Saytımızı qiymətləndirin


 
 

Şəkillərin ötürmədiyi o hissi 4 il sonra yaşadım...
Tarix: 08-08-2024 | Saat: 08:07
Bölmə:Karusel / Qarabağ / Yazar | çapa göndər

sekillerin-oturmediyi-o-hissi-4-il-sonra-yasadim

Bura gələnə qədər oxuduğum məqalələr, izlədiyim foto və videolar hazırda keçirdiyim hissləri mənə ötürə bilməmişdi.

Bura tariximiz, yaddaşımız, keçmişimiz, vətənimizdir.

Yolumuz Füzuli, Şuşa, Laçınadır...

Daha öncə bura çox mediatur təşkil olunub. Lakin bu cənnətməkanı gəlib görmək mənə Qarabağ azadlığa qovuşandan düz 4 il sonra qismət oldu.

Məlum olduğu kimi, iyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks istiqamətdə müntəzəm reyslərə başlayıb. Bununla əlaqədar olaraq iyulun 26-da AZAL-ın təşkilatçılığı ilə bir qrup media nümayəndəsi Qarabağa səfərə yollandıq.

Gecə saatlarına təsadüf edən səfərimiz zamanı ətrafı çox da yaxşı görə bilmirdim. Hava limanında avtobusa oturub Füzuli şəhərinin içi ilə Şuşaya yol aldıq. Bir qədər irəlilədikdən sonra şəhərdə olan marketlərin birindən alış-veriş etmək istədik. Bu zaman bizimlə qarşılaşan şəhər sakinləri təkidlə evlərinə qonaq çağırırdılar. Gecədir, ətraf sakit, qaranlıq, lakin uşaqlı-böyüklü hər kəs bu təhlükəsiz və hüzurlu şəhərdə gəzişir.

Su və bir neçə ərzaq aldıqdan sonra yolumuza davam edirik. Dağların boynuna şərf kimi dolanan yolları keçib Şuşaya çatırıq.

“Xarı bülbül” hotelində gecələyirik. Səhərə bizi maraqlı səyahət gözləyir.

Laçındayıq...

Buranın gözəlliyini və insana bəxş etdiyi hissləri sözlərlə ifadə etmək mümkün deyil. Təkcə onu deyə bilərəm ki, hər bir azərbaycanlı ömründə heç olmasa bircə dəfə də olsun buralara gəlməli, havasını udub suyunu içməlidir.

Bəs bura necə gələ bilərik?

İlk olaraq onu deyim ki, Bakı-Füzuli-Bakı marşrutu üzrə reyslər həftədə iki dəfə olmaqla bazar ertəsi və cümə günləri həyata keçirilir. Uçuş müddəti 50 dəqiqədir.

Aviabilet əldə etmək üçün yolumuzqarabaga.az portalına daxil olaraq icazə prosesini keçmək və xüsusi kod əldə etmək lazımdır.

Təyyarə biletlərinin qiymətinə gəldikdə isə bir tərəfə 78 manat məbləğində müəyyən edilib. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər baqaj daxildir.

Ən çox verilən suallardan biri isə odur ki, bəs təyyarədən Füzuliyə eniş etdikdən sonra Şuşaya necə gedək?

Bunun üçün yerli sakinlərin idarə etdiyi taksilər var. Bizi isə buraya AZAL “Summer Tour”un təşkilatçılığı ilə gətirdi. Yol boyu bələdçi keçdiyimiz yerlər haqqında məlumat verirdi.

Şuşada hava dumanlı, yağışlı idi. Dağların arası ilə Laçına üz tutub getdikcə günəş buludların arasından çıxırdı. Elə bu vaxt avtobusda mərhum sənətçi Məhəbbət Kazımovun “Laçınım” mahnısı səslənir. Ətrafdakı gözəlliyi tərənnüm etmək mümkünsüzdür. Elə deyəsən buranın gözəlliyini də, özünəməxsus hüznünü də ən yaxşı ifadə edən Məhəbbət Kazımov olub.

İnsan ayağı dəyməyən uca dağlar, sıx meşələr… Hərdən dağları qatı duman bürüyür, bir anda həmin duman dağılıb yoxa çıxır.

Həkəri çayının sahilinə enirik. Gələn kimi ilk diqqətimizi çəkən isə burada qurulan böyük səhnə olur.

