Tarix: 21-11-2023 | Saat: 12:51
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ-ın Azərbaycana qarşı hərəkətləri cavabsız qalmayacaq.
Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında ABŞ Senatının Azərbaycana qarşı qəbul etdiyi aktla bağlı müzakirələr zamanı deputat Tural Gəncəliyev bildirib.
Deputat deyib ki, ABŞ-ın son zamanlar ölkəmizlə bağlı bədxah addımları özünü gülməli şəkildə büruzə verir: “907-ci düzəlişin yenidən gündəmə gətirilməsi ABŞ-ın növbəti belə addımıdır. 1992-ci ildə bu sənədin qəbulundan sonra 2001-ci ildə terrora məruz qalanda ABŞ öz səhvini anlamışdı və 907-ci düzəlişin qüvvəsini dayandırmışdı. Yenidən belə olacağına inanıram. ABŞ Senatı, o cümlədən ABŞ dövlət katibinin köməkçisi Azərbaycana qarşı absurd fikirlər səsləndirir. Bütün bunlar ABŞ-ın ölkəmizlə bağlı iç üzünü göstərir. Biz indi başa düşürük ki, 30 il ərzində ATƏT həmsədri olan ABŞ bizim torpaqlarımızın işğal altında qalmasında maraqlı olub. Dünyada ən böyük hərbi büdcəyə malik olan ölkə ABŞ-dır, o, bir çox ölkələrə hərbi təcavüzünün davam etdirir. ABŞ dünyanın müxtəlif yerlərində öz qırmızı xətlərini tapdalayan ölkələrə qarşı amansız siyasət həyata keçirirlər. İraqı ABŞ darmadağın etmişdi, indiyə qədər İraq iflasa uğramış vəziyyətdədir, Əfqanıstan da o cümlədən. ABŞ regionda qardaş Türkiyəyə qarşı da destruktiv siyasətini illərdir həyata keçirir. ABŞ-ın bu hərəkətləri cavabsız qalmayacaq, biz region ölkələri olaraq onun bu siyasətinə qarşı duracağıq”.
Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Senatın Azərbaycana qarşı qəbul etdiyi akt qəbuledilməzdir: “ABŞ-ın regiona qarşı siyasəti açıq fazaya keçib, artıq siyasətini pərdələmir. Amerika imperialist dövlət kimi ədalətsizliyi tətbiq edən ölkəyə çevrilib. ABŞ başqa-başqa dövlətlərə qarşı bu cür addımlar atır. Azərbaycana qarşı ədalətsiz qərar qəbul edilib. Antimilli Şuranın üzvləri indiyə qədər ABŞ-ın Azərbaycana qarşı ədalətsiz qərarlarına qarşı bir dənə fikir səsləndirməyiblər. Onlar nəzərə almalıdır ki, anti-Azərbaycan qərarları ABŞ tərəfindən AXC-Müsavat dövründə qəbul edilib. Heç olmasa bunu nəzərə alsınlar. Əli Kərimli evində qırt toyuq kimi oturub üzvlərə deyir ki, ABŞ-ın bu qərarının Azərbaycana xeyri olacaq, demokratiya inkişaf edəcək. Biz hamımız Prezidentin arxasında durmalı və bu cür bəyanatlara kəskin münasibətimizi qoymalıyıq”.
