Tarix: 22-07-2024 | Saat: 19:53
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bu ilin fevral ayında baş tutan növbədənkənar prezident seçkilərindən Nazirlər Kabineti yenidən formalaşdırıldı və ədliyyə naziri Fikrət Məmmədov yeni hökumətdə təmsil olunmadı. Sabiq nazir Konstitusiya Məhkəməsinə hakim göndərilib.
Fevralın 27-də Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Əhmədov ədliyyə naziri təyin edilib. O, bu təyinatadək rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin Aparatına 14 idarə və baş idarə daxildir.
Modern.az-ın məlumatına görə, Fərid Əhmədov təyin edildikdən sonra Ədliyyə Nazirliyinin idarə rəislərini əksəriyyətini işdən çıxarıb və yenilərini təyin edib.
Mart ayında Nazirliyin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Hüseynov vəzifəsindən azad edilib, onun əvəzinə Hüseynov Toğrul Aydın oğlu təyin edilib. Toğrul Hüseynov həmin təyinatadək Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin baş məsləhətçisi vəzifəsində çalışıb.
Nazirliyin Qanunvericilik baş idarəsinə isə Elçin Nəsibov təyin edilib. Əvvəllər bu vəzifəni Adil Şirməmməd oğlu Əliyev tutub.
Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi də dəyişib. Uzun illər Ədliyyə Nazirliyində idarə rəisi Mehman Soltanovu Elşad Məmmədli əvəzləyib.
Baş idarə səlahiyyətində olan İcra xidməti isə Vidadi Məmmədova həvalə edilib. O, daha əvvəl Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi vəzifəsində çalışıb. Qeyd edək ki, Nazirliyin İcra xidməti bu ilin iyun ayında yaradılıb. Əvvəllər İcra baş idarəsi adlandırılan quruma İlqar Cəfərov rəhbərlik edib.
Fərid Əhmədov Probasiya xidmətinin (baş idarə səlahiyyətli) də rəisi dəyişdirib. Nazirin müvafiq qərarları ilə Akşin Ziyadovu Vüqar Ağayev əvəzləyib. O, Probasiya xidmətinin rəisi təyin edilənədək Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəis müavini vəzifəsində çalışıb.
Prezidentin iyun ayında imzaladığı sərəncamla Nazirliyin Bələdiyyələrlə iş mərkəzi ləğv edilib və əvəzində Bələdiyyələrlə iş baş idarəsi yaradılıb. Əvvəllər mərkəzə rəhbərlik edən Rəhman Məmmədov işdən çıxarılıb. Hazırda sözügedən idarənin rəisi vəzifəsinin icrası Elmin Həsənova həvalə edilib.
Cəzaların icrasına nəzarət üzrə müfəttişlik isə Cəzaların icrasına nəzarət baş idarəsi adlandırılıb. İdarənin rəisi Malik Ələkbərov iyun ayında vəzifəsindən azad edilib və onun vəzifəsinin icrası İlham Abasquliyevə həvalə edilib.
İnsan resursları idarəsinin rəisi vəifəsinə isə Cahangir Hacıyev gətirilib. O, bu təyinatadək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sosial innovasiyalar və strateji araşdırmalar, İnsan resurslarının idarəedilməsi, Elektron sənəd dövriyyəsi şöbələrində müdir müavini vəzifələrində çalışıb. Qeyd edək ki, sözügedən idarə əvvəllər baş idarə səlahiyyətində olub və rəisi BDU-nun sabiq rektoru Abel Məhərrəmovun qardaşı Rauf Məmmədəli oğlu Məhərrəmov olub.
Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş, həmçinin Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar idarələri isə iyun ayında yaradılıb. Sözügedən idarələrə müvafiq olaraq Əbülfət Həsənov və Qismət Qurbanov (rəis vəzifəsini icra edən) rəhbərlik edir.
Maliyyə və təminat idarəsinin yeni rəisi Sənan Rəhimovdur. O, bu ilin may ayında təyin edilib. Əvvəllər bu idarəyə Aslan Muradov rəhbərlik edib.
Nazirliyin idarə səlahiyyətində olan Mətbuat xidmətinin rəhbəri isə Ləman Hüseynzadə olub. Qeyd edək ki, əvvəllər sözügedən idarənin adı İnsan hüquqları və kommunikasiya olub və buraya Aynur Sabitova rəhbərlik edib.
Qeyd edək ki, Nazirliyin aparatına daxil olan Beynəlxalq əməkdaşlıq baş idarəsi və İstintaq idarəsinin rəsiləri hələlik dəyişməyib. İstintaq idarəsinə 2019-cu ildən Nazim Abbasov, Beynəlxalq əməkdaşlıq baş idarəsinə isə Adil Əbilov rəhbərlik edir.
Bunlardan başqa Ədliyyə Nazirliyinin strukturuna daxil olan digər qurumlardan Penitensiar Xidmət və Ədliyyə Akademiyasının rəhbərlərini Prezident İlham Əliyev təyin edib. Onlar vəzifələrini qoruyurlar. Nazirliyin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi Elçin Qasımov isə vəzifəsindən azad edilib. Onun yerinə hələlik təyinat olmayıb.
Nazirliyin Tibb baş idarəsinə də yeni təyinat olub. Ötən ay sözügedən idarəyə Cəmil Kamilli rəis gətirilib.
Beləliklə, yeni nazir Fikrət Məmmədovun rəhbərlik etdiyi vaxtdan qalan idarə rəsilərinin, demək olar ki, hamısını yeni kadrlarla əvəzləyib.
Digər xəbərlər