Tarix: 18-01-2024 | Saat: 17:51
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
TƏBİB tabeliyindəki tibb müəssisələrinə ötən il dekabr ayının sonlarında və bu il yanvar ayının ilk günlərində Hepatit A virusuna yoluxan şəxslər tərəfindən müraciətlər daxil olub.
Bunu Qarabaginfo.az-a açıqlamasında TƏBİB-in Tibbi Xidmətlərin İnkişafı Departamentinin rəhbəri Yaqut Qarayeva deyib.
O bildirib ki, yoluxanlar arasında həm böyüklər, həm də uşaqlar var: "Böyüklərin hospitalizasiyası əsasən, Sabunçu Tibb Mərkəzinin yoluxucu xəstəliklər şöbəsində, uşaqların hospitalizasiya isə həm Sabunçu Tibb Mərkəzində, həm də 1 saylı Uşaq Yoluxucu Xəstəxanasının xüsusi ayrılmış korpusunda həyata keçirilir".
Yaqut Qarayeva qeyd edib ki, TƏBİB tabeliyindəki xəstəxanalarda xəstələrin müalicəsi üçün şərait yaradılıb: "Xəstəxanalarda peşəkar infeksionist həkimlərimiz fəaliyyət göstərir və bütün ehtiyac olan dərman preparatları var".
Onun sözlərinə görə, TƏBİB-in əsas vəzifəsi tabeliyindəki tibb müəssisələrinə müraciət edən xəstələrin müalicəsidir: "TƏBİB tabeliyindəki xəstəxanalarda fəaliyyət göstərən həkimlər daxil olan müraciətlər əsasında şübhəli hal olarsa, ərazi üzrə Gigiyena və Epidemiologiya Mərkəzinə məlumat verirlər. Bundan sonra mərkəzin əməkdaşları xəstəliklərin səbəbləri istiqamətində müvafiq tədbirlər görürlər. Hepatit A virusu ilə bağlı da TƏBİB-lə Səhiyyə Nazirliyinin müvafiq qurumları ilə sıx əməkdaşlıq edir və əks-epidemik tədbirlərin görülməsi barədə bizə məlumat verirlər".
Yaqut Qarayeva onu da deyib ki, Hepatit A virusuna su, qida məhsulları və təmas yolu ilə yoluxulur: "Adətən kiçik ocaqlarda, ailə içində təmas vasitəsilə bu virusa yoluxma mümkün olur. Bu virusa qarşı atılacaq addımlar əsasən gigiyena qaydalarına riayət etmək və su mənbələrinin keyfiyyətinə diqqət etməkdir. Düşünürəm ki, dövlət tərəfindən bu istiqamətdə lazımlı addımlar atılır və tezliklə yoluxma sayı azalacaq. Ümumilikdə isə belə bir məlumat var ki, Hepatit A xəstəliyinə yoluxma hallarının sayında 3-5 ildən bir artım müşahidə edilə bilər".
Digər xəbərlər