Saytımızı qiymətləndirin


 
 

“Təzyiqə məruz qalanların görüntüləri paylaşılarkən onların gələcək taleyi düşünülmür”- Bahar Muradova
Tarix: 04-03-2024 | Saat: 15:08
Bölmə:Karusel / Sosial | çapa göndər

Bahar Muradova Milli Məclisdə hesabat verdi - YENİLƏNİB

Azyaşlılar, həmçinin sosial psixoloji xarakterli təzyiqə məruz qalan insanlar ilə bağlı bu və ya digər hüquqazidd əməl törədildikdə həmin məlumatların mediada yayımlanması zamanı mətbuat nümayəndələri qanunun tələblərinə əməl etməlidirlər. Cəmiyyətin sürətli inkişafı ilə əlaqədar yeni texnologiyaların meydana gəlməsi nəticəsində rəsmi media qurumlarından fərqli olaraq, sosial şəbəkə istifadəçiləri bu məsələyə fərqli prizmadan yanaşır. Sosial şəbəkələrdən istifadə edənlər digərləri ilə müqayisədə daha üstün mövqeyə sahibdirlər. Belə ki, onlar istədikləri informasiyanı paylaşmaqda sərbəstdirlər. Çünki sosial şəbəkələrin fəaliyyəti qanunla tənzimlənmir.

Bu gün Azərbaycanda demək olar hər kəs sosial şəbəkə istifadəçisidir. Sosial şəbəkələrdə informasiya paylaşarkən heç bir mənəvi meyarlara əməl etməyən şəxslər məhz bu qarışıqlığın yaranmasına səbəb olurlar. Onlar təzyiqə məruz qalan azyaşlıların, eləcə də digər yaş kateqoriyasından olan şəxslərin fotolarını və ya videolarını paylaşarkən həmin şəxslərin gələcək taleyini düşünmürlər.

Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova söyləyib.

Komitə sədri sosial şəbəkə istifadəçilərinin də məsuliyyəti dərindən anlayaraq hər kəsin şəxsi həyatına dair məsələləri açıq şəkildə paylaşmaqdan çəkinməyi tövsiyə edib. B.Muradova qeyd edib ki, onlar adətən bu və ya digər hadisələrin başvermə səbəblərini və nəticələrini qiymətləndirməyə çalışırlar

Həmin istifadəçilərin bir qismi ictimai qınaq prosesində iştirak edir, yaxud istənilən mövzuya münasibət bildirməyə haqlarının olduğunu düşünür. Ancaq heç kəs unutmamalıdır ki, təzyiqə məruz qalan şəxslərin özləri də məlumatlarının paylaşılmasına etiraz etmək hüququna malikdirlər.

“Eyni zamanda, baş vermiş hadisədə cinayət əməli varsa, cinayət törətməkdə şübhəli bilinən şəxsin məlumatlarının yayılmasında da müəyyən meyarlar gözlənilməlidir. Xüsusilə də şiddətə məruz qalmış şəxslərin görüntüləri açıq şəkildə paylaşılmamalıdır. Bu kontekstdə sosial şəbəkə istifadəçiləri də qaydalara əməl etməlidirlər. Onlar nəzərə almalıdırlar ki, şiddətə və ya hər hansı təzyiqə məruz qalan insanlar gələcək həyatlarına davam etməlidirlər. Çünki onların hər birinin işlədiyi, oxuduğu, təhsil aldığı, yaşadığı məkanlar var və cəmiyyət arasında nüfuzlarına zərər gələ bilər. Bundan əlavə, məlumatlarının açıq şəkildə paylaşıldığını görən insanların psixoloji vəziyyətində ağırlaşma halları da müşahidə edilir. Həm media mənsubları, həm də sosial şəbəkə istifadəçiləri bu və ya digər məsələyə münasibət bildirərkən özlərini başqalarının yerinə qoymağı bacarmalı, insanların gələcək həyatını çətinləşdirməməlidirlər. Çünki hər hansı bir işi görərkən mütləq onun məsuliyyətini anlayaraq hərəkət etmək lazımdır”, – deyə B.Muradova vurğulayıb(azərtac).



Xəbəri paylaş

1102 dəfə oxunub.

Digər xəbərlər