Saytımızı qiymətləndirin


 
 

İsazadə: “Anti-terror əməliyyatı reallığa çevrilə bilər”
Tarix: 14-07-2023 | Saat: 14:12
Bölmə:Karusel / Qarabağ / Yazar | çapa göndər

İsazadə: “Anti-terror əməliyyatı reallığa çevrilə bilər”

“Xankəndi şəhərində baş verənlər fonunda Azərbaycana ciddi təhlükə görmürəm, amma sözsüz ki, durum getdikcə gərginləşir. Eyni zamanda baş verənlər göstərir ki, konflikt Qarabağdakı ermənilərin daxilinə keçir, vətəndaşlara sirayət edir. Vitali Balasanyanın həbsində korrupsiya əməllərinin olması məncə, işin görünən tərəfidir. Bəli, Balasanyan bir vaxtlar radikal anti-Azərbaycan mövqeyində olub, müharibənin sona qədər aparılmasını vacib sayıb. Amma istisna etmirəm ki, hazırda Qarabağ erməniləri arasında Azərbaycan dövləti ilə dialoqa getmək, müzakirələrə oturub-oturmamaq mövzusunda qruplararası ciddi mübarizə gedir. Yəni Azərbaycanla dialoqa getməyin tərəfdarları və əleyhdarları arasında rəqabət var”.

Qarabaginfo.az xəbər verir ki, bunu Reyting.az-a hərbi ekspert Azad İsazadə Azərbaycanın Xankəndi şəhərində baş verənlərdən danışarkən deyib.

İsazadə hesab edir ki, hazırda münaqişənin dinc yolla həlli imkanları var: “Azərbaycan tərəfi problemin tez həllində maraqlıdır, bunun üçün şərait də mövcuddur. Amma problem ondadır ki, indiki vəziyyət davam edəcəksə, bu zaman Azərbaycan məsələni güc yolu ilə həll etmək məcburiyyətində qalacaq. Yəni təhlükə ondadır ki, dinc tənzilmlənmə prosesinin qaynar fazaya keçməsi mümkündür. Başqa sözlə, anti-terror əməliyyatı reallığa çevrilə bilər. Amma geniş müharibə şansı yoxdur, çünki qarşı tərəfdə bunun üçün taqət qalmayıb”.

Hərbi ekspert hesab edir ki, məsələnin güc yolu ilə həlli Azərbaycan üçün uyğun deyil: “Əvvəla, itkilərimiz ola bilər, digər tərəfdən də, beynəlxalq ictimaiyyət tərəfindən haqsız ittihamlarla üzləşə bilərik. İddia edərlər ki, dinc əhalini oradan qovuruq və s. Bunun üzərinə erməni diasporasının çirkin kampaniyasını və məkrini də gəlsək, məsələ ciddi xarakter ala bilər”.

İsazadə düşünür ki, Qarabağdakı ermənilər arasında rəqabətin və mübarizənin getməsi çox müsbət haldır və Azərbaycan üçün üstünlükdür: “Nəzərə almaq lazımdır ki, bu mübarizədə qalib gələn və qanunsuz səlahiyyət əldə edən qüvvə qısa müddət ərzində zəifləyəcək. Sözsüz ki, indi orada Azərbaycanla masaya oturub danışmaq istəyən qüvvələr var, sadəcə, onların adını çəkmək doğru deyil”.

Müsahibimiz sonda əlavə edib ki, həm İrəvanda, həm də Qarabağda Azərbaycanla dialoqa başlayıb-başlamamağın tərəfdarı olanlar arasında mübarizə gedir. İsazadənin fikrincə, Azərbaycan prosesi diqqətlə izləməli və lazım gələn anda müdaxilə etməlidir.



Xəbəri paylaş

11 165 dəfə oxunub.

Digər xəbərlər