Tarix: 17-01-2024 | Saat: 17:40
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
Bakının Sabunçu rayonunda əhali arasında, xüsusilə uşaqlarda sarılıq xəstəliyinə (Hepatit A) yoluxma ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Xəbərlərə görə, Əmircan və Bülbülə qəsəbəsində sakinlər arasında Hepatit A virusuna yoluxma halları var.
Qarabaginfo.az, sakinlər bildiriblər ki, yoluxanların çoxu Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasındadırlar.
Xəstəxanadan bildiriblər ki, Bakı kəndlərindən sarılığa yoluxma ilə bağlı bir müddət əvvəl müraciətlər çox olsa da, hazırda qismən səngimə var.
Xəstəxandan yoluxanların çoxunun "qaraçılar" kimi tanınan köçəri tayfa nümayəndələri olduğu da bildirilib. O da bildirlib ki, sarılığa yoluxan uşaqlar arasında sığınacaqlarda məskunlaşan uşaqlar da olub.
Sakinlər onu da bildiriblər ki, sarılıq xəstəliyinin Bakıətrafı kəndlərə verilən içməli sudan yayılma ehtimalı var.
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbələrində aşkarlanan hepatit A virusu ilə bağlı müvafiq araşdırmalar aparılıb. Məktəblərdə və yerlərdə dezinfeksiya tədbirləri həyata keçirilir. Hazırda bu istiqamətdə "Azərsu" ASC ilə birlikdə araşdırmalar davam edir. Suraxanı rayon icra hakimiyyətinə də, yerli bələdiyyə orqanlarına da müvafiq tapşırıqlar verib.
Bülbülə Qəsəbə Bələdiyyə sədri Natiq Həsənov Sputnik Azərbaycan-a bildirib ki, qəsəbədə uşaqlar arasında sarılıq xəstələyi qeydə alındıqdan sonra ərazidəki yeraltı və yerüstü su çənləri boşaldılaraq dezinfeksiya olunub.
"Ərazidə yaşayan insanlara da xəbərdarlıq edilib ki, çiy su içməsinlər. Analizlər götürülərək yoxlanılması üşün göndərilib. Ehtimal olunur ki, yoluxma heç sudan yox, məktəbdə ayaqyolundan yayılıb", - deyə bələdiyyə sədri bildirib.
Əmircan Qəsəbə Bələdiyyəsinin sədri Cəmilə Ağayeva isə ərazidə sarılığa yoluxma faktı, hansı tədbirlərin görüldüyü barədə məlumat verməkdən boyun qaçıraraq KİV-ə açıqlama vermədiyini bildirib.
Xatırladaq ki, ötən ilin noyabr ayında Mingəçevir və Yevlaxda uşaqlar arasında sarılıq xəstəliyi yayılmışdı.
Qeyd edək ki, "Hepatit A" (xalq arasında "sarılıq") virusu ən çox çirkli sulardan keçir. Yaxşı yuyulmamış tərəvəzdən, hovuz və dəniz suyundan da "Hepatit A" virusuna yoluxma riski daha çoxdur.
"Hepatit A" xəstəliyinin simptomları solğunluq, saralma, halsızlıq, ürək bulantısı, temperatur və sidik rənginin tündləşməsidir. (Sputnik)
Digər xəbərlər