Saytımızı qiymətləndirin


 
 

Qəbulda 400 bal yığanlar buraxılışda niyə “büdrəyib”… - SƏBƏB
Tarix: 21-06-2023 | Saat: 17:48
Bölmə:Karusel / Təhsil | çapa göndər

 

Qəbulda 400 bal yığanlar buraxılışda niyə “büdrəyib”… - SƏBƏB

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə 3-4 iyun 2023-cü il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri açıqlanıb. Dünən elan olunan nəticələrə əsasən, imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (maksimal olan 400 bal) 2 nəfər – Bakı şəhər 147 saylı Texniki-humanitar təmayüllü liseyin və Bakı şəhər 299 saylı orta məktəbin məzunları göstəriblər.

 

I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə (692.8 bal) Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzununa məxsusdur. O, imtahanın I mərhələsində 295.8, II mərhələsində isə 397 bal toplayıb.

 

IV ixtisas qrupu üzrə ən yüksək nəticəni 397 bal toplayan Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu göstərib. IV ixtisas qrupunda hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni (686 bal) isə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu göstərib. O, imtahanın birinci mərhələsində 295.8, ikinci mərhələsində 390.2 bal toplayıb.

 

Bundan öncə keçirilən II və III ixtisas qrupu üzrə imtahanlarında da yüksək nəticələrə əldə olunsa da, ümumilikdə 700 bal toplayan olmayıb. Qəbulda maksimum nəticə göstərən abituriyentlərin buraxılış göstəriciləri onların rekorda imza atmasını əngəlləyib.

 

Maraqlı məqam ondan ibarətdir ki, abituriyentlər qəbul imtahanında 400 bal yığa bildikləri halda, buraxılış imtahanında maksimal bal toplaya bilmirlər. Bəs bunun səbəbləri nədir?

 

 

Mövzu ilə bağlı Qarabaqinfo.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, 1 və 4-cü qruplar üzrə imtahanlarda maksimum bal toplanacağı əvvəlcədən proqnozlaşdırılmışdı:

 

“Xüsusən də birinci ixtisas qrupunda təqdim edilən bütün test tapşırıqlarına doğru cavab verəcək abituriyentin olmasını gözləyirdik. Çünki həmin abituriyentlər riyaziyyat fənnindən daha çox hazırlıqlı idilər. Onlar buraxılış imtahanlarından da yaxşı nəticə toplamışdılar. Porqnozlarımız özünü doğrultdu. Birinci ixtisas qrupu üzrə imtahanlarda 2 nəfər 400 bal topladı. Düzdür, bu il Azərbaycanın ümumtəhsil məktəbləri arasında 700 bal toplayan məzun olmayacaq. Ancaq 690-dan yuxarı göstəricilərin olması kifayət qədər yaxşı nəticə hesab oluna bilər. Birinci ixtisas qrupunda kəskin bal azalmasını müşahidə edəcəyik. Bu, daha çox kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi kimi ixtisaslarda özünü göstərəcək. Bu il həmin ixtisaslara qəbul olmaq istəyən abituriyentlər informatika fənnindən imtahan veriblər, ancaq bizim abituriyentlərin informatika fənnindən hazırlığı elə də yüksək deyil. Təbii ki, ikinci amili mütləq deməliyəm. Bu il pandemiya dövrünün abituriyentləri imtahan verdilər. Hesab edirəm ki, məhz pandemiya həm qəbul, həm də buraxılış imtahanlarının nəticələrinə birmənalı olaraq təsir göstərdi".

 

"Ardınca, artıq iyul ayında ikinci şans imtahanları var.  Biz proqnozlaşdırırıq ki, birinci ixtisas qrupu üzrə imtahanda yenə 400 bal yığanlar olacaq. Əgər onlar ikinci mərhələdə də informatika fənnindən imtahan verərlərsə, daha yaxşı ixtisaslara aşağı ballarla qəbul olmaq imkanına malik olacaqlar. Bizim 4-cü ixtisas qrupundan gözləntilərimiz müəyyən qədər fərqlidir. Bu il tibb ixtisasına qəbul zamanı keçən ilki balların təkrarlanma ehtimalı var. Xüsusən stomotologiya, həmçinin digər tibbə aid ixtisaslarda keçən ilki balların  təkrarlanmasını gözləyirik”.

