Tarix: 11-03-2022 | Saat: 18:40
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi Bakıya çatıb.
Federasiyanın Mətbuat Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda yaxınları, məşqçilər və digər yığma üzvləri qarşılayıb.
Avropa çempionu Nihat Məmmədli (60 kq) məqsədinin qızıl medal qazanmaq olduğunu söyləyib: "Görüşlərim rahat keçdi. Finala çox yaxşı hazırlaşmışdım. Qarşıya qoyduğum məqsədə çatdım. Növbəti hədəfim gənclərin Avropa çempionatında da qızıl medal qazanmaqdır".
Cari yarışda ilk qızıl medalı qazanan Xasay Həsənli yarışa hazırlığın yanvarda başladığını xatırladıb: "Avropa çempionatına yaxşı hazırlaşmışdıq. Yarımfinal görüşüm daha çətin keçdi. Millidə çalışan məşqçilərimizə və şəxsi məşqçimə təşəkkürümü bildirirəm. Bu nəticəni böyüklər arasında da təkrarlamağa çalışacağam".
Millinin məşqçisi Həsən Əliyev bütün güləş ailəsini və qələbələrinə sevinən hər kəsi təbrik etdiyini söyləyib: "Bu yarışa tam heyətlə yollanmadıq. İki çəkidə yer alan güləşçilərimiz böyüklərin Avropa çempionatına hazırlaşdığı üçün Plovdivə aparmadıq. Bəzi çəkilərdə isə zədə problemiylə üzləşdik. Daha 3-4 medal qazana bilərdik. Altı çəkidən beşində medal qazanmaq böyük uğurdur. Bu nəticələr idmançıları daha da həvəsləndirəcək. Məşqçilər olaraq əlimizdən gələni edirik ki, güləşçilərimiz belə yüksək nəticələrə imza atsınlar".
Qitə birinciliyinə böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyev və Həsən Əliyevin rəhbərliyi altında 6 idmançıyla qatılan yığma 5 medal qazanıb. Bu, güləşin bu növündə U-23 Avropa çempionatlarında medal sayına görə rekord göstəricidir.
Xatırladaq ki, yarışda Nihat Məmmədli (60 kq) və Xasay Həsənli (77 kq) qızıl, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyevlə (87 kq) Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıb. (report.az)
Digər xəbərlər