Saytımızı qiymətləndirin


 
 

Günnüt əməliyyatı sübut etdi ki, Azərbaycan Ordusu Böyük Qələbələr qazanmağa qadirdir - FOTO
Tarix: 20-05-2023 | Saat: 11:41
Bölmə:Karusel / Region | çapa göndər

Günnüt əməliyyatı sübut etdi ki, Azərbaycan Ordusu Böyük Qələbələr qazanmağa qadirdir - FOTO

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən media qurumlarının nümayəndələrinin Naxçıvan Muxtar Respublikasına səfəri təşkil olunub.

Qarabaginfo.az xəbər verir ki, iki günlük səfərin əsas məqsədi isə Günnüt əməliyyatının 5 illiyi ilə bağlıdır. Səfərin ilk günündə media nümayəndələri işğaldan azad olunan Günnütdə olublar.

Ötən əsrin 90-cı illərində Şərur rayonunun bir çox kəndləri kimi Günnüt kəndi də aramsız düşmən hücumlarına məruz qalırdı. Həmin vaxt işğal məruz qalan kəndlərdü yaşayış binaları, həmçinin məktəb və qəbiristanlıqlar erməni vandalları tərəfindən dağıdılaraq xarabalığa çevrilmişdi. Günnütün də bu aqibətlə üzləşməsi nəticəsində kənd əhalisinin əksəriyyəti Mahmudkəndə köçməyə məcbur qalmışdı.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin tapşırığı əsasında 2018-ci il mayın 20-dən 27-dək Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Qaravağa dağı azad olundu. Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Ümumilikdə, 11 min hektar ərazi olmaqla, sağ cinahda Ağsal dağı-Qaraqaya dağı istiqamətində 459, mərkəzdə Danzik-Qızılqaya dağı istiqamətində 1089, sol cinahda Ardıc dağı-Kömürlü dağı istiqamətində 1184 hektar ərazi bölmələrimizin nəzarətinə keçib. Sağ cinahda 1242, mərkəzdə 2291, sol cinahda 3107 və Qarağac-Həsənqulubağ dağı istiqamətində 1200 hektar ərazinin təhlükəsiz istifadəsi təmin edildi. Ələ keçirilən ərazilərin 8 min hektardan artığı kənd təsərrüfatı, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı sahələrdir. Dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə İrəvan-Yexeqndazor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir.

Günnüt əməliyyatının iştirakçılarından olan hərbi qulluqçu Tural Həşimli deyir ki, 2018-ci ilin may ayında həyata keçirilmiş Günnüt əməliyyatı zamanı Əlahiddə Ümumqoşun Ordunun əsas hədəfi o zaman Naxçıvan Muxtar Respublikasının ərazisində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinə yaxın kəndlərdə yaşayan və qarşı tərəfin atəşinə daim məruz qalan dinc Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək idi: “Bunun üçün komandanlıq tərəfindən bölmələrimiz qarşısında erməni hərbi birləşmələrinin atəş nöqtələrini zərərsizləşdirmək, hakim yüksəklikləri və strateji əhəmiyyətli mövqeləri azad edərək nəzarətə götürmək tapşırığı verildi. Dövlətimizin başçısı cənab İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Azərbaycan bir qarış torpağını da düşmənə güzəştə getməyəcək və Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu ola bilməz. Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi Günnüt əməliyyatı da bunun əyani sübutlarından biri oldu”.

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçusu Unutmaz Əsədovun fikrincə, Günnüt əməliyyatı şanlı tariximizin parlaq səhifələrindən biridir: “2018-ci il mayın 20-dən 27-dək Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olunub. Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan Ordusunun nəzarəti altına keçib. Əməliyyat nəticəsində 11.000 hektarlıq ərazi azad edilib. Bu əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Keşişkənd-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verib. Artıq 5 ildir ki, qürurla qeyd etdiyimiz Günnüt Zəfəri, Aprel döyüşləri, Tovuz döyüşləri və nəhayət Vətən müharibəsində Şanlı Zəfərimiz Azərbaycanda xalq-dövlət-ordu birliyinin real nümayişi və hərbçilərimizə fəxr, başucalığı gətirən şanlı tariximizin parlaq səhifələrindən biridir. Günnüt əməliyyatı zamanı əldə edilən uğur Ermənistan ordusunun şəxsi heyətinin, hətta Ermənistan əhalisinin vahiməyə düşməsinə səbəb oldu. Yəni, Azərbaycan hərbçilərinin peşəkarlığı öz sözünü dedi”.

Ərazinin etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi və təminat-təxliyə məqsədi ilə Günnütdə yollar bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün ətrafdakı hakim yüksəkliklərdə müdafiə mövqeləri qurulub. Müdafiə rayonunun qorunmasının təşkili məqsədilə burada mühəndis-istehkam tədbirləri görülüb, postlar arasında dayanıqlı rabitə əlaqəsi yaradılıb.

