Saytımızı qiymətləndirin


 
 

“O hakim dedi ki, karyerası boyu bəraət verməyib, verə də bilməz”
Tarix: 24-05-2023 | Saat: 15:46
Bölmə:Karusel | çapa göndər

o-hakim-dedi-ki-karyerasi-boyu-beraet-vermeyib-vere-de-bilmez

Bakı sakini Şahbala Binyətov oğlu Röyal Şahmuradovun əsassız yerə həbs olunduğunu iddia edir.

“Qafqazinfo”ya müraciət edərək problemin işıqlandırılmasını istəyən vətəndaş məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqinə və məhkəməyə qarşı ittihamlar səsləndirib.

 

O deyir ki, oğluna tanışı Elşən Quliyevə bıçaqla xəsarət yetirməsinə dair saxta ittiham tərtib olunub: “Hadisə 3 il əvvəl baş verib və o vaxtdan biz polisdə, məhkəmələrdə sürünürük. Məsələ belədir ki, oğlum dostu ilə şəhərdə olarkən başqa bir tanışı zəng edib ki, “Azadlıq” metrostansiyası tərəfdəki kafelərdən birində dostu çoxlu spirtli içki qəbul edib. Xahiş ediblər ki, gəlin, onu evlərinə aparın. Oğlum da yoldan qayıdıb ora. Elşənin yanına gedəndə o, içkinin təsirindən oğluma və digər şəxsə söyüşlər söyüb. Daha sonra Elşən əsəbiləşərək özünə xəsarət yetirib.

Hadisədən bir neçə gün sonra oğlum polisə dəvət olundu, izahatını alıb buraxdılar. Bir müddət sonra ikinci dəfə də dəvət olundu və bu dəfə həbs edildi. İşgəncələrə baxmayaraq, heç bir izahata qol çəkmədi və etmədiyi günahı boynuna götürmədi. Dostu Elşən də ifadə verdi ki, özüm-özümə xəsarət yetirmişəm. Ekspert də təsdiq etdi ki, bu adam orada özü-özünə xəsarət yetirə bilərdi. Hadisəyə şahidlik etmiş Elşən Hüseynov da təsdiq edir ki, Röyal zərərçəkəni vurmayıb. Buna görə də Binəqədi Polis İdarəsinin müstəntiqi Eldar Abdullayev işə xitam verdi. Xeyli vaxt keçəndən sonra prokurorluq xitam qərarını ləğv etdi və oğlum 27.01.2021-ci ildə Bakı şəhər Baş Polis İdarəsi tərəfindən tutuldu. Xətai Rayon Məhkəməsinin keçmiş hakimi İbrahim İbrahimlinin qarşısına çıxardı. Hakim həbs qərarı verməkdən imtina etdi və oğlum sərbəst buraxıldı. Sonradan bu qərardan da Bakı Şəhər Prokurorluğunun verdiyi protesti Bakı Apelyasiya Məhkəməsi təmin etdi və oğlumu tutdular”.

 

Şikayətçi bildirir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyev tərəfindən baxılıb və 3 il 6 ay həbs cəzası verilib: “Siyavuş Hacıyev heç bir sübut olmadan, zərərçəkənin ifadəsini dinləmədən, sadəcə prokurorluqdan çəkindiyi üçün ədalətsiz qərar verdi. Dedi ki, mən karyeram boyu bəraət verməmişəm, verə bilmərəm. İndi mübarizəmizi Bakı Apellyasiya Məhkəməsində davam etdiririk. Hakimlərə bildirmişik ki, “axtarışda olan şəxsin tutulması haqqında protokol” saxtadır. Orada olan imzalar adları qeyd olunan müəlliflərə aid deyil.

Digər tərəfdən oğluma məxsus olduğu deyilən “070 210-XX-XX” mobil telefon nömrəsi mövcud olmayıb. Müstəntiq Rüfət Allazov deyir ki, həmin mobil telefon nömrəsi Şahmuradov Röyal Şahbala oğlu tərəfindən şəxsiyyət vəsiqəsi təqdim olunmadan və öz adına qeydiyyata alınmadan əldə olunub və istifadə edilib. Lakin “Azerfon”dan sorğumuza verilən cavaba görə, o nömrə, ümumiyyətlə, mobil şəbəkədə heç vaxt mövcud olmayıb. Belə olan halda ibtidai istintaqın irəli sürdüyü ittihamın əsassız olması birbaşa görünür.

Röyal aprel döyüşlərinin iştirakçısıdır. Digər oğlum isə Vətən Müharibəsi qazisidir. Xahiş edirəm, bu cinayət işində heç bir mötəbər sübutun olmadığı, oğlum Röyalın cinayət törətməməsi aydınlaşdırılsın və oğlumun tezliklə azadlığa çıxmasına kömək olunsun”.

Vətəndaşın polis müstəntiqi barəsində bağlı səsləndirdiyi iddialarla bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. DİN Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev sorğumuza cavab olaraq bildirdi ki, iddialar şəxsi mülahizələrdir: “İddialar müdafiə xarakteri daşıyır. Vətəndaş bununla bağlı sübutları istintaqa təqdim edə bilər. Bu, təqsirləndirilən şəxsin hüququdur”.

Məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə sorğu ünvanlasaq da, cavab verilməyib.



Xəbəri paylaş

180 dəfə oxunub.

Digər xəbərlər