 

Ekspert blok imtahanlarından fərqli olaraq, buraxılış imtahanlarında maksimum bal toplanmamasının səbəbini isə belə izah edib:

 

“Bu il buraxılış imtahanında maksimum bal olmamasının müxtəlif səbəbləri var. Birinci səbəb abituriyentlərimizin pandemiya dönəmində təhsil alması ilə bağlıdır. Digər yandan birmənalı olaraq, buraxılış imtahanlarında riyaziyyat və Azərbaycan dili fənnindən təqdim edilmiş test tapşırıqlarının ağırlıq səviyyəsinin yüksək olması və  həmin test tapşırıqlarını cavablandırmaq üçün daha çox vaxt tələb olunmasını göstərə bilərik. Həmin test tapşırıqları məzunun standartlarına uyğun deyildi. Bizim abituriyentlər təəssüflər olsun ki, daha çox hansısa qəbul proqramına uyğun olmayan kursların sınaqlarında iştirak ediblər. Onlar Dövlət İmtahan Mərkəzinin proqramından məlumatsız idilər. Məhz buraxılış imtahanlarının nəticələri onları qəbul imtahanına daha yaxşı hazırlaşmağa sövq etdi”.

 

 

Təhsil üzrə ekspert Elçin Əfəndi isə buraxılış imtahanında situasiya suallarının çox olmasının nəticələrə təsir göstərdiyini düşünür:

 

“2019-cu ildən etibarən ölkədə kurikulum əsaslı imtahanlar keçirilir. Buraxılış imtahanında toplana biləcək maksimum bal 300-dür. Burada düşən sualların böyük əksəriyyəti situasiya tipli suallardır. Bu sualları abituriyentlər cavab kartlarına kodlaşdıra bilmirlər. Onu yazılı formada cavablandırırlar və həmin suallar marker müəllimlər tərəfindən yoxlanılaraq qiymətləndirilir. Nəticə etibarilə abituriyentlər həmin suallara ya qismən cavab verir, yaxud da heç cavab vermirlər. Bu da imtahan nəticəsinə öz təsirini göstərmiş olur. Tutaq ki, imtahanda riyaziyyatdan 25,  Azərbaycan dili və xarici dil fənlərinin hərəsindən 30 olmaqla 85 sual verilir. 25 riyaziyyat sualından 7, ya 8-i açıq tipli suallardır. Şagird bunların cavablarını birbaşa cavab kartına köçürə bilmir. Azərbaycan dili və xarici dil fənlərində də vəziyyət eynidir. Ancaq blok imtahanında təqdim olunan hər 30 sualdan 22-si məhz qapalı tipli suallardır. Burada kodlaşdırılması mümkün olan açıq tipli suallar olur. 3 sual isə konkret olaraq şagird tərəfindən cavablandırılması tələb olunan açıq yazılı sualdır. B sualların cavabları birbaşa marker müəllim tərəfindən yoxlanılır. Bəzi abituriyentlər həm buraxılış imtahanında, həm də blok imtahanında bu sualları cavablandırmaqda çətinlik çəkirlər. Yaxud səhv edirlər. Ümumiyyətlə, həmin sualdan imtina edənlər də olur. Düşünürlər ki, səhv çıxacaq və ya düzgün yoxlanılma olmaya bilər. Bu da əlbəttə ki, ümumi imtahan prosesinə təsirsiz ötüşmür”.

 

Mütəxəssisin fikrincə, buraxılış imtahanının nəticələri blok imtahanlarının nəticələrindən daha yaxşıdır:

 

“İki nəfər blok imtahanından maksimum bal olan 400 toplayıb deyə, buraxılış imtahanlarının nəticələri blok imtahanlarının nəticəsindən pisdir deyə bilmərik. Çünki blok imtahanında səhv suallar düz suallara təsir etdiyi halda, buraxılış imtahanında belə bir fakt yoxdur. Buraxılış imtahanlarında maksimal bal toplayanların olmamasına baxmayaraq, ümumi nəticələr faktiki olaraq blok imtahanlarından daha yaxşıdır. Maksimal balın əldə olunmaması ümumi imtahan nəticələrinin hamısının aşağı olduğu anlamına gəlmir. İki nəfərin maksimal bal toplaması da, bütün abituriyentlərin akademik göstəricilərinin yaxşı olduğunu deməyə əsas vermir.

 

Burada əsas faktor imtahanda iştirak edənlərin sayı və o saya müvafiq olaraq bal intervalında nə qədər abituriyentin nəticə əldə etməsidir. Birinci mərhələdə 1, 2, 3 və 4-cü ixtisas qrupları üzrə imtahan ərizə qəbulunda iştirak edən 80 minə yaxın şəxs vardı. Onlardan 2-3 mini ümumi imtahanda iştirak etməmişdi. 78 min nəfər imtahan verdi. Bunlardan neçəsi ümumi müsabiqə şərtini ixtisas qrupu üzrə ödəyib. Neçəsi 0-100 və ya 200-300 bal arası nəticə əldə edib.  Bunlar əsas faktorlardır”.



Xəbəri paylaş

1384 dəfə oxunub.

Digər xəbərlər
29-09-2022, 12:30 Sabahın hava proqnozu