Tarix: 11-05-2023 | Saat: 16:07
Bölmə:Karusel / Siyasət | çapa göndər
Azərbaycan və Ermənistan liderlərinin mayın 14-də Belçikanın Brüssel şəhərində görüş keçirəcəyi təsdiqlənib. Azərbaycan Xarici İşlər Nazirliyinin bu gün yaydığı məlumatda rəsmi Bakının Brüssel görüşünə razılıq verdiyi bildirilib.
"Azərbaycan tərəfi ötən il baş tutmamış və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə may ayında yenidən bərpa olunması planlaşdırılan Brüssel görüşünə razılıq verib. Eyni zamanda, Kişinyovda Avropa Siyasi İcmasının növbəti iclası çərçivəsində Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilməsi təklif olunub. Azərbaycan tərəfi öz növbəsində, Brüssel formatını əvəz etməmək və bu formatı dəyişdirməmək şərtilə Kişinyovda qeyri-formal görüşdə Azərbaycan tərəfinin iştirakının mümkün olduğunu bildirib. Bununla yanaşı, sözügedən görüşün təfərrüatları barədə müfəssəl məlumat verilmədiyi nəzərə alınaraq, Kişinyov görüşündə iştiraka dair yekun razılıq hələlik mövcud deyil", - deyə XİN-in məlumatında qeyd olunub.
Bu gün sərhəddə baş vermiş hərbi təxribat fonunda Brüssel görüşünü Qarabaqinfo.az şərh edən politoloq İlqar Vəlizadənin sözlərinə görə, ilk dəfədir ki, tərəflərlə vasitəçilərin maraqları üst-üstə düşür.
"Sonuncu görüşdən sonra ABŞ nümayəndələri danışıqlarda müəyyən irəliləyişin olduğunu söyləmişdi. Biz Vaşinqton görüşündə tərəflər arasında danışıqların intensivləşdiyini gördük. Ümumiyyətlə, həm Azərbaycan və Ermənistan, həm də vasitəçilər üçün Brüssel formatında görüşün olması vacibdir. Mən düşünürəm ki, uzun müddətdən sonra ilk dəfə olaraq tərəflərin və vasitəçilərin maraqları üst-üstə düşür. Lakin iki mövzu var ki, hələ də bu məsələlər üzərində ziddiyyətlər mövcuddur. Əgər bunlar həll olunsa, sülh müqaviləsi imzalanacaq. Bu məsələlər Ermənistanın ərazi bütövlüyümüzü tanıması və daxili işlərimizə qarışmamasıdır. Yəni Azərbaycan hər danışıqda bu iki mövzunu açıq şəkildə Ermənistan tərəfinin qarşısına qoyur. Paşinyan və komandasının Azərbaycanın daxili işinə qarışmaması, onların dövlətimizin Qarabağda yaşayan ermənilərlə aparacağı danışıqlardan kənarda qalması deməkdir", - deyə politoloq bildirib.
İ.Vəlizadə vurğulayıb ki, Ermənistan sülh müqaviləsinə Qarabağ erməniləri ilə danışıq mexanizminə aid hər hansı bir maddə əlavə edə bilməz:
"Hazırda bizim əsas məqsədimiz bundan ibarətdir. Ermənistan ərazi bütövlüyümüzü tanıdıqdan sonra eksklavlarla bağlı məsələlərə də aydınlıq gətirməlidir. Nə olur-olsun bütün eksklavlar Azərbaycana qaytarılmalıdır. Təbii ki, Ermənistanın da bir eksklavı, Başkənd bizim nəzarətimizdədir. Biz də həmin Başkənd kəndini onlara qaytara bilərik. Bütün bu proseslər qarşılıqlı şəkildə həyat keçirilməlidir. Qeyd olunan məsələ ilə bağlı Ermənistanın mövqeyində müəyyən dəyişikliklər görə bilərik. Yəni bütün bu məsələlər öz həllini tapsa, sülh müqaviləsi imzalanacaq. Müəyyən fikirlər var ki, sülh sazişi imzalansa, Rusiyanın rolu azalacaq. Əslində bu fikir yanlışdır. Azərbaycan Rusiyanı başa salmağa çalışır ki, onların bu formada qalması mövqeylərinin zəifləməsinə gətirib çıxarır. Çünki tərəflər Rusiyanın hazırki mövqeyini qəbul etmir. Azərbaycan da, Ermənistan da sülhməramlıların fəaliyyətindən narahatdır. Danışıqlar nəticə versə, Rusiya bütün hallarda öz aktuallığını qoruyub saxlayacaq.
"Məsələn, kommunikasiyaların açılması kimi məsələlərdə Rusiyanın xüsusi rolu olacaq. Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsində təhlükəsizliyi Rusiya sülhməramlıları qoruyacaq. Digər tərəfdən bu yol istifadəyə verilsə, oradan keçən yüklərin əksəriyyəti Rusiyaya məxsus olacaq. Proseslər Rusiyanın xeyrinə olacaq. Ümumi olaraq isə tərəflərin bir araya gəlməsi ümidvericidir. Danışıqlar bu qədər intensiv getsə, sülh sazişinin ilkin addımı kimi hesab oluna biləcək sənəd hazırlana bilər", - deyə politoloq qeyd edib. modern.az
Digər xəbərlər