Son vaxtlar mətbuatda şou xarakterli mövzulara daha çox müraciət olunur. Bu isə birmənalı qarşılanmır.
Son illər insanlar sosial şəbəkələrdə, özəl telekanallarda, xəbər saytlarında bayağı, şou xarakterli məlumatların efirə getməsini sərt tənqid edir. Buna baxmayaraq, bu cür xəbərlər günü-gündən yeniləri ilə əvəzlənməkdədir. Bu barədə iradlara isə "cəmiyyət bizdən bunu tələb edir" cavabı verilir.
Bəs görəsən, jurnalistlərin bu yolu tutmasına və şou xarakterli yazılara üstünlük vermələrinə səbəb nədir? Niyə jurnalistlər cəmiyyəti öz arxasınca apara bilmir?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirib ki, bir xəbərin çox oxunması onun sanballı olduğu anlamına gəlmir:
"Hollivud filmlərinə nəzər salaq, Stalone, Şvartsneger, Van-Dammın rol aldığı savaş filmlərinə daha çox adam baxır, amma ciddi filmlərin o qədər də böyük izləyici kütləsi olmur. Bununla yanaşı, Oskar mükafatına heç vaxt nə Stalone, nə Şvartsneger, nə də Van-Damm nominant olub. Ora tamam başqa, ciddi sənət əsərləri və ciddi rollar oynayan aktyorlar nominant olub və mükafatı qazanıb.
Elə aktyorlar var ki, güclüdür, amma Stalloneni daha çox adam tanıyır, bu o demək deyil ki, Stalonne həmin aktyordan da güclüdür¸ sənətkardır. Xeyr, o, sadəcə olaraq populyardır. Populyarlıqla ciddilik isə tamam ayrı-ayrı şeylərdir.
Bu cür müqayisə həmçinin mətbuata da aiddir. Məsələn, İngiltərədə "Financial Times" qəzetinin tirajı çox olan, orada sarı mətbuat adlanan mətbu orqanları var ki, onların tirajı "Times"dan, "Financial Times"dan qat-qat çoxdur, amma "Financial Times"da sabah elə bir yazı çıxa bilər ki, o yazı Britaniya nazirlər kabinetində dəyişikliyə səbəb ola bilər. Yəni bu sanbal, ciddilik məsələsidir".
Əməkdar jurnalistin sözlərinə görə, artıq cəmiyyət jurnalistlərə əvvəlki qədər əhəmiyyət vermir:
"Bizdə sadəcə olaraq kliklərə fikir verirlər. Hətta media reyestrinə düşməkdən ötrü gərək gündə 20 xəbər yazasan. Ola bilər ki, mən saytımda 20 xəbər vermirəm, amma 2 dənə sanballı araşdırma yazısı verirəm. Hansı ki, o araşdırma 20 yox, 120 xəbərə dəyər. Amma həmin yazıları iki xəbər kimi dəyərləndirirlər.
Belə şeylər çoxdur və jurnalistlərin cəmiyyəti arxasınca aparması üçün əməlli-başlı, ciddi jurnalistika olmalıdır. Bizdə də təəssüf ki, jurnalistika demək olar ki, yoxdur. Jurnalistikamızı məhv etmişik. Ona görə də cəmiyyət jurnalistlərə artıq o qədər də əhəmiyyət vermir".