Tarix: 11-06-2024 | Saat: 17:02
Bölmə:Karusel / Təhsil | çapa göndər
Xəbər verildiyi kimi, iyunun 8-də keşirilən təkrar sertifikasiya imtahanlarında 7296 müəllimdən 3909-u keçid balını (30) toplaya bilməyib.
Onlardan 3424 nəfəri ibtidai sinif, 485 nəfəri isə Azərbaycan dili və ədəbiyyat müəllimidir.
Qarabaginfo.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə bildirib ki, ikinci dəfə sertifikasiya imtahanına daxil olan müəllimlər arasında keçid balı toplaya bilməyənlər çoxluq təşkil edir:
“Mən bunu gözləmirdim. Onların arasında ibtidai sinif müəllimləri çoxluq təşkil edir. Mən buna təəssüflənirəm”.
H.Əlizadə qeyd edib ki, keçid balı toplaya bilməyənlərin əksəriyyəti sualların çətinliyindən şikayətklənir:
“Mən hesab edirəm ki, suallar məktəb proqramı əsasında hazırlanıb. Müəllimlər həmin proqram əsasında fənni tədris edirlər. Bu suallara cavab verə bilməyən müəllim süni intellekt dövründə yaşayan nəsil hazırlaya bilməz. Buna görə də onların pedaqoji fəaliyyətinə son qoyulacaq. Amma bu o demək deyil ki, onlar işsiz qalacaqdır. Məndə olan məlumata əsasən, bu müəllimlərə müvafiq işlər təklif olunacaq”.
Müsahibimiz sonda qeyd edib ki, sertifikatlaşma imtahanları iki istiqamətdə mühüm əhəmiyyət kəsb edir:
“Yüksək bal toplayan müəllimlərin sertifikatlaşmadan sonra böyük karyerası başlayır, keçid balı toplamayan müəllimlər isə pedaqoji fəaliyyətini dayandıracaq. Fikrimcə, bu müəllimlər öz fəaliyyətlərinə məsuliyyətini artırmalıdırlar. Onlar daima öz peşəkarlıq səviyyələrini artırmaq qayğısına qalmalıdırlar. Bunu zaman tələb edir”.
Digər xəbərlər