Saytımızı qiymətləndirin


 
 

Hökumətdən ərzaqlıq buğda ilə bağlı yeni QƏRAR
Tarix: 05-06-2024 | Saat: 12:09
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Hökumətdən ərzaqlıq buğda ilə bağlı yeni QƏRAR

Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi Qaydası təsdiqlənib.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.

 

Müəyyən edilib ki, Qaydaya uyğun olaraq sahibkarlıq subyektlərinə veriləcək 280 (iki yüz səksən) milyon manat kredit portfeli 168 (yüz altmış səkkiz) milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilir. Dövlət zəmanəti Maliyyə Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi arasında bağlanılan “Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi” əsasında verilir.

 

Maliyyə Nazirliyi “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sahibkarlıq subyektlərinin dövlət zəmanəti verilmiş, lakin icra edilməmiş borc öhdəliyini Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaiti hesabına yerinə yetirməlidir.

 

Qaydaya uyğun olaraq verilən dövlət zəmanəti 2028-ci il yanvarın 1-dək dövlət zəmanəti verilərək bağlanılmış bütün kredit müqavilələrinə şamil edilir.

 

Qayda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının (bankların, xarici bankların yerli filialları və ya bank olmayan kredit təşkilatlarının) öz vəsaitləri hesabına verilən kreditlər üzrə dövlət zəmanətinin verilməsinə dair müraciət qaydasını, ödəniş şərtlərini və digər məsələləri müəyyən edir. Bu Qayda zəmanətin verilməsi ilə bağlı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə kredit təşkilatının qarşılıqlı münasibətlərini tənzimləyən müqavilə (bundan sonra - əməkdaşlıq müqaviləsi) bağlamış kredit təşkilatlarının öz vəsaitləri hesablarına verdiyi kreditlərə şamil edilir.

 

Dövlət zəmanəti Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın tələblərinə uyğun olaraq verilir.

 

Dövlət zəmanəti aşağıdakı hallarda verilmir:

 

- kredit hesabatına əsasən sahibkarlıq subyektinin kredit almaq üçün müraciət etdiyi tarixə 60 (altmış) gündən artıq davam edən aktiv gecikməsi olduqda (habelə sahibkarlıq subyektinin AKİA qarşısında gecikdirilmiş aktiv öhdəlikləri olduqda);

 

- sahibkarlıq subyekti “Banklar haqqında” qanuna və “Bank olmayan kredit təşkilatları haqqında” qanuna əsasən zəmanət üçün müraciət etdiyi kredit təşkilatına aidiyyəti şəxs olduqda;

 

- sahibkarlıq subyekti Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən riskli vergi ödəyicisi olduqda;

 

- sahibkarlıq subyekti ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamadıqda və ya bağlanılmış müqavilə üzrə öhdəliklərini pozduqda;

 

- sahibkarlıq subyektinin ərzaqlıq buğda əkinini həyata keçirdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarını təsdiq edən sənəd olmadıqda;

 

- sahibkarlıq subyektinin nizamnamə kapitalında dövlətin iştirak payı 50 (əlli) faizdən çox olduqda.

 

Dövlət zəmanəti bu Qaydanın tələbinə cavab verən kreditlərə Maliyyə Nazirliyi tərəfindən bu Qaydaya əlavə - “Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərərək fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi” əsasında verilir. AKİA dövlət zəmanətindən istifadə edilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə rübdə 1 (bir) dəfə hesabat verir. Hesabatın forması Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir. Hər bir kredit təşkilatı üçün onun müraciəti əsasında AKİA limit müəyyən edir. Kredit təşkilatının müraciəti əsasında 30 (otuz) təqvim günü müddətində AKİA-nın qərarı ilə ona əlavə limit müəyyən edilə bilər. Kredit təşkilatı tərəfindən istifadə edilməmiş limit AKİA-nın qərarı ilə azaldıla və ya ləğv edilə bilər. Dövlət zəmanəti verilmiş kredit vəsaitindən sahibkarlıq subyektləri yalnız təyinatına uyğun istifadə etməlidirlər. Dövlət zəmanəti üzrə öhdəliklərin icrası və bu öhdəliklərlə bağlı edilmiş ödənişlərin bərpası müvafiq olaraq bu Qaydaya uyğun həyata keçirilir.

 

Kredit təşkilatı dövlət zəmanəti verilməsinə görə AKİA-ya birdəfəlik, geri qaytarılmayan zəmanət və illik komissiya haqları ödəyir.

