Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda ilk dəfə Bakı Su Həftəsi keçiriləcək
Tarix: 26-07-2023 | Saat: 17:58
Bölmə:Karusel / Sosial | çapa göndər

Azərbaycanda ilk dəfə Bakı Su Həftəsi keçiriləcək.

“Caspian Event Oraganisers” şirkətindən bildirilib ki, bu sahənin Azərbaycanda bundan sonrakı inkişafı, mövcud çətinliklərin və həll yollarının müzakirəsi, maraqlı tərəflər üçün yeni fürsətləri əlçatan etmək məqsədilə, 2024-cü ildə Bakı həm ölkəmiz, həm də bütövlükdə region üçün böyük əhəmiyyət daşıyan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək.

Belə ki, 2024-cü il martın 12-14-də Bakı Ekspo Mərkəzində ilk dəfə olaraq Bakı Su Həftəsi təşkil ediləcəkdir.

Bakı Su Həftəsi çərçivəsində Beynəlxalq su təsərrüfatı sərgi və konfransının keçirilməsi planlaşdırılır. Tədbirin təşkil edilməsində əsas məqsəd Azərbaycanda bu sahənin daha da inkişaf etdirilməsi üçün ölkəmizə yeni texnologiyaların, avadanlıqların və investisiyaların cəlb edilməsi, eləcə də bununla bağlı vacib məsələlərin, yeni layihələrin və əməkdaşlıqların müzakirəsidir.

Tədbir içməli suların emalı, su təchizatı və tullantı sular üzrə inşaat və qazma texnikası və avadanlığı, su təsərrüfatı obyektlərinin layihələndirilməsi və tikintisi, su təsərrüfatında İnformasiya və kommunikasiya texnologiyaları, suyun duzsuzlaşdırılması texnologiyaları, təbii fəlakətlərə qarşı tətbiq olunan texnologiyalar, laboratoriya avadanlıqları, tullantı və yağış suların axıdılması və emalı sistemləri üzrə bölmələri əhatə edəcəkdir.

Bakı Su Həftəsinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən rəsmi dəstək göstərilir, təşkilatçısı qismində isə “Caspian Event Oraganisers” şirkəti çıxış edir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı Su Həftəsindən bəhs edərkən bildirib ki, ölkəmizdə belə bir tədbirin təşkili təqdirəlayiq haldır. “İnanıram ki, bu tədbir mütəxəssislərə, hökumət təşkilatlarına və biznes sektoruna bilik və təcrübə mübadiləsi, yeni ideyaları araşdırmaq və su ilə bağlı problemlərin həlli üçün innovativ üsullar tapmaq imkanı yaradacaq. Bakı Su Həftəsi çərçivəsində təşkil olunan konfrans, panel müzakirələri və sessiyalar su ehtiyatlarının idarə edilməsi, su təchizatı və bununla bağlı digər mövzular üzrə problemlərin aradan qaldırılması üçün praktik həllərin işlənib hazırlanması, eləcə də su ehtiyatlarından davamlı istifadə və idarə olunmasının vacibliyi barədə ictimaiyyətin məlumatlılığının artırılmasına kömək edəcəkdir”.

Onun sözlərinə görə, su təsərrüfatı sahəsində beynəlxalq tədbirin keçirilməsi Azərbaycanda bu sektora yeni texnologiyaların tətbiqinə zəmin yaradacaq, həmçinin yerli və xarici şirkətlər arasında əməkdaşlığın daha da genişlənməsi ilə yadda qalacaq.

“Caspian Event Organisers” şirkətinin Baş direktoru Fərid Məmmədov qeyd edib ki, Bakı Su Həftəsi hazırda ölkəmizlə yanaşı dünyanın bir çox ölkələrində aktual olan geniş spektrli mövzuları əhatə edəcək. “Əminəm ki, Bakı Su Həftəsi bu sahənin inkişafı üçün ölkəmizə yeni texnologiyaların və investisiyaların cəlb edilməsi istiqamətində mühüm platformaya çevriləcək. Bu tədbir müasir innovativ texnologiyaların nümayişi, yerli şirkətlərə beynəlxalq təcrübədən yararlanmaq, xarici şirkətlərə isə öz məhsullarını yeni platformada təqdim etmək və potensial əməkdaşlıqlara imza atmaq imkanı təqdim edir. Xüsusilə vurğulamaq istərdim ki, yeni yaradılmış Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən göstərilən dəstək tədbirin təşkilində böyük rol oynayır və onun yüksək səviyyədə keçməsinə zəmin yaradır”.

Ölkəmizdə etibarlı su təchizatına nail olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən müəyyən olunmuş təxirəsalınmaz tədbirlər çərçivəsində son illərdə ölkədə çoxsaylı layihələr həyata keçirilib, su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması üçün ardıcıl işlər görülüb.

Bir müddət öncə isə ölkə başçısı tərəfindən Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi ilə bağlı sərəncam imzalanıb.

Bu istiqamətdə həyata keçirilmiş işləri nəzərə alaraq, Bakı Su Həftəsi su təhlükəsizliyi, su ehtiyatlarının səmərəli istifadəsi və idarə edilməsi ilə əlaqədar sektorun aparıcı nümayəndələri və müvafiq dövlət strukturları arasında əsas fikir mübadiləsi, eləcə də bu sahədə yeni qabaqcıl texnologiyaların tətbiqi, yeni əməkdaşlıqlar üçün etibarlı platforma rolunu oynayacaqdır.



Xəbəri paylaş

174 dəfə oxunub.

Digər xəbərlər