Saytımızı qiymətləndirin


 
 

Paşinyanın müharibə etirafları nədən XƏBƏR VERİR...
Tarix: 21-06-2023 | Saat: 16:53
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Paşinyanın müharibə etirafları nədən XƏBƏR VERİR...

 

Ermənistanın Baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsini araşdıran parlament komissiyasının iclasında sensasion fikirlər səsləndirib. Ötən gün keçirilən toplantıya qatılan Paşinyan 44 günlük müharibə, xüsusən də Şuşa şəhərinin azad edilməsi barədə indiyədək demədiyi faktları açıqlayıb. 

 

Şuşa şəhərinin işğaldan azad olunmasından söz açan Baş nazir müharibə zamanı aldadıldığını etiraf edib. O vurğulayıb ki, Şuşanın əldən çıxması müharibənin dönüş nöqtəsi olub.

 

"Hazırlıq işləri aparıldıqdan sonra bir qrup azərbaycanlının müdafiəmizi yarıb Laçın-Xankəndi yolunda mövqe tutması xəbəri gəldi. Məlumatı mənə Arayik Arutyunyan verdi, lakin Baş Qərargah məlumatı təsdiqləmədi. Bu vəziyyət artıq müharibə zamanı təxminən 10-cu dəfə idi ki, təkrarlanırdı. Arutyunyan mənə məlumat verirdi, lakin Baş Qərargah təsdiqləmirdi, təkzib edirdi. Bir müddət sonra Arutyunyanın məlumatının doğru olduğu üzə çıxırdı. Həmin andan Şuşanın əlimizdən çıxması prosesi başladı, oradan Azərbaycan Silahlı Qüvvələrinin nüfuz edən dəstəsi haqqında məlumatlar gəlməyə başladı. Nəticədə noyabrın 7-də günorta Baş Qərargah rəisi Onik Qasparyan mənə Şuşanın nəzarətimizdə olmadığını xəbər verdi".

 

Paşinyan daha sonra atəşkəs razılaşmasının necə əldə olunmasından da söz açıb:

 

"Müharibənin dayandırılması üçün ilk cəhd oktyabrın 7-də, mən Putinə ad gününü təbrik etmək üçün zəng edəndə oldu. Putin müharibəni dayandırmaq üçün səylərə vasitəçilik etmək istədiyini bildirdi. Şərtlərlə maraqlanaraq razılaşdığımı dedim. Biz hesab edirdik ki, atəşkəs ilkin şərt olmadan olmalıdır. Axşam ikinci söhbət oldu və Putin dedi ki, Əliyev bundan imtina edib. Ertəsi gün Putin dedi ki, Əliyev bir şərt irəli sürür - Füzuli döyüşsüz təslim edilməlidir və erməni qüvvələri isə Araz boyu Xudafərin su anbarına çəkilməlidir ki, bura Azərbaycanın nəzarətində olsun".

 

 

Erməni baş nazir onu da qeyd edib ki, üçtərəfli bəyanatın imzalanması üzrə danışıqlar noyabrın 6-da başlayıb, sözügedən sənəd isə ayın 9-da səhər saatlarında imzalanıb.

 

"Ayın 8-də Şuşanın bir hissəsinin bizim nəzarətimizdə olması barədə mənə məlumat verilsə də, başa düşdüm ki, biz daha Şuşanı tam qaytara bilməyəcəyik. Arayik Arutyunyan Xankəndinin müdafiəsinin zəif olması barədə məlumat verdi və ehtimal var idi ki, azərbaycanlılar Şuşadan sonra Şuşakənd istiqamətindən Xankəndiyə keçəcək, oradan Əsgərana doğru irəliləyəcəklər və oradan da ordu hissələrini arxadan vuracaqlar", - deyə Nikol Rusiya Prezidenti Vladimir Putinlə 44 günlük müharibə zamanı 60 dəfə telefonla danışdığını söyləyib.

 

Maraqlıdır, Nikol Paşinyanın müharibə "həqiqətlərini" 3 ildən sonra ictimaiyyətə açıqlaması nəyə hesablanıb? Məzlum obrazına girən baş nazir əslində nə demək istəyirdi?

