Tarix: 11-07-2023 | Saat: 13:55
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Tovuz döyüşlərinin üçüncü ildönümü ərəfəsində media nümayəndələri üçün əməliyyatların həyata keçirildiyi ərazilərə media-tur təşkil olunub.
Qarabaginfo.az xəbər verir ki, Müdafiə Nazirliyinin təşkilatçılığı ilə baş tutan media-turda jurnalistlər iyul döyüşlərinin başladığı ərazi ilə yaxından tanış olublar.
Hərbi qulluqçular 2020-ci ilin iyul ayının 12-dən 17-dək dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gedən döyüş əməliyyatlarından xatirələrini bölüşüblər.
Media-tur çərçivəsində media nümayəndələri şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə hərbi hissədə yaradılan şəraitlə də yaxından tanış olublar.
Media nümayəndələrinə bildirilib ki, Azərbaycan Ordusu dövlət sərhədində yerləşən strateji əhəmiyyətə malik bütün yüksəkliklərə nəzarət edir. Döyüşlərin baş verdiyi ərazidən düşmənin mövqeyini və yaşayış məntəqələrini görmək mümkündür. Qalib Azərbaycan Ordusunun hərbi qulluqçuları Azərbaycan-Ermənistan dövlət sərhədində 24 saat xidmət aparır, düşmənin mövqelərinə nəzarət edir.
Azərbaycan Ordusunun hərbi qulluqçusu Eşqin Əsədov iyul döyüşlərinin canlı şahidi olub. Döyüşlərdə yaralanan hərbçi bildirib ki, Qarabağa gedən yol Tovuzdan başlayıb.
“İyulun 12-si günorta saatlarında “Həyəcan!” komandası verildi. Düşmən təxribat törətmişdi, onların məqsədi bizim mövqelərə hücum etmək idi. Bölmələrimiz və mülki əhali iri çaplı silahlardan atəşə tutulurdu. Həmin vaxt biz düşmən təxribatının qarşısı vaxtında aldıq. İyulun 12-də başlayan döyüş ayın 17-nə kimi davam etdi. İyulun 16-sı isə səhər saatlarında mən özüm döyüşdə yaralandım. Müalicə olunaraq hazırda xidmətimi davam etdirirəm”, - Eşqin Əsədov deyib.
Hərbi qulluqçunun sözlərinə görə, 44 günlük Vətən müharibəsində də Azərbaycan Ordusunun hər zaman düşmən təxribatının qarşısını almağa və düşmənə lazımi cavabı verməyə hazır olduğu sübuta yetirilib.
Eşqin Əsədov Azərbaycan Ordusunda xidmət şəraitindən razılıq ifadə edib.
Azərbaycan Ordusunun hərbi qulluqçusu Amil Məmmədov 11 ildir xidmət apardığını diqqətə çatdırıb.
“İyulun 12-də qarşı tərəf iri çaplı silahlardan istifadə etməklə təxribata əl atdı. Biz də öz növbəmizdə komandanlığın tapşırığına əsasən, həmin vaxt düşmənə vaxtında cavab verərək onu geri oturtduq. Bir neçə gün davam edən döyüşlərdə düşmənə layiqli cavab verdik. Həmin vaxt bizim yanımızda olan general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev şəhid oldular. Qanlarını yerdə qoymadıq. Onların şəhidlik zirvəsinə ucalmasından sonra qarşı tərəfə nifrətimiz daha da çoxaldı. Tovuz döyüşləri bir növ Qarabağa gedən yolun başlanğıcı oldu. Şükür olsun ki, 30 illik işğala son qoyuldu”.
Daha sonra media nümayəndələri general-mayor Polad Həşimovun şəhid olduğu postda olublar.
Bildirilib ki, bir neçə gün davam edən döyüşlərdə düşmən burda təxribatlar törədib. Qarşı tərəfin təxribatı nəticəsində postda Azərbaycan Ordusunun hərbi qulluqçuları qəhrəmancasına şəhidlik zirvəsinə ucalıblar. İndi bu post əsgərlərimizin and yerinə çevrilib. Hər il burada general-mayor Polad Həşimovun əziz xatirəsi anılır.
Kiçik çavuş Samir Tağıyev qeyd edib ki, döyüşlər zamanı general-mayor Polad Həşimovla bir yerdə döyüşüb: “Düşmən iyulun 12-də atıcı silahlardan mövqelərimizi atəşə tutmağa başladı. Onlar mövqelərimizə soxulmaq istəyirdi. Mövqelərimizin yarılmasına imkan vermədik. Ayın 12-də mərhum general Polad Həşimov yanımıza gəldi. O, gələndən sonra biz daha da ürəklə döyüşürdük. Ayın 14-ü səhər Polad Həşimov, polkovnik İlqar Mirzəyev və daha 5 hərbçimiz şəhid oldu. Biz bundan sonra düşmənə çox saylı zərbələr endirərək onların qanını yerdə qoymadıq”.
Kiçik çavuş Azərbaycan Ordusunda xidmət etdiyi üçün qürur duyduğunu bildirib.
Baş leytenant Aqşin Alıyev də Polad Həşimovla birlikdə döyüşüb. O, Polad Həşimovla bağlı xatirələrini bölüşüb: “Qürurvericidir ki, Polad Həşimov bizimlə birlikdə döyüşərək şəhid oldu. Ordumuz şəhidlərimizin qanını yerdə qoymadı. Gecədən səhərə qədər birlikdə döyüşdük. Mənə mövqeləri müşahidə eləməyi tapşırmışdı. Bir də gördüm ki, onun olduğu yerə minaatan mərmisi düşdü. Polad Həşimov, İlqar Mirzəyev şəhid oldular...
Düşməni cavab atəşi ilə susdurduq, itkilər verərək geri çəkilməyə başladılar. Onlar təkcə mövqelərimizi yox, kəndlərimizi də atəşə tuturdular. Ağdam kənd sakini Əziz Əzizov da düşmənin gülləsinə tuş gələrək şəhid oldu”.
Qeyd edək ki, Tovuz döyüşləri iyulun 17-də Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşıb və heç bir ərazi itkisi olmayıb. Beləliklə, döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olub.(APA)
Digər xəbərlər