Tarix: 04-10-2023 | Saat: 14:16
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Bu gün Azərbaycanda ilk dəfədir ki, Cəbrayıl Şəhəri Günü qeyd olunur.
Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.
Bu əlamətdar günün təsis olunması Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - oktyabrın 4-də Cəbrayıl şəhərinin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.
Hazırda Cəbrayıl rayonunda quruculuq-abadlıq işləri aparılır.
Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındakı Xüsusi Nümayəndəliyindən verilən məlumata görə, təsdiq edilmiş Baş Plana uyğun olaraq Cəbrayıl şəhəri, onun kənd və qəsəbələri tezliklə bütün rahatlıqları özündə ehtiva edən müasir yaşayış məkanına çevriləcək.Yaxın bir neçə il ərzində isə cəbrayıllılar öz doğma yurdlarına qayıdıb, həyatlarını orada davam etdirəcəklər.
Cəbrayıl Şəhəri Günü cəbrayıllılarda hansı təəssüratlar doğurub?
Qarabaqinfo. az saytının əməkdaşı bu sualla Cəbrayıl rayonunun müxtəlif nəsillərindən olan sakinlərinə müraciət edib.
ı
78 yaşlı şair-publisist İsmayıl İmamzadə dağıdılmış Cəbrayıl üçün təəssüflənsə də, gələcəkdə daha yaxşı olacağına ümid edir:
“Allah Prezidentimizi, Ordumuzu qorusun, şəhidlərimizə rəhmət diləyir, qazilərə can sağlığı arzu edirəm. Nadir hallarda mənim üzüm gülər. Bü gün doğma yurd-yuvası üçün 30 il həsrət çəkən, bir gözü ilə ağlayıb bir gözü ilə gülən insan necə ola bilər? Şükür Allaha, cəbrayıllı olduğum üçün demirəm, bizim camaat qədəmləri sayalıdır. İlk zəfər xəbəri bizim bölgədən gəldi. Bu gün də demək olar ki, ərazi bütövlüyümüzə nəzarət tam təmin olunmaq üzrədir.
Aprel ayında Cəbrayılı ziyarət etdim. Vaxtilə bizim zəhmətkeş insanların Cəbrayılda qurub-yaratdığı yerlərdən nişanə qalmamışdı. Qəbirlərimiz salamat deyildi, hər yer dağıdılmışdı. Cəbrayılın simvolu, şəhərin mərkəzindəki Xan çinar deyilən ağac var idi, onu da kəsmişdilər.
Amma təbii ki dövlətimiz qüdrətlidir. Bizim işğaldan azad olunmuş rayonların hamısı - Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Xocalı və digər bölgələr əvvəlkindən də yaxşı olacaq. Amma xatirələrimizdəki Cəbrayılın nişanələri qalmayıb. Bütün bunlara rəğmən, çox sevinirəm, həmyerlilərimi təbrik edib, gözaydınlığı veririəm”.
Qarabağ qazisi Vaqif Əlisoy Cəbrayıla səfərindən, keçirdiyi hisslərdən danışıb və sonda göz yaşlarına hakim ola bilməyib:
“1990-cı illərin əvvəllərində Cəbrayılın özünümüdafiə qüvvələri keçmiş Hadrut rayonunun 14 kəndini düşməndən təmizləmişdi. Təəssüf ki, 1993-cü ildə Qarabağın digər bölgələri kimi bizim rayon da işğala məruz qaldı.
Cəbrayıl camaatı vətənə-torpağa bağlı insanlardı. Hər bir cəbaryıllı ötən 30 il ərzində doğma yurda qayıtmaq həsrəti ilə yaşayıb. İnsanların bəziləri bu və ya digər səbəblərdən dünyasını dəyişdi, şəhidlər verdik.
Bu gün artıq möhtəşəm qələbəmizə sevinirik.