Təsadüfə bax ki, bu gün burada Məhəbbət Kazımovun xatirəsinə həsr olunmuş konsert proqramı var imiş. Burada hansı tərəfə keçsən, sənətçinin mahnıları səslənir. Dincəlmək üçün bura gələnlərin də sayı az deyil. Kimisi yaxınlıqdakı restoranda, kimisi çayın sahilindəki çəmənlikdə əyləşib nahar edir. Kimisi balıq tutur, kimisi də ətrafın gözəlliyindən zövq alaraq şəkil çəkdirir.

Həkəri çayından sonra yolumuz Seyrangaha olur. Burada da bizi tamamilə başqa bir mənzərə qarşılayır. Laçın sanki sənət əsəridir. Hər köşəsində ayrı bir gözəllik var. Hava nə qədər günəşli olsa da Seyrangahın sərin mehi insana rahatlıq verir.

Laçında yeni tikilmiş evlər də nəzərimizdən qaçmır. Burada tikilən ilk ev isə İpək nənəyə məxsusdur. İpək Təhməzova 45 yaşı olarkən Laçını tərk etməyə məcbur olub. Uzun illər vətən həsrəti çəkən 76 yaşlı İpək nənə deyir ki, dövlətin hərtərəfli qayğısı ilə təmin olunsaq da, Laçını bir gün də olsun unutmadıq:

“Evimizi, yurdumuzu yuxularda görürdüm. Hər bayram əl açıb dua edəndə deyirdim ki, “gələn il bayramı öz yurdumuzda, yuvamızda qeyd edək. Allah o günü bizə nəsib etdi”.

İpək nənə deyir ki, evinin açarlarını ona Prezident təqdim edib. Hazırda övladları və nəvələri ilə birlikdə bu evdə yaşayan İpək nənənin sözlərinə görə, illər əvvəl burada olan evi şəraitsiz olub. Lakin indiki evində hər bir şərait var və tam təmirlidir. İpək nənə ilə söhbətimizi tamamlayıb üz tuturuq Zabuxa.

Bura Laçının ən böyük kəndlərindən biridir. Zabuxda yaradılan şərait, tikilən evlər, salınan yollar və parklar kəndə yeni ruh verib. Zabuxun havası da, mənzərəsi də gözəldir. Kəndin mərkəzində olan “Ceyran” qızlar bulağından suyumuzu içib yolumuza davam edirik.

Şuşadayıq…

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa canlı muzeyi xatırladır.

Şuşanın işğalından sonra azərbaycanlıların tarixi izlərini silmək məqsədilə 600-ə yaxın tarixi memarlıq abidəsi, Pənahəli xanın sarayı, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evi və Molla Pənah Vaqifin məqbərəsi yerlə-yeksan edilib, 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı, Qarabağ dövlət tarix muzeyi, Qafqazda yeganə Şərq musiqi alətləri fabriki dağıdılıb.

Şəhər azad olunandan sonra burada yenidənqurma və bərpa işləri aparılıb. Şuşanı gəzdikcə qabağımıza dağıdılmış evlər, bir zamanlar burada evin olduğunu işarə edən lövhələr çıxır.

Belə evlərdən biri də sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvana məxsusdur. Bura Şuşanın ilk zamanlarında inşa edilmiş mülklərindən biridir. Natəvanın sarayı böyük bir ərazini əhatə edən həyət və bu həyətdə müxtəlif xidməti tikililərdən ibarətdir. Hazırda saraydan geriyə sadəcə divarlar qalsa da, öz əzəmətini hələ də itirməyib. Binanın mərkəzinə daxil olanda insanın gözündə saray elə lap əsirlər əvvəl olduğu kimi canlanır.


AZAL-ın müntəzəm Bakı-Füzuli-Bakı reysi ilə Qarabağa səfər çərçivəsində, demək olar ki, Şuşanın ən gəzib-görməli məkanlarında olduq. Bunlardan biri də Mehmandarovların malikanə kompleksi idi. Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunan və Azərbaycanın mühüm mədəni-tarixi memarlıq abidəsi sayılan bu malikanəyə böyük yaşayış binası, kiçik yaşayış binası, ailə məscidi və bulaq daxildir. Malikanə Kərim bəy Mehmandarov və onun həyat yoldaşı İran şahzadəsi Zəri xanım Qacarın ailəsinə aid olub. İşğal dövründə ermənilər tərəfindən dağıntılara məruz qalan malikanədə Şuşanın orijinal memarlıq üslubuna uyğun olaraq təmir-bərpa işləri aparılıb.

