Saytımızı qiymətləndirin


 
 

Prezidentə çaşıb doğrunu dedi...
Tarix: 13-05-2024 | Saat: 07:39
Bölmə:Karusel / Qarabağ / Yazar | çapa göndər

prezidente-casib-dogrunu-dedi

Ərəblərin Azərbaycana növbəti yürüşü baş verib. Amma bu dəfə əllərindəki o qılınc Babəkin qollarını “dirsəkdən bir qarış aşağı” kəsmək üçün deyil, “Salam, rəis İlham Əliyev!” demək üçün uzadılıb…

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəsmi salamlamasına qədər özümü çox tox saxlayıram. İçimdə söz vermişəm ki, bu dəfə ağlamaq yoxdur.

Amma o nitqini bitirəndə artıq dünyanın rəsmi trendinə çevrilməkdə olan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” kəlməsini işlədən kimi gözlərimdən yaş alın təri kimi axmağa başlayır...

Bunu görən dəyərli həmkarım Mir Şahin cibindən beş-altı dəsmal çıxarır.

“Hazırlıqlı gəlmişəm” - deyib birini mənə uzadır.

Yadıma 2021-dəki festival düşür.

Onda Mir Şahin cibindəki yeganə dəsmalla ikimizin də göz yaşını silib bu prosesə “Katarsis” - Mənəvi təmzlik prosesi adını vermişdi…

Budəfəki festival bir ayrı dastandır.

Təşkilatçı Heydər Əliyev Fondu məsələyə elə fəlsəfi, elə individual, elə həssas yanaşıb ki, təsirlənməmək mümkün deyil.

Festival başlamağa az qalıb. Hamı yerlərini tutur. Kimin harada oturacağı stullarda yazılıb.

Vaqif Gərayzadə ilə Heydər Əliyev Fondunun könüllüsünün söhbətinə qulaq şahidi oluram.

Oturacağı yeri tapa bilməyən Gərayzadə israr edir ki, ən axırıncı sırada əyləşməyə hazırdır, əziyyət çəkib onun yerini tapmaq lazım deyil.

Fondun əməkdaşı sanki onun yerini özü itirbmiş kimi həyəcan keçirir.

- Yox, lütfən, bu dəqiqə sizin yerinizi tapacağıq...

Budəfəki festivalda hamını heyrətləndirən məqam Zeynəb Xanlarova ilə Arif Babayev olur.

Xüsusən Arif Babayevi görən hər kəs təəccüblənir.

Yanımdakı həmkarım, İTV-nin rəhbəri Balakişi Qasımova deyirəm ki, görərsən, Arif Babayev səhnəyə çıxacaq.

Deyir inanmıram, kişi o halda deyil.

Az keçmir ki, Arif Babayev çətinliklə də olsa, Cıdır düzündə qurulmuş səhnəyə çıxarılır və “Pəncərədən daş gəlir, ay bəri bax, bəri bax” mahnısını oxuyur. Hansı ki, işğaldan qabaqkı festivalda oxumuşdu…

Bax budur Heydər Əliyev Fondunun yaddaşı, həssaslığı.

Əlbəttə, Arif Babayevi yaşının və səhhətinin bu vaxtında zülmlə daşıyaraq səhnəyə çıxarmağın amalı, məntiqi var idi. Sən estafeti buraxdığın yerdən davam etməlisən. Hər kəs bilməlidir ki, biz qırılmış əlaqələri bərpa edirik… 

Arif Babayevin o vəziyyətdə Cıdır düzündəki səhnəyə çıxarılması o demək idi ki, Azərbaycan xalqı qaldığı yerdən davam edir…

Bir epizod məni Zeynəb Xanlarova ilə bağlı təsirləndirir. Zeynəb səhnəyə öz ansamblı ilə çıxır. Ansamblda cəmi 4-5 nəfər qalıb. Tez şəkillərini çəkirəm.

Vaxtı ilə az qala səhnəyə bir orkestrlə çıxan Zeynəb Xanlarovanı indi cəmi 4-5 nəfər müşayiət edir. Belə çıxır, gedənləri heç kim ilə əvəzləmək istəməyib. Ürəyimdə şükür edirəm ki, heç olmasa, qoşanağara çalan Sadıq Zərbəliyev indiyə kimi əlindəki çubuğu başının üstündə oynada bilir deyə ansambl tam görünür…

Rəsmi tədbir başa çatır və biz geri dönürük. 

Şuşadan əliboş qayıtmamışam deyə düşünürəm. Bu dəfə nədən tutub yazacağımı fikirləşirəm. Evə gəlib yorğunluqdan çarpayıya uzanıram. Səhər gözlərimi Şuşada Prezidentin ilk qayıdan sakinlərə evlərin açarlarını verdiyi reporatjla açıram. Aralarında bir qazi var. Dövlət başçısı evin açarlarını təqdim edəndə qazinin sinəsindəki medallarla maraqlanır.

Şuşalı qazi təqdim edir:

- Qubadlının, Şuşanın, Füzulinin azadlığına görə, “Cəsur döyüşçü” və çaşıb “Vətən Müharibəsi İştirakçısı” medalını Vətən Müharibəsi Qəhrəmanı kimi təqdim edir.

Məncə, o əsgər çaşmır, əslində həqiqəti deyir.

Vətən Müharibəsi Qəhrəmanı… Bu gün Azərbaycanda Ali Baş Komandandan tutmuş, bu döyüşdə pay sahibi olan hər kəs Vətən Müharibəsi Qəhrəmanıdır…

Mundirinə taxılmasa da, ürəyinə taxılıb...

Elbrus Ərud



Xəbəri paylaş

11 175 dəfə oxunub.

Digər xəbərlər