Saytımızı qiymətləndirin


 
 

Bu gün onların günüdür: Kəlbəcərlilər doğma yurdlarından DANIŞIR
Tarix: 25-11-2023 | Saat: 14:38
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Bu gün onların günüdür: Kəlbəcərlilər doğma yurdlarından DANIŞIR

2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.

 

Bu gün Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən üç il ötür. Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi.

 

Beləliklə, Kəlbəcər və Laçın rayonları, Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.

 

Beləliklə, bu gün Azərbaycanda ilk dəfə Kəlbəcər şəhəri günü qeyd olunur.

 

Qarabaqinfo.az Kəlbəcərdən olan məşhur şəxslərin bu günlə bağlı təəssüratlarını öyrənib.

 

Azərbaycan Respublikasının əməkdar artisti Babək Niftəliyev Kəlbəcərin azad olunmasında iştirak edən hər kəsə öz təşəkkürlərini çatdırıb:

 

“İlk növbədə Ali Baş Komandanımıza təşəkkür etmək istəyirəm. Çünkionun məqsədyönlü syasəti,düzgün zamanda döyüş əmrini başlatması qələbəmizə səbəb oldu. Allahdan şəhidlərimizə rəhmət, qazilərə şəfa diləyirəm.  Xalqımız dəmir yumruq kimi birləşdi. Cəbhə bölgəsinə yardım üçün əllərindən gələni etdilər. Demək olar ki, hər kəs döyüşmək üçün silah istəyirdi. Bu arada həkimlərimizi də yaddan çıxarmaq olmaz. Onlar şəhidlərimizə qazilərimizə öz övladları, qardaşları kimi baxdılar. Allah hamısından razı olsun”.

Əməkdar artist bu yay Kəlbəcərdə olduğunu, həm sevindiyini, həm kədərləndiyini deyib.

 

“Kəlbəcər işğaldan azad olunduğu üçün sevincliydim. Kədərliydim ona görə ki, bu torpaqların azad olunmasında şəhid və qazilərimiz oldu. Mən hər kəsi o torpaqlara ayaq basanda ehtiyyatlı olmağa çağırıram. Çünki o torpaqlarımızın hər qarışında şəhid qanı var.  İstəyirəm ki, oraya ayaq basanda ilk olaraq şəhidlərimizin ruhuna salavat çəksinlər. Min şükür ki, müharibədən əvvəl də hərbçilərimizin yanında olmuşam. Dünən Kəlbəcərə görə Xalça muzeyində tədbir də keçirildi.  Tədbirdə Kəlbəcərin üzdə olan simaları iştirak edirdilər. Çox təqdirəlayiq illər keçiririk".

 

 Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov Kəlbəcərdə bu gün sürətlə aparılan bərpa-quruculuq işlərinin sevindirici hal olduğunu vurğulayıb:

 

"Kəlbəcər Qarabağın dilbər guşələrindən biridir. Kəlbəcər Azərbaycanın mədəniyyəti, təbiəti, eyni zamanda insanları ilə zəngin olan bir ərazisiydi.1993-cü ildə Kəlbəcər işğal edilib və 27 illik həsrət yaranıb. Bu həsrətə 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan ordusu tərəfindən son qoyuldu.Bu gün  Kəlbəcərdə böyük bərpa-quruculuq işləri aparılır. Kəlbəcərdə artıq 6 su elektrik stansiyası istifadəyə verilib.Zallar, Zar, Yanşaq kəndlərində də bərpa işləri başlayıb. "İstisu" qəsəbəsində böyük sanatoriya inşa olunub.Mən deyərdim ki, "İstisu" əvvəlkindən daha böyük şöhrətə qovuşacaq. Orada həm də şüşə zavodu inşa olunub. "İstisu" qablaşdırılıb, Azərbaycanın müxtəlif bölgələrinə, eləcə də dünyaya çıxarılacaq. Çünki "İstisu"  tərkibinə görə ən zəngin mineral sulardan biridir. Bir sözlə, görülən işlər onu deməyə əsas verir ki, Kəlbəcər Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevriləcək".

