Saytımızı qiymətləndirin


 
 

Bayden Senatın qərarını imzalasa, Qorbaçovlaşacaq...
Tarix: 21-11-2023 | Saat: 12:52
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Bayden Senatın qərarını imzalasa, Qorbaçovlaşacaq...

“Gerçəkdənmi, Ağ Ev Azərbaycana Xankəndini azad edəndən sonra fikrini dəyişib? Əsla yox! 44 günlük müharibənin qəfil başlanmasından xəbər tutmayan Mərkəzi Kəşfiyyat İdarəsi bir dövlətin qələbəsini və Cənubi Qafqazdakı geosiyasi inqilabın Qərbi, avroatlantik dövlətləri regiondan çıxarmasını qəbul edə bilmir. Son 3 ildə Ermənistan-Azərbaycan sülh danışıqlarını zəbt etmək, Avropa Birliyinin əliylə Ermənistana 2.6, Azərbaycana 2 milyard rüşvət planı ilə dövlətlərin mövqelərini satın almağa çalışır. ABŞ istəyir ki, müqavilə onların şərtləri ilə Vaşinqtonda imzalansın, ona görə mediası, USAID kimi onlarla inqilab yayan maliyyə və qeyri dövlət institutları, Konqresi ilə Dağlıq Qarabağın gələcəyini Azərbaycandan kənarda axtarır”. 


Qarabaqinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.


“ABŞ-ın hərbi yardımları dayandırması Prezident İlham Əliyevi müstəqil siyasətdən daşındırmaq, ölkəmizi antirus koalisiyasına qoşmaq və sülh danışıqlarını Moskvada keçirməkdən imtina planıdır. Beləliklə, Ermənistanın təhlükəsizliyinə ən böyük zərbəni Türkiyə və Azərbaycan deyil, Amerika vurur. Çünki onu öz imperiya oyunlarına  alət edir, İrəvanı ayaq altına çevirir. Amerika silahlarının Ermənistana veriləcəyi, NATO qüvvələrinin süngüsü altında erməniləri Xankəndiyə qaytarmağa çalışacağı şübhə doğurmur. İrəvanda hərbi təlimlər, göndərilən instruktorların planı budur. 


Onlar guya Azərbaycanı Zəngəzura hücuma təhrik etdiklərini düşünürlər, lakin  dərk etmirlər ki, İlham Əliyev Brüsseldən və Vaşinqtondan idarə olunan, indi ərazi bütövlüyünü itirən rəhbərlərdən deyil. Konqresdə müzakirələr zamanı Obrayen dedi ki, sülhyaradıcı qüvvələr Xankəndində qalmasın. Bəli, Qərb dünyası Rusiya ordusunun kiçik bir hissəsinin sülhpərvər olmasını istəmir-onlara işğalçı rus ordusu obrazı gərəkdir ki, guya onları qorumaq adı ilə qoşununu yeritsin. 800 milyard dollarlıq İraq əməliyyatında 654 min, 2 trilyon dollara başa gələn Əfqanıstan müharibəsində 200 minə qədər insan tələfatından sonra Amerika ordusunu gətirib sülhməramlı kimi Göyçə dağlarında yerləşdirmək olarmı?

 

Amerikanın Qafqazda hərbi siyasətini ifşa edən Maykl Loueler adlı bir parlamentari Obrayenə deyir ki, etiraf edin, son 20 ildə Azərbaycanı İran və Rusiyaya qarşı silahlandırmağımız səhv olub, çünki Bakı Moskva və Tehranla yaxşı əlaqələrə malikdir. Deməli, son 20 ildə cəmi 164 milyon dollarlıq hərbi yardım ölkəmizin təhlükəsizliyini və ordusunu möhkəmləndirmək, Qələbəyə hazırlamaq üçün deyil, qonşu dövlətlərlə bizi toqquşdurmaq planına xidmət edib. Son 30 ildə Vaşinqton indi DTX təcridxanasında yatan Qarabağ rejiminə 200 milyon dollar ayırmaqla separatizmi maliyyələşdirib. Əvəzində Birləşmiş Ştatlar torpaqlarımızın işğaldan təmizlənməsinə bir qəpik də xərcləməyib, çünki silahı başqa dövlətlərdən almışıq. 


Azərbaycan xarici yardımlardan asılı ölkə deyil. Bayden Senatın qərarını imzalasa, o, Qorbaçovlaşacaq və Qafqazda qanlı müharibələrin müəllifinə çevriləcək.


Ona görə də əsas sual budur-biz hansı addımları atmalyıq? Bütün millətimizlə və daha çox dövlətlərin müttəfiqliyi ilə qələbəmizi qorumaq, Amerikanın çoxqütblü siyasi qüvvələrilə intensiv çalışmaq və nəhayət, Türkiyə ilə Ermənistan sərhədlərini açaraq, Qərbin planlarını iflasa uğratmalıyıq ”,- deyə komitə sədri bildirib.



Xəbəri paylaş

154 dəfə oxunub.

Digər xəbərlər