Saytımızı qiymətləndirin


 
 

MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə davam etdirilib
Tarix: 31-05-2024 | Saat: 16:31
Bölmə:Karusel / Kriminal | çapa göndər

MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə davam etdirilib

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Qarabaginfo.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə bəzi dindirilən şahidlər yenidən məhkəməyə dəvət olunub.
Həmin şahidlərin məhkəməyə təkrar çağırılmasına səbəb onlar tərəfindən dövlətə dəymiş ziyanı ödəyib-ödəməmələri ilə bağlı məsələnin müəyyən edilməsidir.
Məhkəmədə dindirilən şahidlərdən biri Emin Poladovdur. O, 2015-2020-ci illərdə Cəmşid Naxçıvansiki adına Ali Hərbi Məktəbdə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, Baş Klinik Hərbi Hospitalda və son olaraq “N” saylı hərbi-hissədə maliyyə şöbəsinin rəisi olub.
Məhkəmədə təkrar ifadə verən Emin Poladov bildirib ki, onun tərəfindən dövlətə vurulan ziyan 2 milyon 621 manatdır. Həmin məbləğdən 525 min manat ziyan ödəyib.

Şahidin diqqətinə çatdırılıb ki, ziyanı ödəməyən şahidlər istintaq orqanına dəvət olunurlar, barələrində qətimkan tədbiri seçilir.
Suallara cavab verən Emin Poladov deyib ki, yaxın zamanlarda ziyanın ödənilməsi ilə bağlı işlər görməyə çalışır.
Digər təkrar dəvət olunan şahid Elşən Salamov deyib ki, hazırda "N" saylı hərbi hissədə Maliyyə Xidmətinin bölmə rəisi işləyir. Şahid deyib ki, istintaq zamanı 260 min manat ödəniş edib, amma ondan sonra ziyanın ödənilməsi üçün heç bir tədbir görməyib.
Məhkəmədə məlum olub ki, Elşən Salamov 1 milyon 573 manat dövlətə ziyan vurub. Hər iki şahidə dövlətə dəymiş ziyanın ödəmələri məsləhət görülüb.
Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə deyib ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi Namiq Poladovun dindirilməsi ilə bağlı geniş vəsatəti olacaq.
Proses iyunun 7-də davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.



Xəbəri paylaş

194 dəfə oxunub.

Digər xəbərlər
11-06-2022, 07:05 Antalyada zəlzələ olub