Yeni Azərbaycan Partiyası (YAP) 1 sentyabr tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində Azərbaycan Texniki Universitetinin (AzTU) kafedra müdirini özünün vahid namizədi elan edib.
AzTU-nun Humanitar fənlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Mirzəyev 16 saylı Yasamal ikinci seçki dairəsində YAP-ı təmsil edəcək.
Qeyd edək ki, altıncı çağırış Milli Məclisdə 16 saylı Yasamal ikinci seçki dairəsindən deputat ReAl Partiyasının üzvü Erkin Qədirli idi. O, budəfəki seçkilərdə də həmin dairədən namizədliyini irəli sürüb.
1961-ci il təvəllüdlü Həbib Mirzəyev əslən Yardımlı rayonundandır.
Azərbaycan Dövlət Pedaqoji Unuversitetinin Filologiya fakültəsini bitirib. 1991-ci ildə Azərbaycan Texniki Universitetində müxtəlif vəzifələrdə çalışıb.
2021-ci ilin fevral ayından AzTU-nun Humanitar fənlər kafedrası müdiri vəzifəsində işləyir.
2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2021-ci ilin oktyabr ayından etibarən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı “Hüseyn Cavid 25” (AzTU üzrə) ərazi partiya təşkilatının sədridir. Ailəlidir, 2 övladı var(modern.az).