NATO Baş katibi Yens Stoltenberq Alyansa üzv ölkələri Ukraynaya hərbi yardım üçün hər il azı 40 milyard avro ayırmağa çağıracaq.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Reuters” NATO-dakı mənbəsinə istinadən məlumat yayıb.
Hazırda Praqada NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçirilir. Görüşün ilk gününün (30 may) əsas mövzusu Ukraynaya hərbi dəstək olub.
“Rusiyanın Ukraynada genişmiqyaslı hərbi əməliyyatından sonra NATO üzvləri hər il Kiyevə 40 milyard avroya yaxın vəsait ayırıb. Biz hazırkı dəstək səviyyəsini saxlamalıyıq”, – mənbə agentliyə deyib.
“Reuters” yazır ki, Stoltenberq bu məbləği əvvəllər açıqlamayıb, lakin NATO Ukraynaya dəstək üçün beş il ərzində 100 milyard avro və ya ildə 20 milyard avro məbləğində xüsusi fondun yaradılmasını müzakirə edib.
Baş katibin Kiyevə ildə 40 milyard avro ayrılması təklifinə bu gün baxılacağı gözlənilir.