Saytımızı qiymətləndirin


 
 

“91-lər” İlham Əliyevə müraciət etdilər - SİYAHI
Tarix: 30-10-2023 | Saat: 15:59
Bölmə:Karusel / Gündəm | çapa göndər

“91-lər” İlham Əliyevə müraciət etdilər - SİYAHI

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının ilk təşəbbüskarları olan “91-lər” adından Prezident İlham Əliyevə müraciət edilib.

Qarabaqinfo.az-ın məlumatına görə, “91-lər”in müraciətində deyilir:


“Hörmətli cənab Prezident!

Sizi, Yeni Azərbaycan Partiyasının yaradılmasının ilk təşəbbüskarları olan “91-lər” adından işğalçı Ermənistan ordusu və Qarabağda kök salmış qaniçən, terrorçu və separatçı erməni qüvvələri üzərində qazanılan böyük Qələbə, Şuşa, Xocalı, Xankəndi və digər işğal altında olan rayon və şəhərlərimizdə Azərbaycanın üçrəngli Bayrağının yüksəldilməsi münasibətilə ürəkdən təbrik edirik.

Möhtərəm cənab Prezident!

1992-ci ilin oktyabr ayının 19-da biz 91-lər Azərbaycan xalqının dahi oğlu, Ümummilli Lider Heydər Əliyevə müraciət edərkən Azərbaycanın torpaqları işğal olunurdu. Dövlətimiz öz suverenliyini, ərazi bütövlüyünü itirmək, ölkəmiz parçalanmaq və məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Biz inanırdıq ki, Azərbaycanı bu ağır bəladan yalnız və yalnız dahi və müdrik şəxsiyyət, fitri istedad sahibi, dünya şöhrətli siyasətçi Heydər Əliyev çıxara bilər. Ulu Öndərin 1992-ci ilin oktyabr ayının 24-də bizim müraciətimizə müsbət cavab verməsi və həmin ilin noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis olunması, çox keçmədən Azərbaycan rəhbərliyinə gətirilməsi ilə dövlətimizin və xalqımızın həyatında yeni bir dövr başlandı.

Ulu Öndərin apardığı siyasət nəticəsində ölkəmiz parçalanmaqdan və vətəndaş müharibəsi təhlükəsindən xilas olundu, ordu quruculuğu sahəsində və müdafiə sənayesində təxirəsalınmaz tədbirlər həyata keçirildi. Azərbaycanın beynəlxalq əlaqələri genişləndirildi, dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı əməkdaşlıq və dostluq münasibətləri quruldu. 1994-cü ilin sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” və digər neft-qaz müqavilələri ilə ölkəmiz dünyanın aparıcı dövlətlərinə mənsub olan çoxsaylı şirkətlərlə müqavilələr imzaladı. Aparılan islahatlar nəticəsində Azərbaycan Respublikası sabit, iqtisadi cəhətdən dayanıqlı, demokratik, hüquqi və sivil dövlət kimi formalaşdı.

2003-cü ilin oktyabrın 15-də xalqımız təkrarən müdriklik nümayiş etdirərək Heydər Əliyev ideyalarının və siyasi kursunun ən layiqli və əvəzedilməz davamçısı olan Sizi - İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçməklə bir daha dövlətimizin daha da qüdrətlənməsinə, beynəlxalq nüfuzunun artmasına, hərbi potensialının güclənməsinə zəmin yaratdı. Beləliklə, son 20 ildə Sizin beynəlxalq münasibətlər, ordu quruculuğu, regionların inkişafı, enerji, nəqliyyat və digər sahələrdə həyata keçirdiyiniz titanik fəaliyyət, düşünülmüş və uzaqgörən siyasət nəticəsində ölkəmizin dünyada nüfuzu daha da artdı, silahlı qüvvələrimiz müasir silah və hərbi texnika ilə təchiz olundu. Ölkəmizi mənfur düşməndən azad etmək qabiliyyətinə malik ordu formalaşdı. 2020-ci ilin sentyabrın 27-də azğın düşmənlərin ərazimizə yenidən hücum cəhdinin qarşısını almaq üçün Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə əks hücum əməliyyatına başladı. Qırx dörd gün davam edən İkinci Qarabağ - Vətən müharibəsinin gedişində düşmən darmadağın edilərək doğma torpaqlarımızdan qovuldu. 2023-cü ilin sentyabrın 19-da birgünlük lokal antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu, üçrəngli bayrağımız Xankəndidə ucaldıldı.

Düşmənin Qarabağda olan silah-sursat cəbbəxanası dağıdıldı, illər boyu xalqımıza qarşı düşmənçilik edən qondarma rejim məhv edildi. Sizin müdrik siyasətiniz və humanistliyiniz nəticəsində mülki əhaliyə heç bir ziyan dəymədi. Bu da dünya üçün analoqu olmayan nümunə idi.

Möhtərəm cənab Prezident!

Sizin 2023-cü il oktyabrın 15-də Prezidentliyinizin 20 illiyinin tamam olduğu gün Xankəndidə Azərbaycanın üçrəngli Bayrağını yüksəldərək xalqa müraciət etməyiniz bütün Azərbaycan əhalisi kimi biz 91-ləri də hədsiz məmnun etdi və sevincimizin həddi-hüdudu yoxdur.

Əziz Prezidentimiz!

Bu münasibətlə Yeni Azərbaycan Partiyasının ilk təşəbbüskarları olan 91-lər adından Sizi və xalqımızı ürəkdən təbrik edir, gələcək işlərinizdə, şəxsi həyatınızda və fəaliyyətinizin bütün sahələrində uğurlar arzulayırıq”.


Müraciəti aşağıdakı şəxslər imzalayıblar:


Şahlar Əsgərov - Əməkdar elm xadimi, professor,

Südeyf İmamverdiyev - AMEA-nın müxbir üzvi, Əməkdar elm xadimi,

Novruz Quliyev - AMEA-nın müxbir üzvi, professor,

Ədalət Fərəcəv - elmlər doktoru, professor,

İsgəndər Quliyev - “Şöhrət” ordenli, fəlsəfə doktoru,

Vüqar Rəhimzadə - elmlər doktoru, professor,

Hacan Hacıyev - elmlər doktoru,

Eldar Abbasov - elmlər doktoru, professor,

Tahir Məmmədov - fəlsəfə doktoru, Əməkdar jurnalist,

Munis Bayramov - 1-ci dərəcəli dövlət qulluqçusu,

Asif Cahangirov - Əməkdar müəllim,

Allahverdi Hacıyev - fəlsəfə doktoru, Əməkdar müəllim,

Heydər Hüseynov - fəlsəfə doktoru, dosent,

Əziz Axundov – jurnalist.



Xəbəri paylaş

198 dəfə oxunub.

Digər xəbərlər