İyunun 1-də Şuşa şəhərində “Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı başlayıb.
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda türk dövlətlərinin məktəbliləri iştirak edirlər.
Konsert proqramında türk dövlətlərinin bədii kollektivlərinin 209 üzvü öz ölkələrinin musiqi və rəqs mədəniyyətini tamaşaçılara təqdim edəcək.
Tanınmış mədəniyyət və incəsənət xadimləri, 250-yə yaxın məktəbli, şəhid övladları festivalın tamaşaçıları arasındadır.
Xatırladaq ki, layihə çərçivəsində qonaqlar iyunun 2-dək ekskursiyalarda iştirak edəcək, ölkəmizin zəngin təbiəti, tarixi-memarlıq abidələri, quruculuq işləri ilə tanış olacaqlar.
Beynəlxalq yaradıcılıq festivalının təşkilində məqsəd türkdilli dövlətlərdən olan uşaqlar arasında dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək, uşaqlara öz ölkələrinin tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini tanıtmaqdır.