsi Batı Azərbaycan, Doğu Azərbaycan, Ərdəbil, Zəncan, Əlburz, Qəzvin və Həmədan əyalətlərinə (ostanlarına) bölünür.
2017-ci ilin siyahıyaalınmasına əsasən, Culfa rayonunun əhalisi 61 358 nəfərə bərabərdir. Şəhərin əhalisi Azərbaycan türkcəsində danışır.
Culfa şəhəri keçmişdən günümüzə qədər
Əslində, Azərbaycanın bir çox şəhəri kimi Culfa da qədim keçmişə malikdir. Ancaq unutmayaq ki, qədim və tarixi Culfa şəhərinin əsas böyük hissəsi Araz çayının quzey bölgəsində yerləşməkdədir. Lakin günümüzə qədər gəlib çatan tarixi əsərlər, tikililər və tarixi qaynaqlar Culfanın güney hissəsinin də qədim keçmişə malik olduğunu göstərməkdədir. Məsələn, burada Kürdaş/Kürdəş adlı bir kəndin yanında yerləşən və Araz çayına baxan tarixi Kürdaş qalasını qeyd edə bilərik. İlk tikilisi çox qədim dövrlərə aid olan bu qala, Türkmənçay müqaviləsindən əvvəl, çar Rusiyası ilə müharibə zamanı Qacar vəliəhdi Abbas Mirzənin qərargahı olmuş və Allah bilir nələr görmüşdür! Araz adlı bir ayrılıq simvolunun sahilində yerləşən bu qala bir yurdun ikiyə bölünməsinin canlı şahidi olmuşdur!
Təəssüflər olsun ki, Güney Azərbaycanda yerləşən bir çox tarixi yerlər və əsərlər kimi bu əzəmətli abidənin də qorunub saxlanmasına lazımi əhəmiyyət verilməyib. Hətta aşağıdakı şəkildə görüldüyü kimi, bu tarixi yerin tam ortasından yol çəkilməsinə şahid oluruq!
Dediyimiz kimi, Culfa şəhəri tarixi cəhətdən əhəmiyyətli sayılan bir çox hadisənin canlı şahidi olmuşdur. 1946-cı ilin dekabr ayında Azərbaycan Milli Hökuməti yıxıldığı zaman bir gecədə minlərcə Güney azərbaycanlı, xüsusən də Azərbaycan Demokrat Firqəsinin liderləri Arazın quzeyinə keçmək üçün bu şəhərə gəlmişlər. Abbas Mirzənin ayaq səsi və Pişəvərinin hərarətli nəfəsi hiss edilən bir şəhərdə boya-başa çatan uşaqlar istər-istəməz Azərbaycan sevdalısı olurlar. Bunda Araz çayının da rolu misilsizdir. Ayrılıq simvolu sayılan bu çay hər gün onların gözlərinin qarşısında gözdən axan yaş kimi süzülüb axmaqdadır. Bəlkə də bunun üçündür ki, bu rayonda yaşayan insanlar azərbaycanlı türk kimliklərini Güney Azərbaycanın bəzi bölgələrindən daha yaxşı qoruya biliblər.
Mənim doğulduğum və boya-başa çatdığım yer Araz çayına o qədər də yaxın deyil. İlk dəfə Araz çayını 13-14 yaşında gördüm. Amma Araz çayını daha əvvəllərdən toylarımızda aşıqlarımızın həzin səsində tanımışdım.
Şəhərimizdə dillər əzbəri olan
“Ay şanlı Araz ax ki canım qaldı o tayda
Səs ver səsimə Naxçıvanım qaldı o tayda”...
kimi şeirlərdə tanımışdım. Onun üçün də Araz çayını ilk gördüyümdə və çayın quzeyində aşıqlarımızın mahnılarında və Ustad Məhəmmədhüseyn Şəhriyar kimi şairlərimizin şeirlərində tanıdığım Vətənimin ayrı düşmüş bir parçasını gördüyümdə çox duyğulanmışdım. Sonralar Araz qırağına çox getdim və saatlarla gözlərimi Araza və o tayda qalmış olan yurduma dikdim, amma hər zaman ilk dəfə hiss etdiyim duyğuları yaşadım deyə bilərəm.
Deyirlər bir gün bir nəfər tanınmış bir şairə “Nədən şeirlərində yalnızca özünü anladırsan?” deyə tənqid dolu sual verir. Yaşlı-başlı qocaman şair də adamın gözlərinə baxaraq “Nədən özünü mənim şeirlərimdə görə bilmirsən? Mənim yaşadıqlarımı yaşamamışsanmı?” deyə cavab verir. Burada şəxsi əhval-ruhiyyəmdən ona görə söz açdım ki, bir çox Güney azərbaycanlının oxşar ovqat yaşadığına inanıram. Əgər biz bu əhval-ruhiyyəni yaşamışıqsa, Araz çayının sahilində yaşayan soydaşlarımızın ovqatını düşünmək çətin deyil. Onlar hər gün bu əhval-ruhiyyəni yaşayıblar. Bunu anlamaq üçün bu insanları yaxından görmək, onların sözlərinə qulaq asmaq kifayətdir. Bəlkə də bu şəhərə səyahət etmək gərəkli deyil. Qarabağın azadlığı uğrunda 44 günlük müharibə zamanı sosial şəbəkələrdə, bəzi xəbər saytlarında yayılan çoxsaylı videogörüntülər hər şeyi aydın bir şəkildə açıqlayır. Yuxarıda anlatmağa çalışdığım əhval-ruhiyyəni elə o videogörüntülərdə görmək mümkündür.
