Qarabaginfo.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bu günə qədər alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,9 milyondan çox istifadəçi qeydə alınıb.

Hazırda ölkə üzrə tətbiq edilən onlayn nəzarət-kassa aparatlarının (NKA) sayı 74 min 242-dir. Bu ilin yanvar-avqust aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 milyard 307 milyon 568,9 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 57,8 % çoxdur.

ƏDV-nin müəyyən hissəsinin qaytarılması üçün ilk növbədə istehlakçı, yəni alış-veriş edən və yaxud xidmətlərdən yararlanan tərəf fiziki şəxs, satıcı və yaxud xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və yaxud xidmətlər də ƏDV-yə cəlb olunmalıdır. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsi ilə bağlıdır. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.