Daha sonra isə bura muzey ekspozisiyası olub. Otaqlarda həmin dövrü əks etdirən əşyalar yerləşdirilib. Malikanənin otaqlarında gəzəndə insan özünü XIX əsrin sonu - XX əsrin əvvəllərində hiss edir. 

Növbəti görəcəyimiz məkan isə Bülbülün yaşadığı ev oldu. 1992-ci ilə qədər Şuşada yerləşən ev muzeyi onun Bakı şəhərindəki memorial muzeyinin filialı olub. Ev iki otaq və eyvandan ibarətdir. Bülbül bu evdə anadan olub, uşaqlıq illərini burada keçirib, ilk dəfə musiqi aləminə də məhz elə burada qədəm qoyub. Ev-muzey 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb.

Şuşanın işğalı zamanı bu ev kazarmaya çevrilib. Hətta bu mənzilə odun yığılıb. 2021-ci ilin avqustunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə buranın yenidən açılışı baş tutub.

Məlumata görə, Şuşa işğaldan azad ediləndən sonra bu evdə Bülbülün xatirəsini özündə əks etdirən hansısa əşyaya rast gəlinməyib. Burada sərgilənən hər əşya Bülbülün Bakıdakı ev muzeyindən gətirilib.

Bərpa zamanı binada yenidənqurma işləri aparılıb. Çürümüş taxta döşəmələr yeniləri ilə əvəz olunub, dam örtüyü, qapı və pəncərələri çürüdüyündən və istismara yararsız halda olduğundan binanın tarixi görkəmini qorumaq şərti ilə yenisi ilə əvəz edilib.

Hazırda muzeyin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldılıb. Şuşa şəhəri işğalda olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü isə erməni vəhşiliyini nümayiş etdirmək məqsədilə saxlanılıb.

Ev-muzeyin həyəti əvvəlki görkəmi saxlanılmaqla bərpa olunub. Bu balaca evin divarları xatirələrlə doludur. Hər köşəsində Bülbülün xatirəsini özündə əks etdirən əşyalar yerləşdirilib.

Qarabağda toxunan incə naxışlı xalçaların şan-şöhrətini eşitməyən yoxdur yəqin ki. Şuşanın işğalı zamanı muzeydə qorunan eksponatların yalnız bir qismi xilas edilib və 246 eksponatdan 183-ü Bakıya gətirilib. İllərdir Bakıda Azərbaycan Milli Xalça Muzeyində saxlanılan bu eksponatlar artıq doğma yerlərindədirlər. Çünki işğal dövründə bina yararsız hala düşdüyündən və tarixi görkəminə müdaxilələr edildiyindən burada 2021-ci ildən etibarən Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb.

Muzeydə sərgilənən xalçalardan birinin maraqlı tarixi də var. Belə ki, 1971-ci ilə aid “Bağçada güllər” adlı Qarabağ xalçası Ermənistan xalçası adı ilə 2017-ci ildə ABŞ-nin Los-Anceles ştatında satışa çıxarılıb. Burada yaşayan Elşad Tahirov adlı şəxs xalçanın üzərində yazılan sözləri oxuyub və onu satın alıb. Daha sonra bu xalça Azərbaycan Milli Xalça Muzeyinə hədiyyə edilib. Yolunuz bu muzeyə düşsə, xalçanı canlı olaraq görə bilərsiniz.

Xalçanın üzərində isə bu sözlər yazılıb: “1 yanvar 1971-ci il. Sərvərə anadan əbədi yadigar ad günü hədiyyəsi”.

“Bağçada güllər” kimi burada sərgilənən xalçaların hər birinin üzərində Qarabağın təbiəti əks edilib.