 

Birdəfəlik zəmanət haqqı kredit təşkilatı tərəfindən verilmiş kredit məbləğinin 1,0 faizi həcmində hesablanır və kredit müqaviləsinin imzalandığı tarixdən 3 (üç) iş günü müddətində AKİA- ya ödənilir. AKİA ödənilmiş birdəfəlik zəmanət haqqını 2 (iki) iş günü müddətində Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürür və bu barədə müvafiq təsdiqedici sənədləri Maliyyə Nazirliyinə təqdim edir. Kredit təşkilatı zəmanətin qüvvəyə mindiyi tarixdən həmin kredit təşkilatına verilmiş cəmi zəmanət məbləğinin qalıq məbləğinin 0,5 faizi həcmində illik komissiya ödəyir. Komissiya zəmanətin qüvvədə olduğu müddətdə gündəlik əsasda zəmanətin qalıq məbləğinə hesablanır və aylıq qaydada ödənilir. Kredit təşkilatı hər ay üçün növbəti ayın ilk 3 (üç) iş günü müddətində illik komissiyanı ödəyir və bu barədə hesabatı AKİA-ya təqdim edir. Həmin vəsait qeyd olunan müddət ərzində ödənilmədikdə qalıq komissiya məbləğinə görə hər təqvim günü üçün 0,1 faizi həcmində peniya hesablanır. İllik komissiya və zəmanət haqlarının ödənilməsi qaydası əməkdaşlıq müqaviləsi ilə tənzimlənir.

 

Dövlət zəmanəti verilmiş kredit üzrə ödənişlərin gecikmə müddəti 120 (yüz iyirmi) günü keçdikdə, kredit təşkilatının dövlət zəmanəti üzrə tələb hüququ yaranır. Tələb hüququ yarandığı gündən etibarən 60 (altmış) gün müddətində qüvvədə olur. Bu müddətdə kredit təşkilatı ödəniş tələbini bu Qaydada göstərilən sənədlərlə birlikdə irəli sürmədikdə zəmanət qüvvəsini itirir. Sənədlər tam və ya düzgün təqdim edilmədikdə, çatışmazlıqların 5 (beş) iş günü müddətində aradan qaldırılması üçün kredit təşkilatına məlumat verilir. Bu müddətdə çatışmazlıqlar aradan qaldırılmadıqda zəmanət qüvvəsini itirir. Dövlət zəmanəti üzrə ödənişin məbləği kredit üzrə əsas borcun icra edilməmiş hissəsinə münasibətdə qüvvədə olan zəmanətin ümumi kredit məbləğinə nisbəti həcmində (borcun qalıq məbləği həmin nisbətə vurularaq) hesablanır.

 

AKİA tələbin irəli sürüldüyü tarixdən etibarən 15 (on beş) iş günündən gec olmayaraq, dövlət zəmanətinin ödənilməsi ilə bağlı qərar qəbul edir və kredit təşkilatına bu barədə bildiriş göndərir. Bildiriş əsasında kredit təşkilatı 3 (üç) iş günü müddətində sahibkarlıq subyektinə münasibətdə dövlət zəmanəti verilmiş kredit ilə bağlı tələb hüquqlarını tam həcmdə tələbin güzəşti müqaviləsi və adlı qiymətli kağız üzrə (olduqda) indossament yolu ilə AKİA-ya güzəşt edir. Bu güzəşt rəsmiləşdirildiyi andan kredit üzrə tələb hüquqları AKİA-ya keçir. Tələb hüquqları AKİA-ya güzəşt edildikdən sonra AKİA əməkdaşlıq müqaviləsinin, kredit təşkilatı ilə sahibkarlıq subyekti arasında bağlanılmış kredit müqaviləsinin (ödəniş cədvəli də daxil olmaqla), girov (ipoteka) müqaviləsinin (olduqda) təsdiq edilmiş surətlərini, kredit təşkilatının rekvizitlərini və AKİA-ya rəsmi müraciətini əlavə etməklə, dövlət zəmanəti üzrə ödənişin həyata keçirilməsi üçün Maliyyə Nazirliyinə müraciət edir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi AKİA- nın müraciəti əsasında 30 (otuz) iş günü müddətində dövlət zəmanəti üzrə ödənişi kredit təşkilatının hesabına köçürür. Dövlət zəmanəti üzrə ödəniş birdəfəlik həyata keçirilir və hissə-hissə ödənilməsinə yol verilmir.

 

Bir kredit təşkilatına zəmanətlər üzrə edilmiş ödənişlərin (zəmanətə görə ödəniş edilmiş kreditlər üzrə AKİA-ya daxil olan vəsait çıxılmaqla) və kredit təşkilatının cari ödəniş tələbinin ümumi məbləği AKİA-nın həmin kredit təşkilatına verdiyi bütün zəmanətlərin 20 faizini keçdikdə, kredit təşkilatına verilmiş zəmanətlər üzrə ödənişlər dayandırılır. Bu zaman son 4 (dörd) ayda verilmiş zəmanətlər bütün zəmanətlərin qalıq məbləğlərinin hesablanmasında nəzərə alınmır. Bir kredit təşkilatına zəmanətlər üzrə edilmiş ödənişlərin (zəmanətə görə ödəniş edilmiş kreditlər üzrə AKİA-ya daxil olan vəsaitlər çıxılmaqla) ümumi məbləği AKİA-nın həmin kredit təşkilatına verdiyi bütün zəmanətlərin 20 faizindən aşağı düşdükdə zəmanətlər üzrə ödənişlər bərpa edilir.

 

Nazirlər Kabinetindən bildirilib ki, qərarın qəbulu ilə sahibkarlıq subyektlərinə müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi təmin ediləcək.

 


Xəbəri paylaş

171 dəfə oxunub.

Digər xəbərlər