Günnüt əməliyyatı zamanı uğur qazanmağımızın digər səbəbi Əlahiddə Ümumqoşun Ordunun bütün bölmələrinin tək vücud, döyüş uzlaşmasının düzgün təşkilidir. Döyüş təchizatının durmadan təmin olunması, ehtiyatların vaxtında çatdırılması, qoşun xidmətinin düzgün qurulması, fasiləsiz rabitə, kəşfiyyat və radioelektron mübarizənin effektiv fəaliyyəti, tibbi xidmətin yüksək səviyyəsi, yerli icra orqanları və ictimaiyyətlə əlaqələrin düzgün təşkili əməliyyatın uğurlu olmasında mühüm rol oynadı.

Hərbi ekspert Zaur Yusifovun fikrincə, Günnüt əməliyyatını səciyyələndirən daha bir amil Ordumuzun mənəvi gücünün nümayişi idi: “Keçirilən uğurlu əməliyyat göstərdi ki, Ordumuzun nailiyyətlərinin təməlində məhz şəxsi heyətin mənəvi-psixoloji cəhətdən güclü olması durur. Döyüşlərə cəlb edilən bölmələrimizin şəxsi heyəti döyüş tapşırığını uğurla yerinə yetirmək üçün canını, qanını, gücünü və qüvvəsini əsirgəmədi. Hər kəs əməliyyatda iştirak etməyə, qələbədə azda olsa əməyinin olmasına çalışırdı. Bununla yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Günnüt əməliyyatına verdiyi yüksək qiymət Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti üçün qürur mənbəyidir. Dövlətimizin başçısının verdiyi qiymət və əməliyyatla bağlı səsləndirdiyi fikirlər hərbçilərimizi daha böyük uğurlara, Vətənə, xalqa, hərbi anda sonsuz sədaqətlə xidmət etməyə ruhlandırır”.

Hərbi ekspert Bəhruz Rüstəmov bu qələbəni Ordumuzun döyüş hazırlığının yüksək olması ilə əlaqələndirir: “Günnüt əməliyyatı da Ordumuzda və onun tərkib hissəsi olan Əlahiddə Ümumqoşun Orduda mövcud yüksək döyüş hazırlığının, peşəkarlığın real göstəricisidir. Ermənistan silahlı birləşmələrinin işğalı altında olan torpaqlarımızın azad edilməsi məqsədilə həyata keçirilən Günnüt əməliyyatı hərbi komandanlıq tərəfindən peşəkarlıqla hazırlanmış plan idi və uğurla nəticələndi. Plana uyğun olaraq əməliyyatın keçirilməsi məqsədilə aparılan hazırlıq prosesi tam məxfi şəraitdə icra olunmuşdu. Planın düzgün tərtib edilməsi, qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı ən kiçik nüansın, detalın nəzərə alınması və şəxsi heyətin peşəkarlığı sayəsində əməliyyat cəmi 1 nəfər şəhid verməklə Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələndi.

Qeyd edək ki, Günnüt əməliyyatında ordumuz yalnız bir şəhid verib - Adil Tatarov. Şəhidin adının əbədiləşdirilməsi üçün isə düşmənlə üz-üzə postlardan birinə məhz onun adı verilib: "Tatar postu".

Günnüt əməliyyatından danışarkən bu əməliyyatın mənəvi-psixoloji tərəflərini də qeyd etmək lazımdır. Günnüt əməliyyatının uğurla başa vurulması xalqımızın, Ordumuzun özünə inamını bir az daha artırdı. Aprel döyüşündən sonra yüksələn döyüş əzmi, torpaqların işğaldan azad edilməsi inamı Günnüt əməliyyatı ilə öz kulminasiyasına çatdı. Aprel döyüşü başlanğıc idisə, Günnüt əməliyyatı yekun müharibənin carçısı oldu. Şanlı Ordumuz 44 günlük müharibə zamanı tarixi qələbə qazandı. Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun muxtar respublikanın şimal-qərb hissəsində keçirdiyi əməliyyatların hərbi tərəfi olduqca əhəmiyyətlidir. Bu, həm də hərbi uğurun olduqca əhəmiyyətli siyasi komponentini ortaya qoyaraq regionda yeni reallıqlar yaratmağa başladı. Eyni zamanada, qazanılan uğur Naxçıvan ordusunun yüksək təşkilatlanması, hazırlığı, texniki və döyüş imkanlarının bir daha təsdiqi deməkdir. Ordunun bu əməliyyatları həyata keçirərkən son dərəcə yüksək təşkilatçılıq və peşəkarlıq qabiliyyəti ilə fərqlənməsi mühüm nüasnlardan biridir. Çünki bu qədər geniş və dağlıq ərazidə həyata keçirilən əməliyyat, ona cəlb olunan ordu birləşmələri, texnika və sair bu kimi məqamların peşəkarlıqla yekunlaşdırılması heç də asan deyil. Həyata keçirilən bu əməliyyatın yalnız sonunda ictimaiyyə məlumat verilməsi isə hər zaman müsbət hal kimi xatirələrdə qalacaq.

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrində demək olar ki, hər gün müxtəlif mövzularda taktiki-xüsusi təlimlər keçirilir. Səfər çərçivəsində xüsusi təyinatlıların şəhər döyüşləri, bina əməliyyatlar, şərti olaraq helikopterin qarşılanması, düşmən ərazisinə endirilməsi və qrupun çıxarılması, sərt qayalıqdan enişlər, qayadan qayaya keçidlər, əlbəyaxa döyüşlər və bicaqatma məşğələləri nümayiş etdirilib.