A.Şirinov Kəlbəcərə işğaldan sonra ilk ziyarəti zamanı keçirdiyi hisslərdən də danışıb:

 

"Mən Kəlbəcərə ilk dəfə Azərbaycan Udi dini icması ilə Xudavəng monastrını ziyarət üçün getmişdim. Bilirsiniz, bu hissləri sözlə ifadə etmək çox çətindir. Çünki mən Kəlbəcərdən uşaq ikən çıxmışdım. Mənim bütün uşaqlıq xatirələrim gözümdə canlandı. Evimizi gördüm. İşğal zamanı ermənilər orada yaşamışdılar. Daha sonra oranı tərk edəndə evi yandırıb çıxıblar. Dağıdılmış yerləri görəndə məyusluq hissi keçirdik. Lakin içimizdə böyük bir sevinc hissi də vardı. Çünki daşlar, divarlar yenidən bərpa oluna bilər. Əsas torpağın bizdə olmasıdır. İlk olaraq üəryimdə şəhidlərimizə, qazilərimizə, ordumuza və Ali Baş Komandanımıza minnətdarlıq hissi keçdi. Kəlbəcərlilər həmişə xeyir işlərində məclisin eynisini Kəlbəcərdə keçirərik deyə arzu edirdilər. Açığı onlar bunu desələrdə, inamları az idi. Çünki dünya güclərinin buna mane olacağını düşünürdülər. Şükürlər olsun ki, bu məsələ öz həllini tapdı. Bu da dövlətimizin, şəxsən cənab Prezidentin apardığı məqsədyönlü siyasətin, Ulu öndər tərəfindən qoyulan strategiyanın nəticəsiydi. Bu gün kəlbəcərlillər dörd gözlə doğma yurdlarına qayıdıb, yaşayacaqları günləri gözləyirlər. 2024-cü ildə inşallah Kəlbəcərə ilk köç başlayacaq"

 

Jurnalist Xalid Kazımov isə söyləyib ki, bu gün bütün azərbaycanlılar üçün sevinc dolu günlərdən biridir:

 

" Kəlbəcər şəhəri 28 ildən sonra işğaldan azad edilib. Bu günün əhəmiyyəti həm də ondan ibarətdir ki, Kəlbəcərlə yanaşı, Laçın və Ağdam da bir güllə atılmadan düşməndən təmizlənib. Təbii ki, bu, Ali Baş Komandanın həyata keçirdiyi uğurlu siyasətin nəticəsində mümkün olub. Çünki Kəlbəcər kimi, hər daşı, qayası bir səngər olan şəhəri işğaldan azad etmək müəyyən qədər zaman alacaqdı. Eyni zamanda itkilərimiz olacaqdı.. 2021-2023-cü illərdə Kəlbəcərə gedə bilmirdik. Çünki yollar yox idi. Qış aylarında Murovdağ ərazisindən getmək olduqca çətin idi. 2023-cü ilin sentyabr ayında keçirilən birgünlük antiterror əməliyyatları zamanı Kəlbəcərin ənənəvi istifadə etdiyi Ağdərə yolu da tam təhlükəsizlik vəziyyətinə gətirilib. Yəqin ki, bu ildən, yaxud gələn ildən Kəlbəcərə gedərkən məhz həmin yoldan istifadə edəcəyik. Kəlbəcər rayonunu quruculuğunda bu yolun böyük əhəmiyyəti var. Düşünürəm ki, qısa zamanda ərazidə geniş quruculuq işləri aparılacaq və rayon sakinləri öz dədə-baba yurdlarına qayıdıb məskunlaşa biləcəklər".

Xalid Kazımov kəlbəcərlilərin də quruculuq işləri aparmaq istədiklərini bildirib:

 

"Biz kəlbəcərlilər olaraq rayonun quruculuğunda fəal iştirak etmək istəyirik. Dövlətimiz icazə verərsə, sakinlər də öz evlərinin bərpa prosesində iştirak edə bilər. Bu rayon ərazisində məskunlaşmanı daha da sürətləndirməyə kömək edə bilər. Sevincimiz olduğu qədər bu ərazilərin işaldan azad olunması üçün həyatını qurban verən qardaş və bacılarımız üçün müəyyən qədər də kədərimiz var. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa versin. Dövlətimizi güclü, bayrağımızı daim uca etsin".



Xəbəri paylaş

1106 dəfə oxunub.

Digər xəbərlər