Tarix: 23-08-2024 | Saat: 17:04
Bölmə:Karusel / Siyasət / Region | çapa göndər
Qarabaginfo.az xəbər verir ki, Daşkənddə təşkil edilən sərgidə Azərbaycanın müxtəlif sahələri üzrə iqtisadi potensialı, nailiyyətləri və məhsulları nümayiş olunur.
Belə ki, “Uz Expo Centre”də İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı ilə “İqtisadiyyatın əsas istiqamətləri – ümumi rifaha doğru addım” adlı sərgi təşkil olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratovun rəhbərlik etdikləri Azərbaycan və Özbəkistan nümayəndə heyətləri sərgidə olublar.
Azərbaycanın zəngin memarlıq irsini əks etdirən dörd möhtəşəm qala ilə bəzədilmiş sərgi bir neçə tematik bloka ayrılıb. Sərgidə ölkəmizin iqtisadi nailiyyətlərinə dair göstəricilər, sənaye və kənd təsərrüfatı məhsulları, rəqəmsal inkişaf sahəsində görülən işlər, nəqliyyat-logistika, enerji, turizm sektorlarının imkanları, reallaşdırılan innovativ layihələr, COP29 tədbiri və Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinə dair videoçarxlar nümayiş etdirilir.
Burada ziyarətçilərə, həmçinin azad edilmiş ərazilərimizin bərpası prosesi ilə tanış olmaq imkanı yaradılıb, yeni yaşayış məskənlərinin inşası və infrastruktur quruculuğu üzrə layihələr təqdim olunur.
Sərgidə “Made in Azerbaijan” brendi altında istehsal olunan qida məhsulları, o cümlədən spirtli və spirtsiz içkilər, konservlər, kənd təsərrüfatı və qənnadı məhsulları, eləcə də tikinti materialları və digər məhsullar nümayiş olunur. Sərgidə ənənəvi tekstil sahəsinə xüsusi yer ayrılıb.
Burada Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərinə məxsus əl işləri yer alır, ziyarətçilərə ənənəvi xalçaçılıq sənəti haqqında məlumat verilir.
Burada Azərbaycanda qızıl və gümüşdən hazırlanmış sikkələr, qızıl külçələr də nümayiş olunur.
Sərgi avqustun 23-dək davam edəcək.
Digər xəbərlər