Səfərin ikinci günündə Günnüt əməliyyatının 5 illiyi ilə bağlı Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində “Qarabağa gedən yol” adlı ədəbi-bədii tədbir keçirilib. Naxçıvan Qarnizonu tam orta məktəbinin pedaqoji və şagird kollektivi, Heydər Əliyev adına Hərbi Liseyin kursantları, hərbi qulluqçular və ictimaiyyət nümayəndələri iştirak etdiyi tədbirdə Günnüt əməliyyatında iştirak edən hərbi qulluqçular qazandıqları zəfər barədə söhbət açıb, xatirələrini danışıblar. Bildirilib ki, 2016-cı il Aprel döyüşləri Azərbaycan Ordusunun hərbi qüdrətini göstərdisə, 2018-ci il Günnüt əməliyyatı zamanı qazanılan stareji yüksəklik və ərazilər Azərbaycan Ordusunun nə qədər böyük manevr qabiliyyətinə malik olduğunu təsdiq etdi. Beləliklə, döyüş meydanında təcrübə qazanan ordumuz Vətən müharibəsində düşməni məğlub edərək torpaqlarımızı işğaldan tam azad etdi.

Tədbirdə Günnüt əməliyyatında şəhid olan Adil Tatarov haqqında, eyni zamanda ordumuzun qüdrətindən bəhs edən videoçarxlar nümayiş olunub, əsgər və şagirdlər vətənpərvərlik ruhunda mahnılar səsləndirib, şeirlər qiraət ediblər.

Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu prosesi davamlı xarakter daşıyır. Hər il yeni əsgəri-məişət-yaşayış kompleksləri tikilir, hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, şəxsi heyətin döyüş və mənəvi hazırlığı diqqətdə saxlanılır. Təsadüfi deyil ki, ötən dövrdə muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilmiş tədbirlər çərçivəsində yüzlərlə hərbi obyekt tikilərək yaxud yenidən qurularaq istifadəyə verilib. Əlahiddə Ümumqoşun Orduda real döyüş şəraitinə uyğun inşa edilən təlim sahəsində atış çalışmalarının, müxtəlif ixtisaslar üzrə dərs və məşğələlərin keçirilməsi, döyüş tapşırıqlarının tədris olunması, eləcə də praktiki məşq etdirilməsinin nəzərdə tutulub.

Naxçıvan şəhərində fəaliyyət göstərən açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyində müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş 26 adda silah, texnika və qurğular – haubitsa, top və minaatanlar, hava hücumundan müdafiə üzrə döyüş maşınları, zenit raket və qurğuları, “Mi-8T” döyüş-nəqliyyat helikopteri, yerqazan və maneələğvetmə maşınları, tanklar, piyadanın döyüş maşınları, zirehli transportyor və döyüş kəşfiyyat maşınları, dartıcılar, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər nümayiş olunur.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Günnüt əməliyyatını xüsusi qeyd edərək vurğulamışdı ki, Naxçıvan Ümumqoşun Əlahiddə Ordusunun döyüş qabiliyyəti yerindədir və uğurlu Günnüt əməliyyatı - 5 il bundan əvvəl keçirilmiş əməliyyat bunun bariz nümunəsidir. O əməliyyat Ermənistanda hakimiyyət dəyişikliyinə təsadüf etdi, ona görə, hakimiyyətə gəlmiş yeni iqtidar bunu bir növ ört-basdır etməyə çalışdı. Biz də heç üstünü vurmadıq. Çünki bizə hansısa təbliğat yox, real iş lazımdır. Biz çox önəmli strateji yüksəklikləri Ermənistan ordusundan təmizlədik, o yüksəklikləri əldə etdik. Bu yüksəkliklər imkan verdi ki, biz artıq strateji kommunikasiyalara tam nəzarət edirik və Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət edirik. İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edilməsində kömək göstərdi. Qarşı tərəf bilir ki, bizim nəzarətimizdə olan bu kommunikasiyalar istənilən vaxt kəsilə bilər və əlbəttə, öz addımlarını buna uyğun atmalıdır. Günnüt əməliyyatı Naxçıvan Ordusunun potensialını göstərdi, Azərbaycan Ordusunun potensialını göstərdi. İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda, mən onu da bildirməliyəm, yəni, artıq bildirə bilərəm ki, Naxçıvan Ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə göndərilmişdir. İndi biz həmin o silah-sursatların ehtiyatlarını təmin edirik, ancaq bu da olub. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır”.

Doğrudan da Günnüt əməliyyatı bir daha sübut etdi ki, Azərbaycan Ordusu istənilən vaxtda Böyük Qələbələri qazanmağa qadirdir. Necə ki, bunu 44 günlük Vətən Müharibəsində sübut etdi. Ümummilli Liderimiz Heydər Əliyevin də dediyi kimi: “Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır”.(Apa)



Xəbəri paylaş

172 dəfə oxunub.

Digər xəbərlər