2020-ci ilin 4 oktyabrında Cəbrayılda idim. Şəhərin yuxarı hissəsində döyüş gedirdi. Millət vəkili Aqil Abbas zəng etdi ki, hardasan? Əslində məlumat vermək olmazdı, amma dedim ki, Cəbrayıl şəhəri bizdədi, o, hönkürtü ilə ağladı. Mən Cəbrayılın geri alınmasına canlı şahid oldum. Xoşbəxtəm ki, o gün Cəbrayılda idim. İnandırım ki, çox möhtəşəm hisslər keçirdim. Cəbrayıl alınandan sonra artıq qəti əminliyim yarandı ki, ordumuzun qarşısını heç bir qüvvə ala bilməz.
Xalqımızı, Cəbrayıl camaatını bu gün münasibətilə təbrik edirəm. Bu qələbəyə görə Ali Baş Komandana təşəkkür edirəm. İndi artıq ürəklə deyə bilərik ki, Qarabağ Azərbaycandır!
Xankəndiyə nəzarət etməklə ərazi bütövlüyümüz bərpa olunub.
Bu yolda şəhid olanların ruhu qarşısında Azərbaycan ziyalısı, ağsaqqal, I Qarabağ müharibəsinin qazisi kimi baş əyirəm. Yaralı qazilərimizə şəfalar diləyirəm. Qələbəmiz münasibətilə, Cəbrayıl günü münasibətilə cəbrayıllıları təbrik edirəm. Mən bu gün Şəhidlər xiyabanını ziyarət edəcəm. Uca səslə deyəcəm ki, rahat yatın əziz şəhidlər, Qarabağ Azərbaycandır!".
Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov da şəhər gününü doğma yurdda qarşılayıb.
Millət vəkili sosial şəbəkədə Cəbrayıldan video paylaşaraq şəhər mərkəzindəki hazırkı vəziyyətdən bəhs edib və sevincini bölüşüb:
“Biz doğma yurdumuza qayıdırıq. Gözünüz aydın olsun. Biz bütöv qələbəmizi təmin etmişik. Allah cənab Prezidenti, xalqımızı qorusun. Bu torpaq uğrunda minlərlə can fəda oldu, onlara rəhmət, qazilərimizə şəfa diləyirəm”.
Jurnalist Səfurə Çərkəzqızı 4 oktyabr Cəbrayıl Şəhəri Gününün sevincini bu sözlərlə ifadə edib:
“Gözəl yurdum - Cəbrayılım, sən azadsan! Azadlığın mübarək!
Qanı torpağı Vətən edən, tarixi şərəfləndirən oğullar, haqqınız ödənməz!
Ali Baş Komandan, var olun! Zaman gücünüzə güc qatsın, düşmənləri bircə-bircə məhv edin!”.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin SABAH qruplarının tələbəsi Nurcan Qafarlı heç vaxt üzünü görmədiyi Cəbrayıla getməyi arzulayır:
“Cəbrayıl rayonunda doğulmasam da, qeydiyyatım Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinədir. Ağlım kəsəndən valideynlərimi Cəbrayıl haqda danışan görmüşəm. Atam, anam, babam, nənəm həmişə Cəbrayılla bağlı kədərlə danışar, doğulduqları torpağın nisgilini çəkərdilər. Onlar danışdıqca, mən də qəribə hisslər keçirir, o yerləri görmək eşqi ilə yaşayırdım. Şükür Allaha ki, bu nisgilə son qoyuldu. Qarabağda qələbəmizi təmin etdik. Ali Baş Komandanımıza, Ordumuza sonsuz minnətdaram! Şəhid və qazilərimizin isə haqqı heç vaxt ödənməz.
İndi arzum heç vaxt üzünü görmədiyim, torpağında gəzmədiyim, suyunu içmədiyim, havasını qoxlamadığım rayonumuza getmək, doyunca gəzib-dolaşmaqdır. Bu ziyarəti valideynlərimlə birgə edəcəyimə inanıram. Bütün həmyerlilərimizi 4 oktyabr Cəbrayıl Şəhəri Günü münasibətilə təbrik edirəm!”.
Digər xəbərlər