Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib
Tarix: 16-07-2024 | Saat: 14:33
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına dair 4-cü Könüllü Milli Hesabatını təqdim edib.

Bu barədə Qarabaginfo.az-a İqtisadiyyat Nazirliyindən bildirilib.

Belə ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkda yerləşən Baş Qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycanı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirdə ölkəmizin 4-cü Könüllü Milli hesabat təqdim olunub. Azərbaycan dünyada 5 ölkədən biri olmaqla, regionda və MDB məkanında yeganə ölkədir ki, 4-cü Könüllü Milli Hesabatını təqdim edib.

“Dayanıqlı inkişaf üçün “2030 Gündəliyi”nin gücləndirilməsi və çoxsaylı böhranlar dövründə yoxsulluğun aradan qaldırılması: davamlı, dayanıqlı və innovativ həllərin effektiv çatdırılması” tematik mövzusuna həsr olunmuş bu Hesabatda 2021-ci ildən indiyə qədər olan dövrdə Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM-lər) icrası istiqamətində görülmüş işlər öz əksini tapıb. Hesabatda həmçinin mina fəaliyyətinə dair 18-ci DİM, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyası (COP29), Azərbaycanda DİM-lərin maliyyələşdirmə mexanizmləri və tematik məqsədlər üzrə irəliləyişlər öz əksini tapıb.

Dördüncü Könüllü Milli Hesabatda azad olunmuş ərazilərimizin bərpası üzrə görülmüş işlər, BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə genişləndirilmiş əməkdaşlıq layihələri, statistik məlumatların əldə edilməsində nailiyyətlər, COVID-19 pandemiyasından bərpa tədbirləri yer alıb.

Tədbirdə vurğulanıb ki, hazırda Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətini ölkəmizin işğaldan azad edilmiş və dağıntıya məruz qalmış bölgələrinin yenidən qurulması, məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıdışı təşkil edir.

Nazir müavini ötən dövr ərzində ölkəmizdə DİM-lərin icrası sahəsində görülmüş işlər, iqtisadi fəallığın bərpası, qeyri-neft sektorunun dinamik artımının təmini, milli innovasiya sisteminin inkişafı istiqamətində atılan addımlar barədə məlumat verib.

Tədbirdə dayanıqlı inkişafın təmin edilməsində sülhün və sabitliyin rolu vurğulanıb. Bilidirilib ki, ölkəmiz ərazimizin 12%-nə səpələnmiş 1,5 milyon mina ilə dünya miqyasında minalarla ən çox çirklənmiş ilk beş ölkə arasında yer alır. Minalar işğaldan azad edilmiş ərazilərin bərpasına maneə yaradır. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra yüzlərlə Azərbaycan vətəndaşı mina partlayışları nəticəsində faciəvi şəkildə həyatını itirib və ya ağır yaralanıb.

Forum çərçivəsində beynəlxalq təşkilatlar və ölkələrin nümayəndələri ilə Azərbaycan nümayəndə heyəti arasında bir sıra ikitərəfli görüşlər təşkil edilib.

4-cü Könüllü Milli Hesabatla tanış olmaq üçün link:



Xəbəri paylaş

70 dəfə oxunub.

Digər xəbərlər