Bundan əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi İranda Rza Şah (1925-1941) dönəmindən bəri Güney Azərbaycana və Güney azərbaycanlılara qarşı ağır təzyiqlər təhmil edilir. Bu günlər bu təzyiqlərə qarşı Güney Azərbaycan türkləri ciddi fəaliyyətlər göstərməkdədirlər. Güney Azərbaycanda Azərbaycan – türk kimliyini, tarixini, dilini, mədəniyyətini, musiqisini, rəqslərini qorumaq üçün çalışmaq bu fəaliyyətlərin bir parçasını təşkil etməkdədir. Günümüzdə Azərbaycan gəncliyi bütün maneə və çətinliklərə baxmayaraq, azərbaycanlılığını, mədəniyyətini, tarixini və dilini qoruyub saxlamağa qərarlıdır. Culfa rayonunda boya-başa çatan gənclər isə bu fəaliyyətlərin tam ortasında yer almaqdadırlar və bu doğrultuda böyük əməklər sərf edib böyük cəsarət göstərməkdədirlər. Culfa rayonunun vətənimiz Azərbaycanın müstəqil parçasının qonşuluğunda yerləşməsi bu təəssüratın yaranmasında təsirsiz deyil. Burada dilimiz hələ də öz təmizliyini, öz əsalətini qorumaqdadır. Hələ yeni texnologiyaların ortaya çıxmadığı zaman bu rayonun əhalisi rahatlıqla Azərbaycan radio-televiziyalarını izləmək şansına sahib idilər. Təbii ki, bu imkan Culfa rayonunda dilimizin daha təmiz qalmasına şərait yaratmışdır.
Hələ də Culfa aşıqlarının sazlarında, gənclərinin rəqslərində, analarının dillərində, şairlərinin şeirlərində, insanlarının ürəyində Azərbaycan mədəniyyəti yaşamaqdadır. Bu mədəniyyət əlamətlərini toy, bayram, ilaxır çərşənbəsi, çillə gecəsi kimi mərasimlərdə görmək mümkündür.
Culfa şəhərinin gəzməli-görməli yerləri
Əhalisinin sayının nisbətən az olmasına baxmayaraq, Culfa şəhəri Doğu Azərbaycan əyalətinin Təbrizdən sonra ən çox turist cəlb edən şəhərdir. İlin bütün fəsillərində müxtəlif şəhərlərdən çoxlu insan bu şəhərin gözəl mənzərələrini görməyə, bəziləri isə alış-veriş etməyə gəlir. Culfa sərhəd bazarı keçmiş zamanlardan bəri turistlər üçün cəlbedici olmuşdur. Son illərdə mərkəzi Culfa şəhərində yerləşən Araz Ticarət-Sənaye Azad Zonasının yaradılması ilə bu şəhərə xarici mal almaq üçün gələnlərin sayı artıb.
Digər tərəfdən, Araz çayını seyr edib Arazın o tayına, yəni quzey sahilinə baxmağın da öz füsunkarlığı var və çoxu Culfaya bu məqsədlə səyahət edir. Araz çayı sahilində salınmış böyük və gözəl parklar istirahət etmək və təbii ki, Araza və quzey Azərbaycana baxmaq üçün yaxşı yerdir.
Təbii ki, bu rayonda çoxlu tarixi əsərlər, tikililər var ki, onların da öz həvəskarları var. Yuxarıdakı sətirlərdə Abbas Mirzə adı ilə tanınmış olan Kürdaş kəndində yerləşən qaladan söz açdıq. Həmin kənddə başqa tarixi tikililər də vardır.
Səfəvilər dövrünə aid olan Xoca Nəzər Karvansarası, Araz çayı və tarixi Ziya-ül-Molk körpüsünün yanında yerləşir və Culfanın mütləq görməli yerlərindən biridir.
Xaraba Dəyirman şəlaləsi gözəl təbiəti ilə turistlər üçün əyləncəli mühit təmin edən Culfa rayonunun görməli yerlərindən biridir. Bu gözəl şəlalə adını orada yerləşən qədim bir su dəyirmanının xarabalıqlarına görə almışdır.
İmamzadə Şueyib türbəsi kimi tanınan Duzal qalası Culfanın 65 kilometrliyində, Duzal kəndində yerləşir. Hicri 7-ci əsrin sonlarına və İlxani hakimiyyəti dövrünə aid bir əsər sayılır. Lakin bu qüllənin memarlığı daha çox Səlcuq türklərinin memarlıq üslubuna bənzəyir. Aşağıdakı fotodan da göründüyü kimi Güney Azərbaycanda yerləşən digər tarixi abidələr kimi bu qala da qorumasız qalıb.
Culfa rayonunun Üştübün/Üştübin kəndindəki Seyid Əbülqasım Nəbatinin türbəsi də çox gözəl dizaynlı bir yerdir. Azərbaycanın tanınmış şairlərindən olan Nəbati (1812–1873) Azərbaycan türkcəsində dəyərli şeirlər yazan şair olub. Qəbri kəndə və Araz çayına baxan bir təpədədir, deyilənə görə o, həmişə bu təpədə oturar, insanların gəliş-gedişinə, Araz çayına tamaşa edər, şeir yazardı...
Digər xəbərlər