Deputat Kamal Cəfərov qeyd edib ki, ABŞ-ın Cənubi Qafqazla bağlı siyasəti sülhə və praktiki əməkdaşlığa xidmət etmir: “Azərbaycan Qarabağ problemini həll etməklə Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Sülh və praktiki əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Qlobal səviyyədə bu reallıqları dəstəkləyənlər də var, qlobal maraqlarını regionda sülhdən və praktiki əməkdaşlıqdan üstün tutulanlar da var. ABŞ-ın Cənubi Qafqaz regionu ilə bağlı maraqları isə sülhə və əməkdaşlığa xidmət etmir. ABŞ Rusiya-Ukrayna müharibəsindən istifadə edərək Ermənistan vasitəsilə regiona daxil olmaq istəyir. Onların bu niyyətinin qarşısını isə regionun real güc və söz sahibi Azərbaycan – Türkiyə birliyi alır. Məhz buna görə ABŞ Konqresi 907-ci düzəlişi ləğv edən qanun qəbul etdi. 907-ci düzəliş nədir? Təsəvvür edin işğalçı dövlət Ermənistan, işğala məruz qalan dövlət Azərbaycandır. 1992-ci ildə ABŞ isə işğala qarşı mübarizə aparmaq üçün Azərbaycana hərbi yardımı qadağan edən 907-ci düzəliş qəbul edir. Sonra 2001-ci ildəki terror hadisəsindən sonra ABŞ Konqresi öz geosiyasi maraqlarına görə Prezidentə 907-ci düzəlişin hüquqi qüvvəsini müvəqqəti dayandırmaq imkanı verən qanun qəbul edir. ABŞ Konqresi bir həftə əvvəl bu imkanı ümumiyyətlə ləğv edən qanun qəbul etdi. İndi biz görürük ki, ABŞ Prezidenti Co Bayden qocalıb, sağını-solunu görmür. Ancaq ABŞ Dövlət Departamentindən bir nəfər Baydenə başa sala bilmir ki, onların ölkəsinin hərbi yardımına Azərbaycanın ehtiyacı yoxdur. ABŞ-ın hərbi yardımın ortalama miqdarı Azərbaycanın 2024-cü il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik üçün ayırdığı vəsaitinin 1 faizini təşkil edir. Görünür bu addımı həm də qarşıdan gələn prezident seçkiləri üçün PR məqsədilə edirlər. ABŞ dövlət katibinin köməkçisi Ceyms O-Braynın məsuliyyətsiz bəyanatları da beynəlxalq hüquq normalarına ziddir. Naxçıvana İran vasitəsilə nəqliyyat xəttinin çəkilməsi Azərbaycanın daxili işidir, suveren hüququdur. Bu məsələ ilə bağlı hər hansı şərh regional kommunikasiyaların açılmasına zərbədir. Ceyms O-Brayn daha sonra deyir ki, 2025-ci ildə Qarabağ bölgəsinin tərk edəcək rus sülhməramlıları əvəz tapmağın vaxtıdır. Bu cür məsuliyyətsiz açıqlama yenə Azərbaycanın daxili işinə qarışmaq cəhdidir. Nəyi, necə, nə vaxt etmək lazım olduğunu Azərbaycan Prezidenti İlham Əliyev bilir və edir. Bu cür bəyanatlar və birtərəfli yanaşma ABŞ-ın vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər”.
Deputat Sahib Alıyev nəzərə çatdırıb ki, Azərbaycan torpaqlarının bir hissəsi işğal olunarkən, Xocalı soyqırımı törədilərkən ABŞ Azərbaycana qarşı 907-ci düzəlişi qəbul edib: “Bu o demək idi ki, ABŞ Azərbaycan torpaqlarının işğal altında qalmasını dəstəkləyir. Region doğurdan da yeni bir savaşa sürüklənir. Dünən Azərbaycan Prezidenti Ermənistandakı topluma xəbərdarlıq etdi. O toplum unutmamalıdır ki, 2 ay bundan öncə yeni qarşıdurmaya gedən zaman nə Fransa, nə digərləri onlara kömək etdi. İndi Paşinyanı həvəsləndirənlər bir vaxtlar Sarkisyanı arxayın salırdılar ki, torpaqlar heç vaxt işğaldan azad olmayacaq. Regionumuzdakı iki böyük hay havadarı - ABŞ və Fransa bizim önümüzü kəsə bildimi? Buradan soruşuram, əgər Ermənistan yenidən Azərbaycan torpaqlarını ələ keçirməyə hazırlaşmırsa, Azərbaycanın ərazi bütövlüyünü tanıyan Nikol Paşinyanın saytında xəritədə “Artrsax” niyə hələ də qalır?! Ermənistanı bu gün bu cür addımlara son qoymağa çağırmaqdansa, onu silahlandırırlar”.
Deputat Fəzail Ağamalı hesab edir ki, bütün dünyada baş verən bütün faciələrin, müharibələrin müəllifi, təşkilatçısı ABŞ-dır: “Dünyada öz məqsədlərinə nail olmaq üçün ABŞ iki yoldan istifadə edir. Biri hərbi təcavüz, ikincisi məxməri inqilablardır. ABŞ Cənubi Qafqazın açar dövləti olan Azərbaycandan istifadə etməklə, Rusiyaya, İrana qarşı özünün məkrli planlarını həyata keçirmək niyyətindədir. Azərbaycanı plasdarm kimi istifadə etsin. Ermənistan bu gün özünün yeni faciələrinin astanasındadır. 30 il Rusiya Ermənistanı təpədən dırnağa qədər silahlandırdı. Nəticə nə oldu? İndi bir tərəfdən Fransa, bir tərəfdən ABŞ Ermənistanı silahlandırır. ABŞ-ın Azərbaycana qarşı 907-ci düzəlişi hərəkətə gətirməsi Bayden Administrasiyanın bəhanələrindən biridir. Vaxtilə bu düzəliş sənədini hazırlayanlardan biri də Baydenin özüdür”.
Digər xəbərlər