Saytımızı qiymətləndirin


 
 

“Bu gün təkcə öz ad günümə deyil, doğma Böyük Mərcanlının da yenidən “doğulmasına” sevinirəm” - MÜSAHİBƏ
Tarix: 01-10-2020 | Saat: 14:01
Bölmə:Karusel / Müsahibə | çapa göndər

Bu gün tanınmış şair, Əməkdar incəsənət xadimi xadimi Vaqif Bayatlı Odərin doğum günüdür. Ustad şairin 72 yaşı tamam olur. Vaqif Bayatlı bu gün həm də bütün Azərbaycan xalqı ilə birlikdə doğulub, boya-başa çatdığı Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin uzun illərdən sonra düşmən tapdağından azad olunmasının sevincini yaşayır.

Qarabaginfo.az Modern.az-ın əməkdaşının Vaqif Bayatlı ilə müsahibəsini təqdim edir:


- Vaqif müəllim, sizi ürəkdən təbrik edirik. Növbəti doğum günlərinizi Cəbrayılda, Böyük Mərcanlıda keçirəsiniz!

- Sizə minnətdaram. Amma bu gün təkcə öz ad günümə deyil, Böyük Mərcanlının da yenidən “doğulması”na çox sevinirəm.


- Böyük Mərcanlının işğaldan azad edilməsi haqqında xəbəri necə qarşıladınız?

- Böyük bir sevinclə! Mən Azərbaycan Ordusuna minnətdaram. Yeddi kəndimizin işğaldan azad olunması, mənim doğulub-böyüdüyüm Böyük Mərcanlının da bu siyahıda olması həddindən artıq sevindirici məqamdır. Şübhəsiz bütün Azərbaycan xalqı çox sevindi. Lakin azad olunmuş xalqların sakinləri üçün bu xəbər, xüsusi yerə malikdir. Bu xoş xəbər mənim üçün ad günü hədiyyəsi oldu. Bu gün tək mənim deyil, azad olunmuş torpaqlarımızdan olan  bütün insanların sanki ikinci dəfə dünyaya gəldiyi gündür. Azad olunan kəndlərimizin “doğum günüdür”.

Bizim kəndimizin sakinləri öz yurdlarını o qədər çox sevirlər ki, kəndlərin adını “Böyük Mərcanlı” və “Cocuq Mərcanlı” adlandırıblar.
Bu, torpağımıza qarşı olan sevgi və əzizləmə hissinin ən böyük nümunəsidir. Mən həmişə bütün Türk Dünyasının işğal altında olan torpaqları üçün dua edirdim. Mən bilirdim ki, ayaqlarından öpdüyüm o gözəl gələcək, mütləq gələcək!  O gözəl günlərdə hamı bir-birinin xoşbəxtliyi üçün çalışacaq. Və artıq biz o günlərə doğru addımlayırıq.


- Yəqin ki, imkan verilən kimi öz doğma kəndinizə baş çəkəcəksiniz. Öncə hara getməyi düşünürsünüz?  

- Öz yurduma getdiyim ilk gün uşaqlığıma baş çəkəcəm. İllərdir itirdiyim körpəliyimi, cocuqluğumu öpəcəm. Mənim uşaqlığım kəndin hər yerinə izlər salıb. Onları ziyarət edəcəm.


- Qələbə xəbərinə şeir yazmısınızmı?

- Qələbə xəbərinin elə özü şeirdir! Kəndimizin, torpaqlarımızın azad olunması xəbərindən daha yüksək əhval-ruhiyyəli bir şeir yazmaq mümkün deyil.


- Sağlamlığınızla bağlı narahatlığınızın olduğunu bilirik. Bəs hazırda səhhətiniz necədir?

- Bir neçə dəfə əməliyyat olunmuşam. Amma indi səhhətim yaxşıdır.


- Son olaraq, doğum gününüzdə bizimlə bölüşmək istədiyiniz duyğularınız maraqlıdır.

- Dediyim kimi, Azərbaycan xalqına daha böyük qələbə arzulayıram. Bütün Türk dünyasına xoş günlər diləyirəm, gözümüz aydın.



Xəbəri paylaş

428 dəfə oxunub.

Digər xəbərlər