Saytımızı qiymətləndirin


 
 

XİN Şarl Mişelin Ağdam-Xankəndi yolu ilə bağlı dediklərini TƏSDİQLƏDİ
Tarix: 01-09-2023 | Saat: 17:37
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

XİN Şarl Mişelin Ağdam-Xankəndi yolu ilə bağlı dediklərini TƏSDİQLƏDİ

Azərbaycan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat katibinin bölgədəki vəziyyətlə bağlı 1 sentyabr 2023-cü il tarixli bəyanatı tərəfimizdən qeydə alınıb.

 

Bu barədə Qarabaqinfo.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Avropa İttifaqı tərəfindən bildirildiyi kimi, 15 iyul 2023-cü il tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşdəki müzakirələrin nəticəsi olaraq aparılmış danışıqlardan sonra, Azərbaycanın Qarabağ bölgəsinə yüklərin müxtəlif marşrutlarla çatdırılması, habelə Ağdam-Xankəndi yolunun açılmasına parallel olaraq Laçın yolundan istifadənin intensivləşməsi məsələləri razılaşdırılmışdı.

 

Buna baxmayaraq, Ermənistanın qondarma rejimi vasitəsilə qeyri-qanuni şərtlər və müxtəlif bəhanələr irəli sürməsi ilə əldə olunmuş razılıqdan boyun qaçırması sözügedən razılığın icrasına maneə törətdi.

Həmçinin, xatırlatmaq istərdik ki, cari ilin avqust ayının əvvəlində Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün təşkili ilə bağlı razılıq əldə edilməsinə baxmayaraq, son anda erməni tərəfi bu görüşdən imtina etdi.

 

Təəssüflər olsun ki, 15 iyul tarixindən bugünədək Ermənistan və onun qondarma rejimi, sözügedən üçtərəfli görüş çərçivəsində razılaşdırılmış bu gündəliyin icrasına və irəli aparılmasına mane olmaqda davam edərək, bu istiqamətdə Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşların səylərini heçə endirir.

 

Azərbaycan Ermənistana iki ölkə tərəfindən bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında sülh təklif edib. Digər istiqamətdə isə, Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyasında qərarlıdır.

 

Azərbaycan, bütün bu istiqamətlərə sadiqliyini nümayiş etdirməklə yanaşı, Ermənistan tərəfinin davam edən hərbi-siyasi təxribatları kontekstində, öz suverenliyini və ərazi bütövlüyünü BMT Nizamnaməsi və beynəlxalq hüququn digər universal sənədləri ilə təmin edilmiş bütün qanuni vasitələrlə müdafiə etmək hüququnu da özündə saxlayır.



Xəbəri paylaş

1198 dəfə oxunub.

Digər xəbərlər