Saytımızı qiymətləndirin


 
 

“Mühafizəçi əvvəllər dəfələrlə məhkum olunub”- Ağadadaş Ağayevin vəkili
Tarix: 25-07-2024 | Saat: 13:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

Xalq artisti Ağadadaş Ağayevin vəkili Asim Abbasov iyulun 22-də Bakıdakı “MedEra” hospitalında baş verən hadisə ilə bağlı açıqlama verib.

Bu barədə vəkil özünün sosial media hesabında paylaşım edib.

Vəkil müğənninin həkim nəzarəti altında müalicəsinin davam etdiyini bildirib: “Bildirirəm ki, hüquqlarını müdafiə etdiyim Ağadadaş Ağayev video görüntülərdən göründüyü kimi, hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri almış və buna görə də ciddi həkim nəzarəti altında müalicəsini davam etdirir.

Hazırda isə Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılmışdır. Qeyd edək ki, Ağadadaş Ağayev həmin gün gecə saatlarında evinə olduqca yaxın olan “Medera” Hospitalında qulaq nahiyəsindən ağır əməliyyat keçirmiş, həmin gecəni ağrıdan səhərə qədər yatmamış, səhər isə yenidən qulağında şiddətli ağrılar yaranmışdır. Ağrılar dözülməz olduğu üçün o, eyvana çıxaraq “Medera” Hospitalının mühafizəçisindən köməklik istəmiş, ondan həkim çağırmasını xahiş etmişdir. Mühafizəçinin laqeyd münasibəti, daha sonra isə təhqiramiz ifadələri və təhrikedici hərəkətləri nəticəsində tərəflər arasındakı münasibət gərginləşmişdir”.

A.Abbasov qeyd edib ki, müğənniyə hücum edən şəxs dəfələrlə məhkum olunub: “Bundan başqa daha əvvəl dəfələrlə məhkum olmuş qarşı tərəf N.Cəlilov 2013-cü il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü əsasında AR CM-nin 144-cü maddəsi (adam oğurluğu) ilə təqsirli bilinərək 9 il müddətində azadlıqdan məhrum edilmişdir. O, həbsdən yeni çıxmışdır. Həmçinin N.Cəlilov daha əvvəl də Rusiya Federasiyasında “xuliqanlıq” maddəsi ilə məhkum edilmişdir.

Yeri gəlmişkən onu da qeyd edim ki, Ağadadaş Ağayevin özü artıq bir neçə ildir ki, ciddi onkoloji xəstədir, mütəmadi olaraq ağır dərmanlar qəbul edir, bu səbəbdən də həm fiziki, həm də psixoloji vəziyyəti daimi gərginlik altındadır.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. Bu müddət ərzində kütləvi informasiya vasitələrini və media subyektlərini doğruluğu təsdiqlənməmiş məlumatları yaymaqdan çəkinməyə səsləyirəm. Yayılmış video görüntü baş vermiş hadisənin sadəcə bir epizodunu əks etdirir. İş üzrə istintaq başa çatdıqdan sonra həmin epizoda qədər və ondan sonra da olan hadisələri özündə əks etdirən video görüntü və iş üzrə əhəmiyyət kəsb edən digər detallar ictimaiyyətə təqdim ediləcək. Bununla da əsl həqiqət hamıya məlum olacaq”.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə onu hədələdiyini bildirib.

N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

İş üzrə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.

Münaqişə tərəfləri N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir(modern.az).



Xəbəri paylaş

1107 dəfə oxunub.

Digər xəbərlər