Saytımızı qiymətləndirin


 
 

“Bu gün bəziləri İlham Əliyevi Xankəndiyə, Xocalıya görə ittiham edir, amma…”
Tarix: 25-12-2021 | Saat: 21:05
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Bu gün bəziləri İlham Əliyevi Xankəndiyə, Xocalıya görə ittiham edir, amma…”
44 günlük savaşda böyük uğurlarımızdan sonrakı proseslərə səbir və təmkinlə yanaşsaq da, bilirik ki, Azərbaycan dövlətinin faktiki olaraq Qarabağda xeyli yarımçıq işləri qalıb. Və bunları həll etmək heç də asan məsələ deyil… 

 

Əvvəla, Azərbaycan dövləti əsas bərpa, tikinti, yenidənqurma işlərini başa vuraraq, əraziləri minalardan təmizləyərək məcburi köçkünləri işğaldan azad edilmiş  torpaqlarımıza qaytarmalıdır. Ancaq bunun üçün ikinci əsas məsələni təhlükəsizlik məsələsini həll etməliyik. Halbuki, Qarabağın xeyli hissəsində separatçı, terrorçu, işğalçı qüvvələr hələ də tərksilah edilməyib. Düzdü, Azərbaycan ordusu gündən-günə güclənir. Bunu dünən –  dekabrın 24-də - Ali Baş Komandanın doğum günündə  Xocavənd rayonunun Hadrut qəsəbəsindəki hərbi hissənin yeni yaradılmış  “Komando” Birləşməsinin döyüş bayrağının verilməsi mərasimindəki görüntülər də sübut etdi...  Amma o var ki, əgər Qarabağdakı separatçılığa, terrorçuluğa xaricdən, xüsusən Rusiya və Fransa tərəfindən dəstək davam edərsə, bu, bizim üçün illərlə sürəcək böyük bir problemə çevrilə bilər. Gözümüzün qabağında ordusu dünyanın ən güclü ordularından biri olan Türkiyə on illərdir ki, “PKK” terroru qarşısında  nə qədər itkilərə məruz qalıb.  Və yalnız son illər həmin terrorçu təşkilatı sarsıtmağa başlayıb.  Lakin hələ də “PKK”-nın tam sonuna çıxılmayıb....

Noyabrın 13-də Şuşada Azərbaycan postuna qumbara atan hay terrorçusunun Rusiya hərbçiləri tərəfindən birbaşa Qarabağdakı separatçı-terrorçu xuntaya təhvil verilməsi adi fakt deyil.... Bu yaxınlarda Xankəndidəki qanunsuz “qanunverici orqan”ın qərarıyla separatçı başçı Araik Arutyunyan göstəriş verdi ki, orada yaşayan ermənilər silahlana bilər. Bu günlərdə isə yeni “müdafiə” funksiyalı “polis” qoşunları yaradılması haqda qərar verildi… 

Tutaq ki, sabah Zəngəzur yolu açıldı, bundan sonra  torpaqlarımızdakı qanunsuz silahlı qüvvələrin çıxarılacağına zəmanət varmı? Üçüncü əsas yarımçıq məsələmiz isə Xankəndi, Xocalı, Əsgəran, Ağdərə, Xocavənd rayon mərkəzi, eləcə də Laçın dəhlizindəki, Kəlbəcər, Ağdam, Tərtər rayonlarının Rusiya hərbi kontingentinin himayəsi ilə faktiki Ermənistan nəzarətində qalan onlarla yaşayış məntəqələrimiz  üzərində yurisdikisyamızın bərpasıdır ki, bu da  həmin ərazilərdəki separatçı-terrorçu qüvvələri zərərsizləşdirməmiş mümkün deyil... 

Qarabaginfo.az xəbər verir ki, mövzu ilə bağlı politoloq Cümşüd Nuriyev bunları söyləyib:

“Əslində, Qarabağdakı qalan işlərimizə “yarımçıq” deməzdim mən... Buna bir qədər siyasi yanaşmaq gərəkdir. 30 il işğal altında qalmış 4 min kvadrat kilometrlik ərazidə birdən-birə bütün dövlətçilik məsələlərini həll etmək mümkün deyil. Əlbəttə, Azərbaycan xalqının, dövlətinin qarşısında duran əsas məsələlərdən biri 44 günlük savaş nəticəsində azad etdiyimiz torpaqlara qayıdıb orada daimi məskunlaşmağımızdır. Nə qədər ki, biz Ağdama, Şuşaya, Kəlbəcərə, Laçının kəndlərinə qayıtmamışıq, Xocalıya, Xankəndiyə, Ağdərəyə və s. qayıtmaq məsələsi hələlik gündəmdə olmayacaq və düşmənlərimizin əl-qolu bağlanmayacaq”.

Politoloq əsas narahatedici məsələnin Laçın dəhlizi olduğunu diqqətə çatdırıb.

“Məni narahat edən əsas Laçın məsələsidir. Laçın məsələsi həll olunmalıdır.  Azərbaycan alternativ yolu çəkməli və Laçın şəhəri “dəhliz” ərazisindən çıxmalıdır ki, soydaşlarımız oraya və ətraf kəndlərə qayıtsın... Bir məsələni qeyd edim ki, Brüsseldə Prezident İlham Əliyev çox ağıllı bir bəyanat verdi. Dövlət başçısı bildirdi ki, əgər Zəngəzur dəhliz olmayacaqsa, Laçın da dəhliz olmayacaq və orada Azərbaycanın gömrük postları qurulacaq. Laçın yolunda yalnız gömrük postunun qoyulmasından söhbət getmir. Laçında öncə avtomatik olaraq dövlət sərhəd xidmətinin postu yerləşməlidir. Əgər orada sərhəd-keçid məntəqəsi yaradılsa, Qarabağdakı ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidir, ya da Azərbaycan torpaqlarını tərk etməlidir.  Qarabağa gəlmək istəyən Ermənistan vətəndaşları isə bunun üçün Azərbaycan hökumətindən viza almalıdırlar. Bu, çox ağıllı bir gedişdir” – siyasi şərhçi belə deyib.

“Ümumiyyətlə, Qarabağda görülən işlərin gələcəyindən narahat deyiləm. Zənnimcə, indiki şəraitdə ən ideal variant budur ki, biz hələlik Xankəndi, Xocalı, Əsgəran, Ağdərə məsələlərini çox da şişirtməyək. Bizim həm maddi imkanlarımız o qədər çox deyil... Digər tərəfdən, rəhmətlik Üzeyir bəy demiş, ermənilər siçan yaradanda biz artıq fil yaratmaq istəyirik. Hələ əldə etdiklərimiz tam mənada bizim olsun deyə, bir az səbir etməliyik. Vətən o vaxt vətən olur ki, orada daimi məskunlaşırsan. Xankəndi, Xocalı məsələləri də tədricən həllini tapacaq. Sadəcə, hər şeyi ağıl və təmkinlə etmək lazımdır. 

Bu gün bəziləri İlham Əliyevi Xankəndiyə, Xocalıya görə ittiham edir. İnanın ki, Xocalı da faktiki və hüquqi cəhətdən bizim olacaq, Xankəndi də...”- deyə Cümşüd Nuriyev vurğulayıb.(Moderator.az)



Xəbəri paylaş

1294 dəfə oxunub.

Digər xəbərlər