İrəvandan növbəti dəfə sülh sazişi ilə bağlı bəyanat səsləndirilib. Belə ki, Ermənistan parlamentinin sədri Alen Simonyan erməni mediasına açıqlamasında deyib ki, Azərbaycan hakimiyyəti siyasi iradə nümayiş etdirsə, 15 gün ərzində Bakı ilə İrəvan arasında sülh sazişi imzalana bilər: “Arzu edilərsə, Azərbaycan hakimiyyəti həqiqətən də siyasi iradə nümayiş etdirərsə, yaxın 15 gün ərzində sülh sazişi imzalana bilər”.
Onun sözlərinə görə, tərəflər demək olar ki, bütün fundamental məsələlər üzrə razılığa gəliblər. Simonyan əlavə edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanıyır: “Bu, Qarabağa da aiddir. Ermənistan Azərbaycanın tam şəkildə tanıyır. Bunu bəlkə də 8 dəfə bəyan etmişik”.
İki həftəyə sülh sazişinin imzalanmasının real olub-olmaması ilə bağlı Azpost.info-nun sualını cavablandıran sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov deyib ki, yekun sülh müqaviləsinin tezliklə imzalanması mümkün deyil: “Birincisi, biz anlamalıyıq ki, sülh sazişi dedikdə, ilkin olaraq çərçivə sazişini nəzərdə tuturuq. Yəni imzalanan çərçivə sənədində hansısa tezislər əksini tapa bilər. Amma bütün məsələlərin qısa zamanda həllini tapması mümkün deyil. Hansısa sənəd imzalanarsa, bu, bəyanat xarakterli sənəd olacaq”.
“Məsələn, sərhədlərin delimitasiya və demarkasiyası uzun zaman tələb edir. Eyni zamanda, kommunikasiyaların blokdan çıxarılması, bərpası aylarla iş tələb edən məsələdir. Burada humanitar məsələlərin həlli var, digər mövzular var. Ona görə də bu məsələləri iki həftə ərzində həll etmək təbii ki, mümkün deyil”, – diplomat qeyd edib.
T.Zülfüqarov vurğulayıb ki, İrəvandan verilən bu bəyanatlarla Ermənistan guya sülhlə bağlı tələsdiyini nümayiş etdirir: “Guya ki, Ermənistanın sülhlə, sərhədlərlə bağlı mövqeyi Qərb tərəfindən dəstəklənir. İrəvan çalışır ki, prosesə Qərbi və Fransanı cəlb etsin. Amma nəzərə almaq lazımdır ki, Rusiyanın da məsələ ilə bağlı öz mövqeyi var”.
“Azərbaycan sülh danışıqlarından və sazişi imzalamaqdan qaçmır. Sadəcə Azərbaycanın məqsədi milli maraqlarını, dövlət maraqlarını təmin edən sənədin imzalanmasına nail olmaqdır. İrəvandan verilən bəyanatlar fonunda elə anlaşılmamalıdır ki, Ermənistan sülhdə maraqlıdır, Azərbaycan maraqlı deyil. Bu, belə deyil və bunu Ermənistanda da yaxşı anlayırlar”, – deyə sabiq nazir fikrini tamamlayıb.