Tarix: 13-05-2024 | Saat: 21:35
Bölmə:Karusel / Region | çapa göndər
Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentlərinin deputatlarının üçtərəfli işçi görüşü mayın 13-də ŞKTC-nin paytaxtı Lefkoşada keçirilib.
Qarabaginfo.az xəbər verir ki, müzakirələrdə Azərbaycan tərəfdən Azərbaycan-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyevin rəhbərlik etdiyi Milli Məclisin deputatlarından ibarət qrup iştirak edib.
Müzakirələr zamanı ŞKTC parlamentinin spikeri Zorlu Töre üç ölkənin qarşılıqlı fəaliyyətinin daha da dərinləşdirilməsinə çağırıb. Onun sözlərinə görə, Azərbaycan və digər türk dövlətləri ilə əlaqələr Şimali Kipr Türk Cümhuriyyəti üçün son dərəcə əhəmiyyətlidir.
“ŞKTC-nin tanınması ilə bağlı gələcək səylər üçün möhkəm baza yaratmaq zəruridir”, - Z.Töre deyib.
ŞKTC parlamentinin rəhbəri Azərbaycana tezliklə səfər edəcəyini bildirib və öz ölkəsinin Azərbaycanla daha sıx qarşılıqlı fəaliyyətə hazır olduğunu vurğulayıb.
Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Əhliman Əmiraslanov çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin sözlərindən sitat gətirərək deyib: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz - Türk dünyasıdır... Bugünkü görüş Azərbaycan Prezidentinin sözlərinin gerçəkləşməsinə verilən növbəti töhfədir”.
Deputat ümidvar olduğunu bildirib ki, Azərbaycan-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasından sonra digər türk dövlətləri ilə də analoji qruplar təsis ediləcək.
Deputat Cavanşir Feyziyev də Lefkoşa ilə əməkdaşlığın inkişafı üzrə əməli addımların zəruriliyini vurğulayıb.
“Ümid edirəm ki, hər bir yeni görüşümüz ŞKTC-nin Türkiyə və Azərbaycanla əməkdaşlığının dərinləşməsində növbəti addımların sübutu olacaq", - deyə o qeyd edib.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım Prezident İlham Əliyevin həm regionda, həm də beynəlxalq aləmdə yürütdüyü siyasəti alqışlayıb. Onun sözlərinə görə, Azərbaycan dövlət başçısının siyasi xətti bütün Türk dünyasının maraqlarına cavab verir.
"Əminəm ki, ŞKTC ilə yaxınlaşma məsələsində digər ölkələr də Azərbaycanın nümunəsindən faydalanacaq”,- deyə Şamil Ayrım vurğulayıb.
Digər xəbərlər