Şuşanın tarixi abidələri arasında memarlığı ilə seçilən qədim məscidlər xüsusi yer tutur. Burada bir çox məscidlər tamamilə dağıdılıb. Yuxarı Gövhərağa və Aşağı Gövhərağa məscidləri 19-cu əsrdə İbrahimxəlil xanın qızı Gövhər ağanın sifarişi ilə tikilib. Məscidlər həmin dövrlərdə Qarabağda əksər məscidlərin memarı olmuş Kərbəlayi Səfixan Qarabaği tərəfindən ucaldılıb. Lakin bu məscidlər erməni təcavüzü nəticəsində dağıntıya məruz qalıb. 2021-ci ildə isə bərpa işləri aparılıb.

Hər iki məscidi ziyarət edərək şəhidlərimizin ruhuna dualar oxuduq.

Şəhərdə təmir-bərpa işləri təkcə məscidlərdə yox, eyni zamanda kilsədə də aparılırdı. Elə Qazançı kilsəsində də hazırda təmir işləri davam edir.

Əgər Şuşanı seyrə çıxmısınızsa, hər tərəfdə bir təbiət möcüzəsinə rast gəlməyə də hazır olmalısınız. Hansı tərəfə boylansan, səni təəccübləndirən gözəl mənzərə ilə qarşılaşırsan. Təbiətin füsunkar gözəlliyi insanın ağlını başından alır. Belə bir şey necə mümkündür deyə sual edirsən. Cıdır düzünə gedəndə eynilə bu fikirləri keçirdim beynimdən. Gözəlliyini tərənnüm edəcək söz, cümlə tapmaq çox çətindir.

Bura qədim dövrlərdən Cıdır yarışlarının, Novruz bayramı şənliklərinin keçirildiyi məkan olub. Nə qədər şəkil, video çəksəm də o gözəlliyi yazıb buraları soruşan dost, tanışa ötürə bilmədim. Cıdır düzü gözəldir. Aşağı boylananda adam həm heyrətlənir, həm vahimələnir, həm də gözəlliyi qarşısında susub qalır.

Şuşanın gözəlliyi sadəcə mənzərəsində deyil, həm də yetişdirdiyi görkəmli şəxsiyyətlərindədir. Yaradıcılığı boyu Şuşanın gözəlliyindən bəhs edən Molla Pənah Vaqifin 1982-ci ildə məşhur Cıdır düzündə, şairin həlak olduğu və dəfn edildiyi qayalı təpədə məqbərəsi ucaldılıb.

İşğal dövründə bu məqbərə və orada sərgilənən eksponatlar məhv edilsə də, yenidənqurma işləri zamanı abidəni əvvəlki vəziyyətinə qaytara biliblər. Həmçinin işğaladək olan zamanlarda ənənəyə çevrilən Vaqifin Poeziya Günləri 2021-ci ildən etibarən yenidən bərpa edilib.

Şuşanın səfalı havası və bulaqlarının suyu min dərdə dərmandır desək yalan olmaz. Buna İsa bulağının suyunu ovcuma doldurub içəndə bir daha əmin oldum. Səfərimizin sonuncu günü artıq Şuşadan ayrılanda şəhərdən 4 kilometr aralıda olan İsa bulağına da baş çəkdik.

Hava nə qədər isti olsa da bulağın ətrafında bir o qədər sərinlik var idi. Uca dağların arasında məskən salmış bu bulaq Qarabağın ən gözəl istirahət məkanlarından biridir. Elə bu gün də bura gəlib bulağın ətrafına toplananlar az deyildi. Buralara gələrkən ən çox görməli olduğunuz məkanlardan biri də elə bu bulaqdır.

Bulaq suyundan doyunca içib yol alırıq Füzuliyə.

Yuxarıda da qeyd etdiyim kimi gələrkən buraları gündüz gözü ilə görə bilməmişdim. İndi avtobusun pəncərəsindən boylanaraq ətrafı tam aydın müşahidə edirdim. Yolun bir tərəfində əvvəlki halından əsər-əlamət qalmayan, dağıdılıb yerlə-yeksan edilən tikililər gözə dəyir.

Biz hava limanına tələsirik. Yolumuzun üstündə yeni ucaldılan görkəmli binalar var. Günəş şüaları altında bu binalar daha da əzəmətli görünür. Biz gedirik, gələcəyə ümid işığı kimi görünən şəhərdəki bu yeniliklər isə sanki bizə əl edib sağollaşır. 







 



Xəbəri paylaş

396 dəfə oxunub.

Digər xəbərlər