Tarix: 07-08-2023 | Saat: 16:54
Bölmə:Karusel / Dünya | çapa göndər
"Məqsədimiz 9 noyabr 2020-ci il bəyanatının bəndlərindən birindən istifadə edərək Rusiya hərbi kontigentini iki ildən sonra evinə yol salmaq və bununla Azərbaycan torpaqlarında separatçılığa birdəfəlik son qoymaqdır".
Qarabaqinfo.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, qardaş Türkiyə də sülhməramlıların Qarabağdan çıxarılmasını istəyir.
"Bu, həm də strateji müttəfiqimiz Türkiyənin məqsədidir. Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bunu NATO-nun son Vilnüs zirvə toplantısında açıq şəkildə səsləndirib. Top Rusiya prezidenti Vladimir Putinin meydanındadır, ancaq o bu məsələylə bağlı fikrini hələ söyləməyib. Kreml sahibinin mövqeyini öyrənməyin bir yolu var.
Rusiya prezidenti bu ayın sonunda Türkiyəyə rəsmi səfər edəcək, Putin Ərdoğanla müxtəlif məsələləri, o cümlədən Azərbaycan-Ermənistan danışıqlarını və Zəngəzur dəhlizini müzakirə edəcək. Prezidentlər böyük ehtimalla müzakirələrin sonunda mətbuatın qarşısına çıxacaqlar. Türkiyədə bu növ toplantılarda 4 suala imkan verilir, ikisini yerli jurnalist, ikisini qonaq jurnalist verir. Yerli jurnalistlərdən birinin “Cənab Putin, Rusiya Azərbaycanın istəyi ilə iki ildən sonra Qarabağdan hərbi kontingentini çıxarmağa hazırdırmı” sualını səsləndirməsinə ehtiyacımız var",- deyə politoloq vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin avqust ayının sonuncu həftəsində Türkiyəyə səfəri planlaşdırılır.
Digər xəbərlər