Tarix: 03-11-2021 | Saat: 14:36
Bölmə:Karusel / Gündəm | çapa göndər
Məcburi köçkünlərə oktyabr ayı üzrə verilən sosial müavinətdən yenə 3, 5, hətta 12 manat tutulub.
Bu barədə məcburi köçkünlər məlumat verib.
Şikayətçilərin sözlərinə görə, Kapital Bank artıq bu il üçüncü dəfədir ki, məcburi köçkünlərə verilən müavinətdən qeyri-qanuni haqq tutub. Birinci tutulma mart, ikinci tutulma isə may ayında olub.
Bir ildə üçüncü dəfə müavinətin tutulması məcburi köçkünlərin narazılığına səbəb olub. Şikayətçilərin sözlərinə görə, birinci tutulmada əsas gətirilib ki, müavinət guya bank xidmətləri üçün çıxılıb. Halbuki xidmət haqqı ildə bir dəfə tutulur.
Təxminən 600 minə qədər məcburi köçkünün plastik kartla “çörək pulu” aldığını nəzərə alsaq, bu, təqribən 3 milyon manata yaxın vəsait edir. Nəzərə alsaq ki, sözügedən tutlma bir ildə üç dəfə baş verib, bu, il ərzində təxminən 9 milyon manata yaxın vəsait edir.
Qeyd edək ki, vahid aylıq müavinət alan məcburi köçkünlər iki kateqoriyaya bölünür. Birinci kateqoriyaya aid edilənlərə - fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə hazırda ayda 33 manat vahid aylıq müavinət verilir.
İkinci kateqoriyaya aid olanlar - fərdi qaydada sayğaclardan istifadə edən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər isə hazırda 60 manat vahid aylıq müavinət alırlar.
Müavinətin ildə üç dəfə kəsilməsi və illik xidmət haqqının hansı meyarlara görə təyin edilməsi anlaşılmazlıq yaradıb.
Kapital Bank sözügedən məsələ ilə bağlı susqunluq nümayiş etdirir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirir ki, müvafiq qayda əsasında, hər bir məcburi köçkün üçün ayrılmış vəsait onun üzvü olduğu ailə başçısının adına açılan bank hesab kartına köçürülür. Maliyyə Nazirliyi İctimaiyyətlə əlaqələr sektorunun müdiri Mayis Piriyev isə Teleqraf.com-un sorğusuna cavab olaraq aidiyyəti üzrə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və Kapital Banka müraciət etməyimizi tövsiyə edib. İqtisadçı Natiq Cəfərli bildirib ki, əgər şikayət varsa, ən optimal variant məhkəməyə müraciət etməkdir: “Şikayətçilər qrup şəklində sözügedən məsələ ilə bağlı yerli instansiyalara müraciət etməlidir. Bu, həm rezonans doğurar, həm ictimai müzakirələrin səviyyəsini artırar, həm də məhkəmə araşdırması nəticəsində cavabdeh tərəflərin bunu nə səbəbə etməsi müəyyənləşər. Burada bankın iştirakı və izahı da vacibdir. Bəlkə başqa dövlət qurumunun müdaxiləsi var. Məlumdur ki, indi ölkədə bir neçə fond fəaliyyət göstərir, bəlkə o fondlara pul köçürülüb? Məsələ ilə bağlı araşdırma aparmağa ehtiyac var. Göründüyü qədərilə rəsmi qurumlar da sorğunuza normal cavab vermir.
Doğrusu, iqtisadçı kimi bunun səbəbini izah etməkdə çətinlik çəkirəm. Bütün bunlara bank açıqlama gətirməli idi, əgər bank da susursa, insanlar məhkəmələrə müraciət edib öz haqlarını tələb etməlidir. Heç olmasa məhkəmə araşdırması zamanı hansısa həqiqətlər üzə çıxa bilər”.
Bankın xidmət haqqı tutması ehtimalına gəlincə, iqtisadçı qeyd edib ki, xidmət haqqı ildə bir dəfə tutulur: “Müqavilələrdən asılı olaraq bankların hansısa formada xidmət haqqı tutmaq səlahiyyəti var. Amma bu tipli sosial müavinətlərdən bankların xidmət haqqı cəlb etməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Bildiyim qədərilə qanunda bununla bağlı xüsusi bir qeyd var. Sosial müavinətlərdə bank xidmət haqqı tuta bilməz”.
Pravda.az
Digər xəbərlər