Tarix: 16-06-2023 | Saat: 11:17
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Sülh prosesinə, ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına zərbə vurmaq üçün hərəkətə keçilib
İyunun 15-də səhər saatlarında Ermənistan ərazisindən Laçın dövlət sərhəd-buraxılış məntəqəsinin atəşə tutulması və nəticədə burada xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması məqsədyönlü təxribatdır. Sirr deyil ki, son vaxtlar Azərbaycanla Ermənistan arasında sülh danışıqları daha da intensivləşib və irəliyə doğru bir sıra addımlar atılıb. Ermənistanın baş naziri Nikol Paşinyanın ötən ay “İrəvanın tanıdığı 86,6 min kvadrat kilometr Azərbaycan ərazisinə Qarabağ da daxildir” bəyanatı, ardınca baş tutan təmaslar, Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatılması, burada aparılan ayaqüstü danışıqlar, mətbuata yayılan xoş auralı fotolar sülh sazişi üzrə gedən danışıqların perspektivləri ilə bağlı müsbət rəy yaradıb. Nəhayət, Ermənistanın siyasi iradə nümayiş etdirəcəyinə, artıq rəsmi olaraq bəyan etdiklərinin kağız üzərində həkk olunacağına ümid artıb.
Belə bir məqamda sərhəddə təxribatın baş verməsi sıradan bir hadisə sayıla bilməz və Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı məqsədyönlü təxribat törətməsinin arxasında hansı qrupların dayandığı gün kimi aydındır. Azərbaycanla Ermənistan arasında gedən danışıqların intensivləşməsi, sülh prosesinin irəliləməsindən Rusiyada müəyyən dairələr, həm də Ermənistandakı rusiyapərəst qruplar ciddi narahatlıq keçirir. Rusiya illərdir Ermənistan üzərində birmənalı təsirini, eyni zamanda bölgədə mövcudluğunu məhz Qarabağ münaqişəsi üzərindən saxlayıb. Görünən odur ki, indiki məqamda sülh sazişinin imzalanması Rusiyanın maraqlarına uyğun deyil. Zaman daraldıqca Rusiyanın Qarabağda müvəqqəti olaraq yerləşdirilən sülhməramlılarının bölgədə daha uzun müddət qalması üçün bütün mümkün yollara, təxribatlara baş vuracağı da şübhə doğurmur.
Ermənistanın daxilindəki rusiyapərəst qüvvələr də analoji mövqedən çıxış edərək, Rusiyanın bölgədə mövcudluğunu qorumaq üçün sülh sazişinin əngəllənməsinə çalışırlar. Bəllidir ki, Ermənistanın müxtəlif strukturlarında, xüsusilə hərbi sahədə rusiyapərəst qruplar var. Mövqeləri güclü olan bu qrupun hər vəchlə sülhün bərqərar edilməsinə, ermənilərin inteqrasiyasına, bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına zərbə vurmağa çalışdığı və bundan sonra da təxribatlara əl atacağı mümkündür.
Bütün bunlar sərhəddəki təxribatın sırf sülh prosesinə zərbə vurmaq məqsədilə törədildiyinə böyük əminlik yaradır.
Ermənistandakı rusiyapərəstlər həm də Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün yaranmış əlverişli şəraitdən narahatdır. Rəsmi Bakının Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsində birmənalı mövqe tutması, bunun üçün bütün mümkün addımları atmaq üçün hazır olduğunu dəfələrlə bəyan etməsi, atılan müəyyən əməli addımlar yaxın zaman kəsiyində Qarabağda yaşayan ermənilərlə bağlı irəliləyiş əldə oluncağını qaçılmaz etməkdədir.
Rusiyapərəstləri Laçın sərhəd-buraxılış məntəqəsi ilə bağlı aparılan kampaniyanın, guya Azərbaycanın Qarabağ ermənilərini blokadada saxlaması ilə bağlı aylardır sürdürülən və yalan üzərində qurulan kampaniyanın nəticəsizliyi də qeyzləndirməmiş deyil. Yalançı təbliğata rəğmən, əsl reallığı ört-basdır etmək mümkün omayıb. Əsl reallıq isə odur ki, bu il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində qurulan Laçın sərhəd-buraxılış məntəqəsindən nəqliyyat vasitələrinin və Qarabağ iqtisadi zonasında yaşayan erməni millətindən olan ölkə vətəndaşlarımızın təhlükəsiz keçidi tam təmin edilir. Məhz bu sərhəd-buraxılış məntəqəsinin atəşə tutulması, təxribat üçün bu məkanın seçilməsi keçiddən maneəsiz istifadə edən mülki əhalini qorxutmaq, ajiotaj yaratmaq, sülhü prosesini əngəlləmək məqsədi güdür. Son vaxtlar Ermənistanla sərhədin müxtəlif yerlərində atəşkəsin pozulması da sülh sazişinə zərbə vurmaq planının tərkib hissəsidir.
Fəqət, bu təxribatların öz məkrli hədəfinə çatacağı ehtimalı heçə bərabərdir. İstər Azərbaycan, istərsə də Ermənistan cəmiyyəti bu təxribatların nəyə hesablandığını anlamaqdadır. Soyuqqanlı siyasət regionda sülhün və inkişafın təmininə təhlükə yaradan bu kimi çirkin əməllərin hədəfinə çatmasını əngəlləyəcək.
Sərhəddəki təxribat isə təbii ki, cavabsız qalmayacaq və Azərbaycan hüquqi müstəvidə prosesi yürütməklə yanaşı, sülh prosesi ilə bağlı danışıqları zərbə altına qoymayacaq adekvat addımlar atacaq. Artıq Azərbaycanın müvafiq orqanları məsələ ilə bağlı cinayət işi qaldırıblar və Laçın nəzarət-buraxılış məntıqəsindən keçid dayandırılıb. Azərbaycan baş vermiş terrorda əli olanların tapılması və məsuliyyətə cəlb olunması üçün bütün müvafiq tədbirləri görəcək.
Digər xəbərlər