 

Mövzu ilə bağlı Qarabaqinfo.az-a danışan politoloq Qabil Hüseynli deyir ki, Paşinyan dünənki açıqlamaları ilə Azərbaycan Ordusunun şücaətini bir daha təsdiqləmiş olub.

 

“Paşinyan istintaq komissiyasının yaradılmasını özü istəyib. O, daha çox çalışır ki, revanşist qüvvələr tərəfindən ünvanına yönləndirilən xəyanət iddiasını istintaq yolu ilə aradan qaldırsın. Dediklərində müəyyən həqiqətlər də var. Ancaq çıxışlarının çoxu özünü müdafiə etməyə həsr olunub. Onun söylədiklərindən iki mühüm nəticə çıxardım. Birincisi, Paşinyanın açıqlamalarından görünür ki, Ermənistan ordusu müharibə vaxtı döyüşə hazır olmayıb, Azərbaycan Silahlı Qüvvələrinin zərbələri qarşısında aciz vəziyyətə düşüb, şəxsi heyətdə mənəvi-psixoloji durum bərbad vəziyyətdə olub. Paşinyan özü də etiraf edir ki, ermənilər Azərbaycan Ordusu ilə qarşılaşdıqda mövqelərini qoyub qaçırdılar. Qarşı tərəfdə 11 min fərarinin olması da bunu təsdiq edir. Əslində Ermənistanın baş naziri bir növ Azərbaycan Ordusunun gücünü, Ermənistanın isə zəifliyini etiraf edir.

 

İkinci mühüm məqam isə ondan ibarətdir ki, Rusiya ilk vaxtlardan müharibənin dayandırılması üçün cəhdlər edib. Putin dəfələrlə Azərbaycan Prezidentinə atəşkəslə bağlı çağırışlar edirdi, ancaq Ermənistan tərəfinin təxribatları nəticəsində atəşkəs qüvvəsini itirirdi. Hətta Paşinyanın dediyinə görə, 7 oktyabrda Putin ona zəng edərək, atəşkəs rejimi üçün müəyyən şərtlərin olduğunu və bu məsələdə razılığı olub-olmadığını soruşub”,- deyə sabiq dövlət müşaviri bildirib.

 

 

Q.Hüseynli vurğulayıb ki, Rusiya müharibə vaxtı Ermənistanı müdafiə etmək üçün dəridən-qabıqdan çıxırdı:

 

“Paşinyan özü müharibə vaxtı Putinə 60 dəfə zəng etdiyini etiraf edib. Onun digər ölkələrin prezidentləri ilə danışıqları da olub. Lakin bundan belə bir qənaətə gəlmək olar ki, Rusiya Ermənistanı müdafiə etmək üçün dəridən-qabıqdan çıxıb. Qardaş Türkiyənin dəstəyi ilə Putinin Azərbaycana yönəlik cəhdlərinin qarşısını müəyyən qədər ala bildik. Rusiya bu gün də atdığı addımlarla sülhyaratma prosesinə maneəçilik törətmək istəyir. Aydın görünür ki, müharibə meydanındakı əməliyyatlarla bağlı ciddi monitorinq aparılmayıb. İstər separatçıların başçısı Araik Arutyunyan, istərsə də ordu nümayəndələri Paşinyanı aldadırmış. Xüsusilə bu məsələ Şuşanın Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunması zamanı özünü büruzə verib. Azərbaycan Ordusu Zarıslı istiqamətində erməni müdafiəsini yardıqdan sonra Ermənistan çıxılmaz vəziyyətə düşüb. Paşinyan qeyd edir ki, döyüş meydanından məlumatlar aldıqdan sonra Şuşanın Azərbaycan tərəfindən azad olunduğunu anlayıb. Bütün bu açıqlamalarla Paşinyan erməni ordusunda olan vəzifəlilərin həqiqəti gizlətdiklərini söyləyir”.



Xəbəri paylaş

188 dəfə oxunub.

Digər xəbərlər