Tarix: 29-05-2024 | Saat: 13:53
Bölmə:Karusel / Region | çapa göndər
Qarabaqinfo.az saytı adları müzakirə doğuran bəzi rayonlarla bağlı tanınmış şəxslərin fikirlərinin təqdimatına davam edir.
Bu dəfə mövzu ilə bağlı Ağcabədi rayonunu seçmişik.
"Ağcabədi" sözünün də mənşəyi ilə bağlı fərqli yanaşmalar var. Əksər mənbələrdə "Ağcabədi" adının mənası iri məskən (ağca-iri, badi-məskən, qəsəbə) kimi qeyd edilib. Kür-Araz ovalığının Mil və Qarabağ düzlərində yerləşən Ağcabədinin adı ilk dəfə 1593-cü ildə çəkilib.
1930-cu ildə Sovet hakimiyyəti Azərbaycan ərazisi inzibati bölgüyə bölən zaman Ağcabədi də rayon statusu alıb.
Tanınmış ağcabədililər rayonun adının hansı məna daşıdığı haqda nə bilirlər?
Ağcabədidən olan deputat Tahir Rzayev rayonun adının qədim etimologiyaya malik olduğunu vurğulayıb:
“Ağcabədi Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Keçmiş tarixi çox zəngindir. Bunu ərazidə aparılan arxeoloji qazıntılar eneolit, tunc dövrlərinə, antik və orta əsrlərə aid olan bir çox yaşayış məskənlərinin qalıqlarə müəyyən edir. Burada keçmişdə çox böyük yaşayış məskənləri olub. Bu gün də onların qalıqları var. Kamiltəpə, Nərgiztəpə, Qalatəpə, Qaraköbərdə aparılan qazıntılar göstərir ki, rayonun tarixi uzaq keçmişlərə gedib çıxır. Ağcabədi böyük kənd təssərüfatı rayonu olub. 1930-da rayon statusu alıb. Ağcəbədi şəhərinin bir qəsəbəsi, 43 kəndi var.
Əhalisi 150 minə yaxındır. "Ağcəbədi" adı ilə bağlı müəyyən fərziyyələr var. Hesab edirlir ki, Ağcabədi adındakı “Ağca” sözü iri, “badi” isə yaşayış məskəni deməkdir. Bu, məncə də həqiqətə daha uyğundur. Bir çoxlarına görə “Ağca” böyük, “badi” qəsəbə deməkdir. "Şorlaşan torpaq" mənasını da uyğun hesab edənlər var. Bir variant da budur ki, “Ağca” və “Badi” iki sevgili olublar. Mənə görə, ilk qeyd etdiyim versiya reallıqlara daha uyğundur. Çünki həqiqətən də Ağcabədi geniş əraziyə malikdir. Ağcabədinin iri yaşayış məskəni kimi xarakterizə olunması reallığı əks etdirir”.
Əslən ağcəbədili filologiya elmləri doktoru, professor Asif Rüstəmli “Ağcabədi" sözünün izahatı ilə bağlı yozumların mənasız olduğunu düşünür:
“Çox fərqli fikirlər var. Açığı, mən deyilən yozumları həqiqətə uyğun hesab edə bilmirəm. Mənim toponimlərlə məşğul olan dilçi dostum həmişə deyirdi ki, siz bodilərdən, qədim türk tayfalarındansınız.
Onun sözlərinə görə, “Ağcabədi”, ağ bodi tayfasının adındandır. Nə dərəcədə elmidir, bunu deyə bilmərəm.
Adlar konkret, elmi, məntiqi fikirlərə əsaslanır. "Ağcabədi" adı ilə bağlı tam elmi izahı olan, mənbəyə rast gəlməmişəm.
Ağcabədinin qədim türkələrə bağlılığı ağılabatandır. Orada tapılan Qalatəpə, Nərgiztəpə yaşayış məskəni ərazinin Azərbaycanın ən qədim bölgələrindən biri olduğunu göstərir. 18-ci əsrdə Ağcabədi Qarabağ xanlığının ərazisi olub. Hətta Mehdiqulu xan Ağcabədidə at çaparkən yıxılıb, dünyasını dəyişib. Ağcabədi ensiklopedik məlumat kitabı da çıxıb. O kitabda da "Ağcabədi" sözünün izahı verilib. Baxmayaraq ki, mən o kitabın elmi rəhbəriyəm, açığı deyim ki, yozumlar mənə inandırıcı görünmür.
Yozumun da fakta əsaslanan tərəfi olmalıdır. Ağcadəbililərə avşarlar, bayatlar, qiyaməddinlilər deyilir.
Ancaq bunlar ərazidə yaşayan tayfaların adlarıdır. Deyilən versiyalardan fərqli variant tapmaq mümkündür. Araşdırma aparılmalıdır. İstanbulda, Osmanlı İmperiyasının arxivində olduğum zaman Azərbaycanla bağlı 18-ci əsrə aid çox unikal sənədlərlə rastlaşdım. Hesab edirəm tapmaq olar. Qədim abidələrdə, məsələn, Mahmud Kaşğarinin əsərlərində axtarsaq, nələrsə tapa bilərik. İndiki deyilən versiyaların heç biri mənə inandırıcı gəlmir. Faktlara əsaslanan araşdırma aparılmalıdır”.
Digər xəbərlər